PDF Oxu

Siyasət

  • 5 412

Lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ədalət bərpa olundu ŞƏRH

Lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ədalət bərpa olundu ŞƏRH

Son bir neçə ay ərzində Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin əxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması, hərbi bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər təsbit edilmişdir ki, bu da gərginliyin artmasına səbəb olmuşdur.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaların partlaması nəticəsində 6 nəfər Azərbaycan vətəndaşı, o cümlədən dörd polis əməkdaşı və iki mülki şəxs mina terrorunun qurbanı olmuşdur.

Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərkisilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa olunması məqsədilə lokal xarakterli antiterror tədbirləri başladıldı. Lokal xarakterli antiterror tədbirləri çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın, mülki əhali və mülki infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin olunması şərtilə yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur yüksək dəqiqlikli silahlarla hədəfə alınmış və sıradan çıxarılmışdır. Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəş vasitələrinin yaşayış yerlərinin yaxınlığında yerləşdirilməsini nəzərə alaraq Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini, mülkü əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa dair mobil SMS xidməti vasitəsilə çağırış etmiş, eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmiş və məlumat vərəqələri paylanılmışdır. Mülki şəxslərin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Azərbaycan Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaratmışdır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin nümayəndələri ilə Yevlax şəhərində görüşə hazır olduğu diqqətə çatdırılmışdır. Həmin açıqlamada bildirilib ki, Antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.

2023-cü il sentyab­rın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlə­rinin dayandırılması barədə razılıq əldə olunub:

  • Azərbaycan Respublikasının Qa­rabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qa­nuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.
  • Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir; qeyri-qanuni erməni silahlı dəstələri buraxılır;
  • Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir;
  • Yuxarıda qeyd olunan proseslə­rin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilmə­si təmin edilir.

Mərd əsgər və zabitlərimizin yüksək peşəkarlığı ilə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində kəskin relyefə malik coğrafi mövqeyə görə ağır şəraitdə xüsusi ağırlıqları ilə seçilən mühəndis qurğuları ilə təchiz olunmuş və səngərlərdə gizlənən kiçik qruplardan ibarət terror dəstələri, onların yerləşdirdikləri hərbi texnikaların və qurğuların yeri məharətlə müəyyən edilərək zərərsizləşdirilmişdir. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götü­rülmüş, qarşı tərəfə məxsus 20 ədəd hərbi təyinatlı nəqliyyat vasitəsi, 30-dan çox 120 mm və 82 mm minaatan, 40-dan çox artilleriya qurğusu, bir ədəd tank, iki ədəd piyadanın döyüş maşını, 2 zenit-raket qurusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və xeyli sayda silah-sursat qə­nimət olaraq ələ keçirilmişdir. Silah-sursatı tükənən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları pərakəndə şəkildə, təşviş içində döyüş mövqelərini tərk etmişlər. Ordumuzun texniki vasitələrinin, eləcə də müşahidə vasitələrinin nəzarəti altında həmin şəxsi heyətin geriyə çəkilməsi və könüllü şəkil­də döyüş mövqelərini tərk etməsi üçün də şərait yaradılmış, onlara bu halda heç bir zərbə endirilməmişdir.

Antiterror tədbirlərinin 24 saatdan az müddət ərzində uğurla nəticələnməsi Azərbaycan Ordusunun peşəkarlığının bariz nümunəsidir. Azərbaycan bu minvalla bir daha dünya içtimaiyyətinə nümayiş etdirdi ki, beynəlxalq hüquqdan və qanundan kənar heç bir hərəkətə yol verməyib, öz əzəli, suveren ərazisində mülkü əhalinin təhlükəsiziliyini təmin etməklə terrora qarşı mübarizə apardı. Nəticə etibarı ilə bütün dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan regionda sülh və əminamanlığın bərqərar olmasının, regionun inkişaf edərək çiçəklənməsinin tərəfdarıdır.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər