YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayon “H.B.Zərdabi pr.88a” (SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Neft strategiyası” adlı tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor müavini Bağır Süleymanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva və ərazi üzrə partiya üzvləri iştirak edib.Tədbirin rəsmi hissəsindən öncə SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutunun inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra İnstitutun inzibati binasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən şəkillərdən ibarət guşayə baxış keçiirlib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Heydər Əliyev və Neft strategiyası adlı videoçarx nümayiş olunub. İştirakçıları salamlayaraq tədbiri giriş nitqi ilə açan SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor müavini Bağır Süleymanov qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir və həmin ideyalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışda böyük siyasi xadim ulu öndər Heydər Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də gerçəkləşmiş “Əsrin müqaviləsi”nin imzalanmasında dünyanın ən məşhur neft şirkətlərinin iştirak etməsindən, “Yeni neft strategiyası” və doktrinasının əsasının qoyulmasından, bu müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsinin regional deyil, qlobal bir məsələyə çevrilməsindən, Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsinin 44 günlük Vətən müharibəsində Qələbənin qazanılmasına təsirindən bəhs olunub.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. B.Nəbiyev çıxışında 20 sentyabr 1994-cü il tarixinin əhəmiyyətini vurğulayaraq, Gülüstan sarayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə "Əsrin müqaviləsi"nin imzalanmasını ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisələrindən olduğunu qeyd edib. Bu tarixi hadisənin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından məhz 1 il sonra baş verdiyinə diqqət yetirərək, "Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycanın öz sərvətlərinə tam sahib olduğunu, Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirərək, Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradaraq xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açıldığını vurğulayıb. Eyni zamanda qeyd edib ki, dövlət qurumları ilə özəl şirkətlərin birgə əməkdaşlığının inkişafı istiqamətində şəraitin yaradılması mühüm addımlardan biri hesab olunur. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Ölkə əhalisi arasında aparılan müxtəlif sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir. Bildirilib ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfərin təməli məhz “Əsrin müqaviləsi” imzalandığı gün qoyulmuş və bu zəfər ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.
Bakı Biznes Universitetinin rektoru İbad Abbasov çıxış edərək vurğulayıb ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Elə dünya iqtisadi sektorunda ən stabil və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan müstəqil Azərbaycanın ötən iki onillikdə əldə etdiyi nailiyyətlər, sıçrayışlı inkişafı, yüksək sosial tərəqqi erası da məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olub. Müasir dövrdə bu istiqamətdə görülən işlərin əsasını isə heç şübhəsiz 20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” təşkil edir. Qeyd olunub ki, Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks institusional islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Bu mənada, demək olar ki, bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ümummilli liderimizin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır. Ulu öndər Heydər Əliyev yolu mustəqil Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Məhz son 19 ildə bu siyasətin ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.