Ölkə başçısının cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində iştirakı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf etdiyinin bariz nümunəsidir. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son iki il ərzində cənab Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana səfərlər ediblər. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artmışdır. Cənab Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini, o cümlədən Tacikistanı xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklərə malik olmaları dövlətlərarası əlaqələrin də möhkəmlənməsinə səbəb olmuşdur. Müstəqil dövlətlər kimi qarşılıqlı iqtisadi və siyasi əlaqələri fəal şəkildə inkişaf etdirir, bir birlərinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirlər. Ölkələrimiz arasında ticarətin və sərmayələrin artımı, sənaye əməkdaşlığı, maşınqayırma, kənd təsərrüfatı sahələrində çoxsaylı layihələr həyata keçirilir. Bu gün türk xalqları arasında mənəvi birlik məsələsi yönündə aparılan siyasi iş öz əhəmiyyətini göstərməkdədir.Mərkəzi Asiya Dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət Başçısının dediyi kimi, “mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməliyik.Mərkəzi Asiyanın dost ölkələrindən olan Azərbaycanla Tacikistan arasında münasibətlərin tarixi uzaq əsrlərə təsadüf edir. Keçmiş ittifaq dövründə iki respublika arasında yaxşı münasibətlər qurulub. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Tərəflər arasında ikitərəfli siyasi münasibətlər müstəqillikdən sonra daha sıx və intensiv xarakter alıb. 2007-ci ilin avqust ayında Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küç. 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri