PDF Oxu

Siyasət

  • 4 485

Daha bir tarixi Zəfər ŞƏRH

image

Ermənistan silahlı qüvvələrinin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bütün bunlar və eyni zamanda, seperatçı rejimin oyuncaq seçki sousu antiterror tədbirlərinin keçirilməsini zəruri etdi.

Lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusu çox qısa müddətdə ərazidə hədəfinə nail oldu, kommunikasiyaları və yüksəklikləri nəzarətə götürdü. Azərbaycanın bu Qələbəsi eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz ən böyük nailiyyətdir. Azərbaycan yenə də təkbaşına bu vəzifənin öhdəsindən şərəf və ləyaqətlə gələrək və öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Ağ bayraq qaldıran qondarma rejim Bakının şərtlərini qəbul etdi. Yevlaxda görüşə razılığın verilməsi isə müasir tarixin daha bir tarixi əhəmiyyətli görüşü kimi yadda qaldı.

Yüksək peşəkarlığa sahib olan Azərbaycan ordusu qarşıya qoyulan hədəflərə uğurla çatır. Bunun nəticəsində də strateji hədəflərə nail olunur. Bu Zəfər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yüksək peşəkarlığının bir daha bariz nümunəsi oldu.

Dövlətimizin başçısı 20 sentyabr tarixində xalqa müraciət etdi. Cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.

Çıxışında Azərbaycan Ordusunun dəqiqliyindən, humanist mövqeyindən və xüsusi təchizatından danışan Prezident İlham Əliyev bildirdi ki, bunların sayəsində heç bir mülki obyekt hədəfə çevrilmədən yalnız və yalnız hərbi obyektlər vurulub.

Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 20 sentyabr tarixində Azərbaycan xalqına tarixi müraciətində antiterror tədbirləri, onun zəruriliyi və nəticələri barədə fikirlərini açıqladı, baş verən hadisələri təhlil edərək qarşıda duran məsələləri diqqətə çatdırdı. Dövlətimizin başçısının bu müraciəti, əslində, tək Azərbaycan vətəndaşlarına deyil, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanmışdır. Cənab Prezident müraciətində Qarabağın terrorçulardan təmizlənməsi ilə bağlı tədbirlər mülki əhaliyə və mülki obyektlərə toxunmadan böyük peşəkarlıq və dəqiqliklə həyata keçirildiyini vurğuladı. “Mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirlər nəticəsində Qarabağda yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Ordumuzun bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır. Və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir” - deyən cənab İlham Əliyev humanizm prinsiplərinə hər zaman sadiq olduğumuzu bir daha diqqətə çatdırdı.

Dövlət başçımızın toxunduğu ən mühüm istiqamətlərdən biri bütövlükdə regionun gələcəyi ilə bağlı idi. Prezident cənab İlham Əliyev bəyan etdi: "Qarabağın erməni sakinlərinin reinteqrasiyası və fundamental konstitusion hüquqlarının təmin edilməsi üçün xüsusi plan artıq hazırdır. Bu gün artıq Yevlax şəhərində Azərbaycan Respublikasının nümayəndəsi ilə Qarabağ icmasının təmsilçisinin görüşü baş tutmuşdur. Düşünürəm ki, ortaya praqmatik yanaşmalar qoyularsa sülh və barışığın təmin olunmasına hesablanmış addımlar bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün mühüm töhfə olacaq. Öz tərəfindən Azərbaycan buna tam hazırdır. Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər, biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bu təklifi edirik və ümüd edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan təklifdir”.

Beləliklə, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli Azərbaycan ordusunun şücaəti, qəhrəmanlığı nəticəsində Qarabağda böyük uğurla həyata keçirilmiş antiterror tədbirləri ilə Azərbaycanın çoxəsirlik dövlətçilik tarixinə daha bir tarixi Zəfər əlavə edildi.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər