PDF Oxu

Siyasət

  • 2 291

Azərbaycan antiterror əməliyyatı nəticəsində konstitusiya quruluşunu bərpa etdi ŞƏRH

image

İkinci Qarabağ müharibəsi 1990-cı illərin əvvəllərindən Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan tərəfindən nəzarətin bərpa edilməsi ilə nəticələnmişdir. Azərbaycanın zəfərində siyasi əzmkarlıq, hərbi üstünlük və Türkiyənin diplomatik dəstəyi də daxil olmaqla bir sıra amillərin, o cümlədən, Ermənistan tərəfindən Azərbaycanın hərbi potensialının düzgün qiymətləndirilməməsi, Ermənistanda Birinci Qarabağ müharibəsi nəticəsində hökm sürən nikbinlik, Ermənistanın 30 il ərzində inşa etdiyi qeyri-adekvat müdafiə infrastrukturu və xüsusilə, Ermənistanın böyük dövlətləri, xüsusən də Rusiyanı, münaqişəyə cəlb etməkdə diplomatik uğursuzluqları xüsusi rol oynadı. Müharibə regional güc dinamikasında əhəmiyyətli dəyişikliklərə səbəb olsa da, bu, sülhə doğru uzun və çətin bir prosesin yalnız başlanğıcı idi. Beləliklə, İkinci Qarabağ müharibəsindən sonra region uzunmüddətli sülhə aparan yolun tapılması kimi mürəkkəb bir vəzifə ilə üz-üzə qalmışdır. Müharibə başa çatdıqdan sonra müxtəlif sıxıntılara, siyasi və hərbi toqquşmalara baxmayaraq, münaqişə tərəfləri sülh danışıqları prosesini başlatdılar. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Ermənistanla sülhə nail olmaq əzmini daim təsdiqləmişdir. Bölgədə sülhə və sabitliyə nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılması və marionet rejiminin ləğvidir. Lakin Azərbaycan mövqelərinin sistematik atəşə tutulması, Azərbaycan ərazilərində mina basdırılmasının davam etdirilməsi və Ermənistan silahlı qüvvələrinin regionda döyüş mövqelərini gücləndirməsi barədə məlumatlar tərəflər arasında mövcud olan gərginliyi daha da artırmışdır. Ermənilər tərəfindən əvvəllər təmizlənmiş ərazilərdə minaların quraşdırılması kimi kəşfiyyat və təxribat hadisələri həm mülki əhali, həm də hərbi qulluqçular üçün ciddi təhlükə yaratmaqda idi. Bu baxımdan Azərbaycan bu narahatlıqlara cavab olaraq 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal antiterror əməliyyatı keçirməyə başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında bildirilmişdir ki, antiterror əməliyyatının məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.Qeyd etmək lazımdır ki, separatçı qruplaşmanı öz siyasi ambisiyalarından əl çəkməyə məcbur etmək, sabit və firavan gələcəyə nail olmağı təmin etmək məqsədilə 2023-cü il sentyabrın 20-də hərtərəfli antiterror tədbirləri davam etmişdir. Antiterror tədbirləri ilə yanaşı, Azərbaycan hakimiyyəti həmin günün birinci yarısında Azərbaycanın Qarabağ ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinə öz tələblərini təkrar edərək onları tərksilah və təslim olmağa çağırmışdır. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan etmişdir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə göndərdikləri müraciət nəzərə alınaraq sentyabrın 20-də saat 13:00-dan etibarən aşağıdakı şərtlərlə antiterror tədbirlərinin dayandırılması haqqında razılıq əldə olunmuşdur: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardançıxır və tam şəkildə tərksilah olunurlar.Bu tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədinə xidmət edir. Azərbaycanın müdafiə nazirliyi bəyan edir ki, görülən lokal antiterror tədbirlərin hədəfi yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Mülki əhali heç bir halda hədəf deyildir.

Bəli, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsi xalqımız üçün müqəddəs və əzizdir . Bu məsələdə Ali Baş Komandan İlham Əliyevlə xalqın birliyi sarsılmaz bir qüvvədir və düşmənə ağır zərbələr vurmağın mühüm mənbəyidir. Bu lokal antiterror əməliyyatların bir məqsədi var- Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Qarabağdakı terrorçu qrupların və Ermənistanın ordusunun tör-töküntülərinin kökü birdəfəlik kəsilsin. Xüsusilə, mülki vətəndaşlarımızın həyatı qorunsun. Eyni zamanda, bu lokal antiterror əməliyyatları həm də bölgəyə sülhün gətirilməsi üçün çox vacibdir.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küç.73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər