PDF Oxu

Siyasət

  • 1 398

Reinteqrasiya: çıxış yolu var

image

Qarabağ Azərbaycandır reallığı öz təsdiqini tapıb və bundan sonra hər bir addım yalnız rəsmi Bakının maraqlarını təmin edir

Qarabağın erməni sakinlərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur. Bu haqda Qarabağ Erməniləri Hərəkatının üzvü Karina Eritsyan mediaya açıqlamasında deyib.

Onun sözrinə görə, hələ də "müstəqillik" arzusunda olanlar başa düşməlidir ki, vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan və Ermənistan sülh sazişi imzalamaq barədə danışıqlar aparır: "Bu kontekstdə Qarabağ ermənilərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur".

Eritsyana görə, Qarabağ erməniləri başa düşməlidir ki, onların taleyi ABŞ, Fransa, Ermənistan və digərlərindən deyil, onların özlərindən asılıdır. Xarici dövlətlər kömək etməyəcək. "Bundansa reinteqrasiya və Azərbaycanda birgə yaşayış məsələsində ciddi yanaşma ortaya qoymaq lazımdır", - deyə əlavə edən Qarabağ Erməniləri Hərəkatının üzvü həmçinin bildirib ki, başqa yol qalmayıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım, yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsini istəyib.

Bu arada İrəvanda ciddi vətəndaş qarşıdurması yaşanır

Belə ki, “Aysor” erməni saytı İrəvandakı son hadisələrlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, İrəvanda keçirilən itaətsizlik aksiyasında iştirak edən Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan polis bölməsinə aparılıb. Bildirilib ki, İrəvanda səhər saatlarından itaətsizlik aksiyası davam edir.

Məlumata görə, şəhərin əsas küçə və prospektlərinə giriş-çıxış məhdudlaşdırılıb və ya bağlanıb. “Respublika” meydanına daha çox polis qüvvələri cəmləşdirilib. Qeyd edək ki, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyan və kabinetinin istefasını tələb edir.

Hadisələr bir-birini tez əvəzləyir və əsas fakt budur ki, Qarabağ Azərbaycandır reallığı öz təsdiqini tapıb və bundan sonra hər bir addım yalnız rəsmi Bakının maraqlarını təmin edir.

Afət Tahirqızı

Digər xəbərlər