Azəbaycanın Müzəffər Ordusu 44 günlük Vətən Müharibəsində dünya hərb tarixinə yeni səhifə yazmaqla həm də nümayiş etdirdi ki, dünyanın ən güclü və qüdrətli ordusudur. Bu ordu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadirdir. 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən lokal antiterror tədbirlərinin uğurla başa çatması Ordumuzun peşəkarlığının növbəti nümayişi idi. Artıq separatizm ləğv edilib, silahlı birləşmələr tərksilah olunublar. Ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanmaqdadır. Erməni sakinləri rahat şəkildə yaşayışlarını davam etdirirlər. Elələri də var ki, ərazini tərk edib Ermənistana gedirlər. Azərbaycan Respublikasının rəsmi qurumları açıq mətnlə qeyd ediblər ki, “Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə reinteqrasiya təklif olunub, buna razı və ya hazır olmayanlar könüllü şəkildə ərazini tərk edir, buna tam şərait yaradılır, heç bir zorakılıq halı yoxdur”. Digər tərəfdən qalıb Qarabağda yaşayan ermənilərə hər cür yardımlar göstərilir. İlkin mərhələdə onlar qida, yanacaq və digər zəruri məhsullarla təminin olunurlar. Eyni zamanda, Xankəndinin və ətraf ərazilərin elektrik enerjisi ilə təmin olunması istiqamətində əhəmiyyətli işlər görülüb. Artıq sentyabrın 24-dən Xankəndi şəhəri “Azərişıq” tərəfindən enerji ilə təmin olunub. Bütün görülən yardımlar təbii görünməli və qəbul edilməlidir. Çünki Azərbaycan qalib və güclü dövlətdir, ehtiyacı olan vətəndaşlarını etnik mənsubiyyətindən asılı olmayaraq, zəruri yardımlarla təmin edir. Azərbaycan məhz qalib dövlətə yaraşan şəkildə nümunəvi, ləyaqətli davranış nümayiş etdirir.
Acı ağrı hissi ilə qeyd olunmalıdır ki, lokal antiterror tədbirləri zamanı şəhidlərimiz və yaralılarımız oldu. Onlar dünyanın lokal xarakterli antiterror tədbirləri tarixində qızıl hərflərlə öz adlarını yazıblar. Bütün xalq Azərbaycanın qəhrəman övladları ilə fəxr edir! İllər, qərinələr keçsə də, xalq öz qəhrəman oğullarının şücaətini unutmayacaq. Daim onlar yad ediləcək, adları əbədiləşdiriləcək, haqlarında hekayələr yazılacaq, dastanlar qoşulacaq, mahnılar bəstələnəcək, şeirlər yazılacaq. Onlar hər bir azərbaycanlının and yeri, qürur mənbəyi olacaq.
Sapı özümüzdən olan baltalar erməni təəssübkeşliyi rolunda çıxış edirlər
Parlaq hərbi və siyasi qələbə onu bir daha göstərir ki, ölkəmiz istədiyinə nail olur, məqsəd və hədəflərini reallığa çevirir. Təəssüflər olsun ki, böyük qələbəmizə acılıq qatmağa çalışanlar var. Xüsusilə də, sapı özümüzdən olan baltalar erməni təəssübkeşliyi rolunda çıxış edir, qaraniyyətli statuslar yazır, videolar paylaşırlar. AXCP sədri Əli Kərimli sanki Vardanyanın əmisi oğludur, ya da Kristofer Smitlə eyni tikəni bölüşüblər. Bütün günü sosila şəbəkələrdə vurnuxan Ə.Kərimli və trol dəstəsi cəmiyyətdə ruh düşkünülüyü yaratmağa, insanları çaşdırmağa, qələbimizə kölgə salmağa hesablanan fikirlər paylaşırlar. Ə.Kərimli dolayısı ilə Xankəndidə qalacaq ermənilərin hüquq və azadlıqları ilə bağlı problemlərinin olacağına dair təxribatçı fikirlər söyləyir: “BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdən Azərbaycan hakimiyyəti özü üçün dərslər çıxarmalıdır. Baxmayaraq ki, Qarabağdakı son hərbi əməliyyat zamanı Azərbaycan ordusu mülki əhalini və mülki infrastrukturları, həqiqətən də, hədəf almamışdı, ancaq Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlərin mütləq əksəriyyəti Qarabağda insan hüquqları və humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edirdi”. Ə.Kərimli bir qədər də dərinə gedərək, sayıqlama xarakterli fikirlərini genişləndirir: “Məhz hakimiyyətin bu repressiv imicinə görə erməni təbliğatı Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyi ilə bağlı dünyaya müraciət edəndə, hətta Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibəti olan dövlətlərdə belə narahatlıq yaranır. Bu narahatlığı aradan qaldırmaq üçün Qarabağın erməni əhalisinə humanitar yardım göndərmək doğrudur, əlbəttə, ancaq kifayət deyil. Hakimiyyət təkcə Qarabağda yox, bütövlükdə Azərbaycanda insan hüquqlarına zəmanət verməlidir. Həm də sözdə yox, əməldə. Siyasi məhbuslar dərhal azad edilməlidir. Sərbəst toplaşmaq, birləşmək, ifadə azadlığı da daxil olmaqla Azərbaycan vətəndaşlarının bütün konstitusion hüquq və azadlıqlarına təminat verilməlidir. Yalnız o halda dünyanı inandırmaq mümkün olacaq ki, Qarabağda yaşayan dinc erməni əhalinin də Azərbaycan vətəndaşları olaraq hüquq və azadlıqları təmin olunacaq”.
Göründüyü kimi təxribatçı mövqeyini açıq şəkildə ifadə edən Ə.Kərimli bununla erməni separatçılarının qidalandıqları qazandan bəhrələndiyini göstərir. Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı heç bir problem yoxdur. Əhali azad və demokratik şəkildə ömür sürür, siyasi partiya yetkililəri istədiyi formada və istədiyi tərzdə fikirlərini ifadə edə bilirlər. Əgər insan hüquqları sahəsində əngəllər olsa idi, Ə.Kərimli və trol dəstəsi sosial şəbəkələrdə Koçaryan, Vardanyan, Sarkisyan və digər “yan”lar kimi Azərbaycan xaqının heysiyyətinə toxunan fikirlər söyləyə bilməzdilər. Uzağa getməyək, elə tez-tez maddi və mənəvi yardımlar aldıqları Fransada, İngiltərədə, ABŞ-da, Norveçdə, Almaniyada və digər dövlətlərdə sosial şəbəkələr tam şəkildə dövlətin nəzarəti altındadır. Kimsə qanunlara zidd paylaşmalar edərsə, dərhal cərimələnirlər, hətta həbs edilənlərdə olur. Azərbaycanda isə bu günə qədər yazdığı statusuna və ya paylaşdığı videosuna görə adi xəbərdarlığa belə məruz qalan olmayıb. İstənilən məqamda istənilən partiya, təşkilat mitinq, piket keçirə bilir. Ermənilərin təəssübkeşliyini çəkən Ə.Kərimliyə xatırlatmaq istərdik ki, narahatlığına əsas yoxdur, ermənilər digər azlıqlar kimi Azərbaycanın qanunvericilik aktlarından bəhrələnə biləcəklər. Artıq ermənilər etiraf etməyə başlayıblar ki, onlar Azərbaycanın bayrağı altında daha rahat və təhlükəsiz yaşaya bilərlər. Vətəndaşlıq almaq üçün müraciət edənlərin sayının kifayət qədər çox olması da erməni sakinlərinin Ə.Kərimlidən fərqli mövqedə olduqlarını göstərir.
Trol dəstəsi təxribatlarını genişləndirir
Sosial şəbəkələrdə yazılanlarla və paylaşımlarla tanış olduqda, öz-özünə düşünürsən ki, bu dağıdıcı müxalifət niyə bu qədər xalqa düşmən kəsilib? Xalqın bu müxalifətə nə pisliyi olub ki, qisas almaq üçün hər cür şər və böhtanlarını səsləndirirlər? Lokal xarakerli antiterror tədbirləri barədə elə açıqlamalar verir, statuslar paylaşırlar ki, sanki ermənidirlər. Rusiyanın qaranlıq dairələrinin layihəsini icra etmək üçün Xankəndinə gəlib, üzüqara qalan Ruben Vardanyan Fransanın 24- TV kanalına açıqlamasında deyir: “Azərbaycan bütün Qarabağa nəzarət edir”. Ə.Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı və digərləri isə iddia edirlər ki, hələ suverenliyimiz bərpa olunmayıb. Bununla sanki R.Vardanyandan ağıllı olduqlarını göstərməyə çalışırlar. İmkanları olsa idi, R.Vardanyanı qınaya və tənbeh edərdilər ki, niyə o cür fikirlər söyləyirsən. Bunu deyə bilməsələr də erməni separatçılarını “qəhrəman”laşdırmağa hesablanan ifadələrini dillərinə gətirirlər. Ə.Kərimli deyir: “Bizim ordu Qarabağda hansı güclü ordu ilə qarşılaşıb ki, bircə gündə bu qədər şəhid vermişik? Müdafiə Nazirliyinin özünün paylaşdığı videogörüntülər də göstərir ki, erməni separatçılarının əksər mövqeləri və hərbi obyektləri Bayraktar PUA-ları və digər dəqiq silahlarla vurulub. Azərbaycan ordusunun bu qədər texnoloji, silah və say üstünlüyü olduğu halda bircə gündə nəyə görə bu qədər çox itki vermişik? Susmaq, danışmamaq çarə deyil. Hakimiyyət mütləq xalqa izahat verməlidir”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də liderinin söylədiklərini dənləyib, sosial şəbəkələrdə təkrarlayır: “24 saatdan da az müddətdə və 3 min kv.km-dən də kiçik bir ərazidə davam edən antiterror tədbirlərində bəzi qeyri-rəsmi mənbələrin bildirdiyinə görə 150-dən çox şəhid vermişik, ancaq Xankəndidə hələ də erməni bayraqları dalğalanır, işğal altında olan bircə kəndimizin azad edilməsi haqqında təsdiqlənmiş məlumat yoxdur”.
Qısası, bu məxluq ünsürlər bütün güc və imkanlarını əhali arasında qələbə əhval-ruhiyyəsinə kölgə salmağa yönəldiblər. Lakin onların bəd niyyətləri baş tutmayacaq. Çünki xalq onları və onlara himayədarlıq edən qüvvələrin məqsədlərini bilirlər. Bu baxımdan, G.Hacıbəyli, Ə.Kərimli, C.Həsənli və digərlərinin sayıqlamaları elə sayıqlama kimi də onların səhifələrində qalacaq.
İ.ƏLİYEV