PDF Oxu

Siyasət

  • 3 935

Antiterror tədbiri ilə bağlı MARAQLI MƏQAMLAR - TƏHLİL

image

Azərbaycanın Qarabağ iqtisadi rayonunun separatçılardan, terrorçulardan təmizlənməsi göründüyü kimi, ən qısa zamanda uğurla nəticələndi və artıq bəhrəsi də göz önündədir. Azərbaycan Ordusunun qarşısını kəsməyin mümkünsüzlüyünü başa düşən, rəşadətli ordumuzun hücumuna duruş gətirə bilməyən qanunsuz erməni silahlı dəstələri diz üstə çökmək məcburiyyətində qaldılar və görüş keçirmək, razılıq əldə etmək kimi bir qərar da bu baxımından anlaşılandır.

Diqqətə çatdıraq ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda antiterror tədbirlərinin birinci mərhələsi düşmənin dayaq məntəqələrinin, rabitə qovşaqlarının, hərbi texnikanın yerləşdiyi yerlərin, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsindən ibarət olub, müvafiq məqsəd daşıyıb. Məqsəd, mülki əhali arasında itkilərin qarşısını almaq, mülki əhali ilə bağlı itgi səviyyəsini azaltmaq olub. Burada da əsas rol oynayan dəqiq silahlardan istifadə etməklə hədəfi məhv etmək, zərərsizləşdirmək sayılır. Əlbəttə ki, bu, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin çox yaxşı hərbi-texniki səviyyəsini, peşəkarlığını və hazırlıqlı olmasını təsdiq edir. Həm də bu şəkildə düşünülmüş, ölçü-biçi ilə atılan addımlar zamanı mülki əhalinin zərər çəkməməsinə ümid etmək tam məntiqi sayılır və heç şübhəsiz ki, bunu da dünya ictimaiyyəti müşahidə etmiş oldu.

Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsi onu deməyə əsas verir ki, təhlükəsizliklə bağlı, ərazilərimizdə hərbi məsələlərlə əlaqədar hərhansı problemi həll etməyə hər zaman imkan var. Bunu əgər zamanında erməni separatçıları, aranı qarışdıran qanunsuz silahlı dəstələr nəzərə alsaydılar, sonuncu antiterror tədbiri zamanı itkilər verdiklərinin ardınca deyil, daha öncədən ağ bayrağı qaldırardılar. Əgər həqiqətən də həmin o qanunsuz silahlı dəstələr silahı zamanında yerə qoysaydılar onlar üçün daha yaxşı olardı və dəmir yumruq başlarına bir də endirilməzdi. Başa düşsəydilər ki, Bakı həm məqsədyönlü hərbi cavab üsullarını, həm də diplomatik resursları birləşdirərək hər zaman nailiyyətlər əldə edir, uduzmur, o halda məsələnin bura qədər davam etməsinə rəvac verməzdilər. Hər bir halda başlarına gələnlərə görə məsuliyyətin onların üzərinə düşdüyünün fərqindədirlər. Fərqində olmasalar belə, bizim üçün heç bir fərq etmir və biz öz ərazilərimizi qanunsuz silahlı dəstələrdən, terrorçulardan təmizləmək kimi suveren haqqın sahibiyik və buna da, dəfələrlə göründüyü kimi, qadirik.

Azərbaycanın atdığı addımlara görə beynəlxalq aləmin hansı reaksiya verməsi, yaxud bundan sonra hansı reaksiya verəcəyi də müzakirə mövzusudur. Maraqlıdır, mənfi reaksiya gözləməyə dəyərmi? Təbii ki, ABŞ və Fransadakı erməni lobbiçilərinin imkanları barədə məlumatlıyıq. Onu da nəzərə almalıyıq ki, indi lobbiçilərə maksimum dərəcədə həvalə olunub ki, onların mövqeləri güclü olan ölkələrdə İrəvanın xeyrinə istənilən siyasi və diplomatik effekt əldə etsinlər. Bu baxımdan da vəziyyət kompleks şəkildə ölçülməli, qiymətləndirilməlidir. Hər kəsə bəllidir və ilk növbədə, məhz bu nəzərə alınmalıdır ki, əməliyyat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində həyata keçirilib və ən əsas tezis də, cavab da elə budur. Digər tərəfdən də, axı Azərbaycan mülki deyil, hərbi hədəfləri nişana alıb və burada da qeyri-adi nə isə, yaxud, hansısa qanun pozuntusu yoxdur. Azərbaycan tərəfi hər zaman olduğu kimi, bu dəfə də hərbi cinayətlərə al atmayıb və ordumuzun öz məsuliyyətini çox yaxşı başa düşdüyü 44 günlük müharibədə də, sonuncu antiterror tədbirlərində də özünü göstərdi. Rəsmi Bakının tarixi irsi obyektlərin, dini tikililərin, mülki obyektlərin heç bir hərbi təsirə məruz qalmayacağını öncədən vurğulaması bu baxımdan diqqəti çəkən məqamdır. Diqqət çəkən odur ki, Azərbaycan heç zaman mülki obyektləri hədəf seçməyib və bundan sonra hansısa bir qarsıdurma olsa, halbuki bu, artıq böyük ehtimalla mümkün görünmür, yenə də eyni şəkildə mülki obyektlər hədəf olmayacaq. Çünki biz ermənilərdən fərqli olaraq, haqqımız uğrunda, torpaqlarımız, bizə məxsus olan dəyərlər uğrunda mübarizə aparırıq, onlara sahib çıxmaq üçün addım atırıq. Erməni cəmiyyətində iddia olunan həmin o qondarma etnik təmizləmə, soyqırım kimi bir niyyət olmayıb və yoxdur ki, beynəlxalq aləmdə ölkəmizə qarşı hansısa mənfi rəyə belə əsas olsun, amma Fransa kimi bir ermənipərəst Avropa ölkəsinin misalında məhz ermənilərə havadarlıq edənlər ortaya atılıb iddialarla çıxış edə bilərlər. Lakin bunun heç bir mənası ola bilməz, çünki Azərbaycan qanunsuz, yaxud beynəlxalq hüququn norma və prinsiplərini pozacaq heç bir addım atmayıb və bundan sonra da atmaq niyyətində deyil.

Azərbaycan tərəfinin motivasiyasının nədən qaynaqlandığı bəllidir, son antiterror əməliyyatları zamanı əldə etdilənlər, uğurlar hər cür tərifə layiqdir. Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə yüklər keçməyə başlayan kimi Qarabağ ermənilərinin Azərbaycanın hüquqi-siyasi məkanına praktiki olaraq reinteqrasiyasının nə dərəcədə əhəmiyyətli olduğunu və olacağını dərk edəcəklər. Görəcəklər ki, hər şey, hər bir addım bu məntiqi nəticəyə doğru aparıb və aparmaqdadır. Azərbaycanın hərəkətləri, atılan addımlar konkret nəticəyə əsaslanır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər də, beynəlxalq aləmdə bütün ermənipərəstlər də bunu başa düşməlidirlər. Başa düşsələr və vicdanla yanaşılsa hansısa ağız büzməsinə belə ehtiyac olmaz. Əksinə, hər kəs dərk edər və qiymətləndirər ki, Azərbaycan erməni əhalisinin reinteqrasiyası üçün hər şeyi etdi. Uzun müddət separatçıların özbaşınalıqlarına səbr və təmkinlə cavab verildi, sonda bundan sui-istifadə edildiyi müşahidə ediləndə cavab tədbirləri, ən doğru müvafiq addımlar atıldı.

Maraqlıdır, rəsmi İrəvan özü reaksiya verəcəkmi? Erməni əsilli soydaşlarının reinteqrasiyası üçün addımlar atıldığına erməni baş nazirin reaksiyası necə olacaq? Bəli, maraqlıdır, amma bizim üçün heç də vacib deyil ki, kimin reaksiyası necədir, yaxud, necə ola bilər. Maraqlı olan və qürur verən, sevindirən odur ki, Azərbaycan yenə də məsələni özü öz gücü, qüdrəti hesabına həll etdi və bunu da qanuni şəkildə reallaşdırdı. Heç bir beynəlxalq hüquq normalarını pozmadan, öz haqlı mövqeyindən çıxış edərək, Azərbaycan istədiyinə nail oldu və bütün bunla ölkəmizin suverenliyi, təhlükəsizliyi naminədir, buna qarşı çıxmaq ən yaxşı halda ədalətsizlik kimi qiymətləndirilə bilər.

Digər xəbərlər