PDF Oxu

Siyasət

  • 2 070

Vətən müharibəsində birlik və həmrəyliyin nümunəsi TƏHLİL

Vətən müharibəsində birlik və həmrəyliyin nümunəsi TƏHLİL

Prezident İlham Əliyev: "Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi"

"Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir". Bu fikirləri sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Ölkəmizdə hökm sürən multikultiralizm və tolerant mühit, müxtəlif xalqların adət-ənələrinə, dininə hörmətlə yanaşma xalqımızın milli keyfiyyəti olmaqla yanaşı, humanizm dəyərlərinə, birgəyaşama mədəniyyətinə söykənir. Etnik qrupların sülh şəraitində yaşaması, bərabərhüquqlu fəaliyyətinə yaradılan zəmin multikulturalizmin Azərbaycan modelinin formalaşdığının göstəricisidir. Bu gün ölkəmizin demək olar ki, bütün ərazisində qeyri-xalqların nümayəndələri qarşılıqlı anlaşma və dialoq şəraitində vahid bir ailə kimi yaşayır və milliyyətindən asılı olmayaraq hər kəs bərabərhüquqludur. Humanizm prinsiplərinə əsaslanan ölkəmizdə insan ləyaqətinə xələl gətirən, ona zidd olan dinlərin yayılması və təbliğinə imkan verilmir. Mövcud qanunlar və mövcud mühit ölkəmizdə xristianların, yəhudilərin, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasına dəlalət edir. Paytaxt Bakıda, Qubada, Zaqatalada, Qusarda, Qaxda, İsmayıllıda və digər yerlərdə müxtəlif xalqların necə sülh, dostluq şəraitində yaşadığı diqqətdən yayınmır. Hər bir məkanda etnik qrupların icmaları, mədəniyyət mərkəzləri, öz etiqad və ayinlərini yerinə yetirmək üçün olan ibadətgahlar və s. fəaliyyətdədir ki, ölkəmizə gələn qonaqlar bunu yüksək dəyərləndirirlər.

"AZƏRBAYCAN UĞRUNDA, LƏYAQƏT UĞRUNDA, VƏTƏN UĞRUNDA!"

Əlbəttə ki, bu gün müxtəlif dövlət qurumlarında qeyri-xalqların nümayəndələri təmsil olunur, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Qarabağ uğrunda gedən döyüşlərdə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri həmrəy oldular. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə iştirk etdilər. Azərbaycan vətəndaşı olaraq bir yumruq altında birləşdilər və silaha sarıldılar. Vətən müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda mərdliklə, qəhrəmancasına vuruşdular. "Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq", - deyən Cənab Prezident bildirib ki, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi: "Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik". Amma Ermənistan isə monodövlətdir. Burada hökm sürən vəziyyət erməni xislətini bir daha ortaya qoymuş olur. Prezident İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Onlar hesab edirdilər ki, bu, onların üstünlüyüdür" - deyən Cənab Prezident qeyd edib ki, hətta onların rəhbərləri və onların ictimai fəalları müharibədən, İkinci Qarabağ müharibəsindən əvvəl deyirdilər ki, Ermənistanın bir üstünlüyü var ki, burada ancaq ermənilər yaşayır, Azərbaycanda isə müxtəlif xalqlar yaşayır. Onların çirkin təbliğatı ona yönəlmişdi ki, əgər müharibə başlayarsa, burada qatma-qarışıq olacaq, xalqlar bir-birinin üzünə duracaq. Amma nə oldu? Yaşayan bütün xalqlar bir adam kimi durdular ayağa, sinələrini qabağa verdilər, düşməni təpiklə qovdular bizim torpağımızdan. Bir daha göstərdik ki, bax, bu yetişən nəsil və ənənələr nə deməkdir… Bir daha demək istəyirəm, bax, biz, hər birimiz bu dəyəri qorumalıyıq və Azərbaycan siyasəti bundan sonra bu istiqamətdə aparılmalıdır və aparılacaqdır".

AZƏRBAYCANDA DİNİ MÜXTƏLİFLİK

Azərbaycanda onlarla müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillər sırasındadır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və digər qurumlar ölkəmizdə sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Bu bir daha ona əsaslanır ki, molokanlar, yəhudilər, tatlar, saxurlar, ləzgilər üçün Azərbaycanda geniş imkanlar yaradılıb. Qeyri-xlqların yaşadığı Krasnaya Sloboda, İvanovka kimi kəndlərə daima dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.
Qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamafobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər