Siyasət

  • 4 222

Azərbaycanın amalı sülhün və inkişafın bərqərar olmasına nail olmaqdır ŞƏRH

image

Artıq bütün dünya ictimaiyyətinə məlum olduğu kimi, 19 sentyabr 2023-cü il tarixdə səhər saatlarında erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 nəfər Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. Bu hadisəyə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında dərhal Azərbaycan Silahlı Qüvvələri tərəfindən lokal xarakterli antiterror tədbirlərinə start verilmiş və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilərək uğurla nəticələnmişdir. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdıqdan sonra Sentybarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini hər bir vətəndaşımız həyəcan və maraqla dinlədi.

Ermənistanın Azərbaycana qarşı bu günə kimi törətdiyi terror aktları haqqında danışan ölkə başçımız bildirib ki, bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş, ya da ki, ağır yaralanmışdır. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir.

Antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnika tamamilə məhv edilmiş və sıradan çıxarılmışdır.

Çıxışı zamanı Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını xüsusi vurğulayan dövlət başçımız qeyd edib ki, antiterror tədbirləri aparılan zaman Qarabağ bölgəsində yaşayan erməni əhalisinin zərbə altına düşməməsi, mülki əhalinin və mülki infrastrukturun qorunması ilə bağlı ciddi tapşırığı yüksək dəqiqliyə malik silahlardan istifadə edilməklə məharətlə yerinə yetirilmiş, mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Prezident İlham Əliyev qürur hissi ilə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, texniki imkanları sayəsində Azərbaycan əsgəri, zabiti yüksək mənəvi keyfiyyətlər nümayiş etdirərək bu vəzifəni şərəflə yerinə yetirmiş, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır.

Dövlətimizin başçısı çıxışında onu da bildirib ki, dəfələrlə həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında, eyni zamanda, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən Azərbaycan dövlətinin haqlı narazılığını ifadə etməsinə baxmayaraq Ermənistan dövlətinin kapitulyasiya aktı olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan tərəfi üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını Azərbaycan ərazisindən çıxarmaqdan imtina etmişdir.

Azərbaycan dövlətinin bütün şərtlərinin qəbul olunması ilə dayandırılan antiterror tədbirləri Ermənistanın şəksiz məğlubiyyəti idi. Azərbaycanın hər zaman olduğu kimi mövqe sərgilədiyini, öz sözünə sadiq olduğunu qeyd edən cənab Prezident bir daha vurğulayıb ki, “Bizim sözümüz imzamız qədər dəyərlidir”!

Xalqa müraciətində dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Ermənistanın ağ bayraq qaldıraraq diz çökməsi və kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra hələ də qondarma status dalınca qaçan azğınlaşmış revanşist qüvvələrə, qanunsuz kriminal xunta rejiminə qarşı atılan bütün addımlarımı legitimdir, hüquqidir və ədalətlidir. Bundan sonra bölgədə yeni vəziyyətin yaranması labüddür. Çünki, kriminal xunta rejimi təslim olduqdan sonra bu gərginlik mənbəyi və zəhər yuvası artıq tarixdə qalır. Qarabağın erməni əhalisi Azərbaycanın vətəndaşıdır və Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.

Xalqa müraciətində Prezident İlham Əliyev Qarabağda yaşayan sadə insanları onlar üçün yaranmış yeni tarixi şansı əldən verməməyə çağırdı. Çünki bu, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa hesablanan birgəyaşayış təklifidir. Azərbaycanın atdığı addım və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün Ermənistan tərəfindən qoyulan maneələr aradan qalxacaq və bu Cənubi Qafqazda yeni reallıq yaradacaq. Azərbaycanın arzusu, amalı budur ki, əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlsin, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Çıxışının sonunda ali Baş Komadan bir daha bildirdi ki, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər