PDF Oxu

Siyasət

  • 2 046

Günümüzün reallığı: hədəfimiz Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır TƏHLİL

Günümüzün reallığı: hədəfimiz Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır TƏHLİL

“Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir”. Bu fikirləri sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər çalan Azərbaycan bu gün 30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə də abadlıq-quruculuq işlərinə başlayıb, infrastruktur layihələr uğurla icra olunur. Günümüzün reallığı, əsas hədəf Qarabağın və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış strategiyasının reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurularaq, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılır.

MÜASİR, GÜCLÜ AZƏRBAYCANI QURAN QALİB LİDER

Son illərdə müstəqil Azərbaycanda güclü dövlət idarəçiliyinin mövcudluğu dövlətimizin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir dünyanın çağırışlarına cavab olaraq yeni dövrünü yaşayır. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb. Ölkədə həyata keçirilmiş iqtisadi və hərbi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət, dövlət və ordu quruculuğu və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Əlbəttə ki, ermənilər 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizi xarabazarlığa çeviriblər. Bu erməni vandallığının bariz nümunəsidir. Bu mənzərəni dünya gördü və erməni kimliyini bütün dünya ictimaiyyətinə çatdırmış olduq. Artıq işğaldan azad olunan ərazilərimizdə irimiqyaslı layihələr icra olunur. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində əzəli torpaqlarımız- Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Böyük Qayıdış Azərbaycanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində daha qüdrətli, güclü dövlətə çevirəcək.

BÖYÜK QAYIDIŞIN TƏNTƏNƏSİ

Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın təntənəsini yaşadı. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı oldu. Bu gün Füzulidə, Laçında və digər ərazilərimizdə görülən işlər Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Belə də oldu. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq qurularaq, doğma sakinlərini öz qoynuna aldı.
Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq, quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər əzəli sakinləri qoynuna alır.

QARABAĞ REGİONUNA 2026-CI İLƏ QƏDƏR 140 MİN İNSAN DÖNƏCƏK

Vətən müharibəsində qazandığımız Zəfərdən üç ilə yaxın bir zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Ağalı, Talış kəndələrinə, daha sonra Laçın və Füzuliyə qayıdış. Laçının Zabux kəndi də bu sevinci yaşadı. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köç etdi. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.
Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bildiyimiz kimi, Ağdamda Xıdırlı kəndinin dövlət başçısı tərəfindən ötən il təməli qoyulmuşdur. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq.
Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri və görülən işlərlə tanışlıq bu ərazilərin tezliklə abadlaşmasından xəbər verir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər