2020-ci ilin noyabr ayında dünya ictimaiyyəti Azərbaycanın parlaq qələbəsinə, Ermənistanın isə ağır məğlubiyyətinə şahidlik etdi. Ermənistan və onun hərbi-siyasi rəhbərliyi öz rüsvayçı məğlubiyyəti ilə barışmağa məcbur oldu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri 10 noyabr 2020-ci ildə üçtərəfli razılaşma imzaladılar. Üçtərəfli razılaşmanın dördüncü bəndinə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ bölgəsinə erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Azərbaycan dövləti üçtərəfli razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyi dərhal yerinə yetirdi. Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti razılaşmada nəzərdə tutulan əraziyə yerləşdirildi. 10 noyabr bəyanatının dördüncü bəndinin digər hissəsi, yəni erməni silahlı qüvvələrinin Qarabağ iqtisadi zonasından çıxarılması icra edilmədi və bu günə qədər də Azərbaycan dövlətinin bütün sülh çağırışlarına baxmayaraq bu tələbimiz yerinə yetirilməmiş qalır. Hətta bəzən 44 günlük Vətən müharibəsinin nəticəsindən lazımi dərs çıxarmayan erməni separatçıları tərəfindən revanşist çağırışlar səsləndirilir. Separatçıların xalqımıza qarşı mina terroru davam edir. 2020-ci il 44 günlük Vətən müharibəsinin bitməsindən hal-hazırki dövrə qədər olan müddətdə ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfəri həlak olub.
19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu "Kamaz" markalı nəqliyyat vasitəsi Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partladı. Törədilmiş terror aktı nəticəsində DİN-in dörd nəfər əməkdaşı hadisə yerində həyatlarını itirdilər. Artıq bu hadisə xalqımızın və dövlətimizin səbr kasasını daşdırmış oldu. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror əməliyyatlarına start verdi.
Erməni separatçılarının Qarabağ iqtisadi zonasında təbii sərvətlərimizi talan edilməsinə, ekologiyamıza sağalmaz yaralar vurmasına və s. kimi qanunsuz əməllərlə məşğul olmaqlarına baxmayaraq Azərbaycan Qarabağın erməni icmasını reinteqrasiya məsələlərini müzakirə etmək üçün dəfələrlə dialoqa dəvət edib. Lakin təəssüflər olsun ki, bu çağırışlar hər dəfə cavabsız qalıb. Əgər Azərbaycan dövləti erməni əsilli vətəndaşlara ölkəmizin ərazisində təhlükəsiz yaşamağa bütün şəraiti yaradırsa, Ermənistan dövləti də Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışına şərait yaratmalı və onlara bütün təhlükəsizlik təminatları verməlidir. Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini ortaya qoyur və beynəlxalq ictimaiyyəti ədalətə çağırır.
Cavid Məmiyev
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini