"2020-ci ilin 27 sentyabrda ikinci Qarabağ savaşı başlayan gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanatla çıxış etdilər və Ali Baş Komandanın, Azərbaycan ordusunun, əsgərinin yanında olduqlarını nümayiş etdirdilər”. Bunu SİA-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsi dövrdə siyasi partiyaların Azərbaycan dövlətinin yanında olduğunu nümayiş etdirilən birgə bəyanatı olmuşdur: “Təəssüflə olsun ki, o zaman da bəzi siyasi təşkilatlar bu prosesdən özlərini kənarda saxladılar. Sonradan bu və ya digər formada mövqelərini bildirdilər, amma ümumi prosesə qoşulmadılar. Dünən də Azərbaycan ordusu tərəfindən məcburi surətdə antiterror tədbirləri başlandığı gün yenə də Azərbaycanda fəaliyyət göstərən 23 partiya birgə bəyanatla çıxış etdi və analoji mövqe sərgilədilər. Hər zaman olduğu kimi, bu dəfə də adı çəkilən üç partiya AXCP, Müsavat və Real ümumi prosesə qoşulmadı və ayrı-ayrılıqda məsələyə münasibətlərini bildirdilər. Hesab edirəm ki, bu olduqca yalnış yanaşmadır və birgə bəyanatda hər hansı bir söz və cümləni bəhanə gətirərək ümumi prosesə qoşulmamaq heç bir siyasi təşkilata baş ucalığı gətirmir, bunu yalnız bəhanə kimi qəbul etmək olar”.A.Əlizadə onu da qeyd etdi ki, dövlət və milli maraqlar olan yerdə bütün digər maraqlar siyasi, partiya və şəxsi maraqların hər biri arxa plana keçməlidir: “Vahid mövqedən çıxış olunmalıdır. Çünki Azərbaycan bu gün düşmənlə üz-üzədir və üzərimizə istər Qərbdən, istər Şimaldan, istərsə də Cənubdan gələn güclər var. Bütövlükdə ayaq üstə durmaq üçün Azərbaycan cəmiyyətinin vahidliyinə, birliyinə çox böyük ehtiyac var. Belə kritik dönəm də bütün siyasi ambisiyaları kənara qoyaraq heç bir bəhanə gətirmədən Azərbaycan dövlətinin, ordusunun və əsgərlərin yanında olduğunu nümayiş etdirmək hər bir şəxsin və eləcə də siyasi qurumların, təşkilatların bilavasitə borcudur. Siyasi partiyalarda bu məsələdə nümunə olmalıdırlar. Biz növbəti dəfə dünən bu nümunəni nümayiş etdirdik və Azərbaycan dövlətinin yanında olduğunuzu bəyan etdirdik. Bu prosesdə sona qədər dövlətimizə istənilən dəstəyi verməyə hazır olduğumuzu bir daha nümayiş etdirdik”.
Müəllif: Gülyana