Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının qarşıdan gələn 30 illik yubileyi ilə əlaqədar məsələləri qeyd edib. O bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynayıblar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. A.Süleymanov xalqımızın daim dövlətimizin başçısının ətrafında sıx birləşdiyini vurğulayıb. Bu həmrəyliyin bariz nümunələrindən biri də, məhz 44 günlük Vətən müharibəsində və sonuncu antiterror tədbirlərində öz təsdiqini tapdı. Qeyd edilib ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub. Rayon təşkilatının sədri çıxışının sonunda ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verib. Onları daha da fəal olmağa, rayon təşkilatının işində yaxından iştirak etməyə çağırıb.
Nəzakət Ələddinqızı