PDF Oxu

Siyasət

  • 2 131

Azərbaycan regionda sülhün və inkişafın təminatçısıdır ŞƏRH

image

Qırx dörd günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azərbaycan Ordusu növbəti Qələbəyə imza atdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Sentyabrın 19-da lokal antiterror tədbirlərinə başlanılması və qısa zamanda uğurla başa çatması Ordumuzun peşəkarlığının növbəti təqdimatı oldu. Tarixi Zəfərimizdən sonra ölkəmizin əsas hədəfləri sırasında dayanan mühüm məsələlərdən biri müdafiə gücümüzün artırılmasıdır. Bu mühüm məqamı da qeyd edək ki, cari ilin dövlət büdcəsinə edilən əlavələrin bir qismi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə, digər qismi isə müdafiə qabiliyyətimizin artırılmasına yönəldilib. Azərbaycan dövləti hər zaman ordu quruculuğu prosesini diqqətdə saxlayır. Rəşadətli Ordumuzun postmünaqişə dövründə Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha Ordumuzun artan gücünün nümayişidir. Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı. Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. Tarixi Zəfərimizdən sonra Azərbaycan dövləti dəfələrlə erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmasını tələb etdi. Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın öhdəliklərinə laqeyd yanaşması, onların icrasına maraq göstərməməsi, sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün mütəmadi təxribatlar törətməsi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi. Azərbaycan hər zaman istədiyinə nail olur, hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir.

Otuz illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Müzəffər Ali Baş Komandanın keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz doğma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqın gələcəyə əminliklə baxmasını şərtləndirdi. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təsdiqi oldu. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazdı. Hazırda azad Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Dövlətimizin başçısının sözügedən müraciətində söylədiyi “Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!” fikirləri özündə bu günümüz və gələcəyimizlə bağlı hədəfləri açıqlayır. Dövlətimizin başçısının hər bir çıxışı, xalqa müraciəti, müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Digər xəbərlər