Blokada vəziyyəti Qarabağın işğal tarixi ilə yaşıd olan Naxçıvan üç il öncə əzəli torpaqlarımızın azadlıq sevincini yaşadı. Böyük Zəfər Naxçıvanın üzünü güldürdü. Ermənilərin torpaqlarımızdan qovulması, Qarabağın anası Azərbaycana qovuşması Naxçıvanın da blokadasının yarılacağına bir ümid yeri açdı. 2020-ci ilin 10 noyabrında ağ bayraq qaldırıb təslim olduqlarını bəyan edən ermənilər kapitulyasiya aktına imza atmaqla üçtərəfli bəyanatla üzərlərinə götürdükləri öhdəlikləri tezliklə yerinə yetirəcəklərinə söz versələr də, lakin qonşumuzun kim olduğunu artır əsrlərdir ki, yaxşı bilirik... Hansı ki, Naxçıvanın da doğma Vətənə qovuşması həmin sənəddə xüsusi bənddə yer alır. Lakin onların bu öhdəlikləri də çox yaxın gələcəkdə yerinə yetirəcəkləri Naxçıvanın bol günəşində aydın görünür. 25 sentyabrda iki böyük türk liderin-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünə ev sahibliyi edən Naxçıvanda dövlətimizin başçısının dediyi kimi: Naxçıvanın qazı, nefti olmasa da, günəşi var... Bu günəş isə qədim torpağın tək maddi deyil, həm də mənəvi nemətidir...
Zəngəzurun işğalı Naxçıvanı Vətəndən ayrı saldı
Sentyabrın 25-də Naxçıvanda Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etmişlər. Dövlətimizin başçısı çıxışı zamanı Naxçıvanla bağlı tarixi və dəyərli fikirlərini bildirərək demişdir: Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.
Bəli, 1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv etdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərə inanaraq 23 noyabr 1919-cu ildə Ermənistanla bağlanmış müqavilənin şərtlərinə əsasən öz qoşunlarını Zəngəzurdan çıxardı. Bundan istifadə edən ermənilər Zəngəzuru tutdu və Naxçıvanın Azərbaycandan ayrı düşməsinin əsası qoyuldu. Zəngəzurun bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi Naxçıvan bölgəsinin blokadaya salınması, onun Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin kəsilməsi ilə nəticələndi.
Əzəli və tarixi Azərbaycan torpağı olan, hazırda indiki Ermənistanın cənub-şərqində yerləşən Zəngəzur ərazisi qədim zamanlardan Azərbaycan xalqına məxsus Göyçə gölü hövzəsini və Azərbaycan Respublikasının cənub-qərb hissəsini əhatə edir. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə sərhədlənən, qədim zamanlardan Azərbaycan ərazisində yaranan müxtəlif dövlətlərin tərkibində olan və əhali tərəfindən Zəngəzur mahalı kimi tanınan bu ərazinin bir hissəsi Xanlıqlar dövründə Qarabağ, bir hissəsi Naxçıvan, qalan hissəsi İrəvan xanlığının tərkibində olmuşdur. Mahal ərazisinə daxil olan torpaqlar el qaydası ilə Qarakilsə, Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələrinə bölünmüşdür. Şimali Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra digər Azərbaycan torpaqları kimi, əhalisi ancaq Azərbaycan türklərindən ibarət olan Zəngəzura da İrandan və Osmanlı imperiyasından çoxlu erməni köçürülmüş, bununla da ərazidə onların sayı süni surətdə artırılmışdır.
15 il Naxçıvan qazsız yaşamışdır
Dövlətimizin başçısının da vurğuladığı kimi, o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.
Bəli, Naxçıvan kimi sərt kontinental iqlimə malik bir diyar üçün 15 il təbii qaz olmadan yaşamağın nə demək olduğunu yalnız naxçıvanlılar-blokadanın acısını yaşayanlar bilir. Artıq 1989-1990-cı illərdə Naxçıvanda blokada çoxdan başlamışdı. İki il ərzində ayrı-ayrı vaxtlarda qatarların işləməməsini, eletrik, qaz xətlərinin kəsilməsi günlərini ayrı-ayrılıqda hesablayanda bir il idi ki, Naxçıvan blokada şəraitində yaşayırdı. Elektrik enerjisinin, təbii qazın yoxluğu, qatarların işləməməsi bütün istehsal müəssisələrinin də fəaliyyətini dayanmasına səbəb olmuşdu. Artıq haqqında danışdığımız yollarda hərdənbir avtomobillər görünə bilirdi. Rayonlardan Naxçıvana marşrut avtobusları dayandırılmışdı. Çünki yanacaq yox idi. İnsanlar evlərində yandırmağa heç nə tapmırdı. Onlar soyuqdan donurdular. Bu, hələ blokadanın ilk ili idi. Bir azdan ərzaq qıtlığı, ümumiyyətlə yanacağın yoxluğu qarşısında dəhşətli bir həyat var idi.
Naxçıvan günü-gündən məhvə doğru gedirdi. Bir tərəfdən ermənilərlə bütün sərhədlərində, xüsusilə Sədərəkdə qanlı müharibələr gedir, bir tərəfdən region informasiya blokadasına məruz qalmışdı, digər tərəfdən isə aclıq, səfalət hökm sürürdü. Naxçıvan həmin dövrdə bu çətinlikləri naxçıvanlılarla birlikdə yaşayan, çıraq işığında fəaliyyət göstərən Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı.
Təbii qaz olmayan bir diyarda 15 ildə gördüklərimiz: insanlar soyuqdan donurdu. Onlar neçə-neçə körpəsini, yaşlı əzizlərini soyuğun gətirdiyi bəlalara qurban verirdi. Səhərin sübh çağı insanlar çörək növbələrinə getməli idilər, yoxsa bir gün ac qalardılar. Saatlarla buzun üzərində dayanıb çörək maşını gözləyən insanlar evlərinə ya əlidolu, ya da əliboş gəlirdi. Lakin evdə bir işartı tapa bilmirdilər ki, donmuş əl-ayaqlarını isidə, donunu aça bilsinlər. Uşaqlar “çörək” deyib ağlayırdı. “Şirin çay” deyib susmaq bilmirdi. Lakin nə çörək vardı, nə də bir qaşıq şəkər tozu, bir tikə qənd... Məktəblər, xəstəxanalar, kitabxanalar, iş yerləri soyuqdan sanki çığırırdı. İnsanların isə bu soyuq otaqlarda keçirdiyi saatları təsəvvür etmək məncə çox çətin olmaz... Naxçıvanlılar ata-babalarının əkdikləri bar ağaclarını ağlaya-ağlaya kəsib sobaya qoyurdular. Hansı ki, biləklərini kəssə idilər, ondan yaxşı idi. Meşələr, yol ətrafları təbiət qəbiristanlığına çevrilmişdi. Çünki insanlar yaşamaq uğrunda mübarizə aparırdı. Meşələrdə, yollarda, həyətlərdə nə ağac qaldı, nə bir odun parçası... Hər bir ağac kəsildikcə isə sanki bir nəfər dünyasını dəyişirdi. Bağ-bağat, təbiət sevgisi sonsuz olan naxçıvanlılar üçün bu, belə idi. Lakin düz 15 il bu çarəsizliklə üz-üzə qalmalı oldular: acı, əzab-əziyyət, səfalət, aclıq... Yalnız boz rəngdən ibarət həyat...
Naxçıvana təbii qazın verilməsi üçün ikinci xətt
Dövlətimizin başçısı çıxışında 15 il təbii qazsız qalan Naxçıvan haqqında demişdir: Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.
Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.
İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə, onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Beləliklə, 25 sentyabr Naxçıvanın taleyində günəş kimi doğdu. Bu qədim diyarın illər uzunu əzab-əziyyətlə üz-üzə qalan insanlarının rifahı üçün yeni bir layihə gerçəkləşdi. Yaxın gələcəkdə ikinci təbii qaz xətti də Naxçıvanın enerji təminatına dəstək olacaq. Naxçıvan isə Türkiyəyə bol günəşi hesabına əldə olunan elektrik enerjisi verə bilər. Dövlətimizin başçısının dediyi kimi: Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.
Naxçıvan deyiləndə Ümummilli Lider, Ümummilli Lider deyiləndə Naxçıvan...
Naxçıvan deyiləndə Ulu Öndərimiz, Ulu Öndərimizin adı çəkiləndə isə ilk olaraq Naxçıvan xatırlanır. Çünki Böyük Şəxsiyyətin sayəsində dövlətimizin müstəqilliyə gedən yolu Naxçıvandan başlandı. Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi də Naxçıvandan başlandı. Eyni zamanda, Ulu Öndər blokadaya salınan naxçıvanlıların həyatda qalma, yaşama səbəbkarı oldu. Onlarla birlikdə blokada şəraitində-soyuq otaqda yaşadı, qaranlıqda qaldı, çıraq işığında çalışdı...
Bütün bu səbəblərdən də regionun yaxın və uzaq keçmişinə çox yaxşı bələd olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda çıxışı da Ümummilli Liderimizi xatırlaması ilə başladı: Sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram. 2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm.
Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq.
Naxçıvanla Ulu Öndərin bağlılığı barədə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev belə deyir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Bəli, əgər blokadanın ilk ilində Ulu Öndər şəxsi nüfuzu, qonşu dövlətlərlə yaratdığı iqtisadi əlaqələr sayəsində naxçıvanlıları məhv olmaq təhlükəsindən qorudusa, sonrakı iki ildə burada böyük quruculuq işlərinin təməlini qoydu. Naxçıvan bütövlükdə yenidən qurulmağa başlandı. Sonrakı illərdə bu siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsi və müvəffəqiyyətlə həyata keçirilməsi isə bu gün Naxçıvanı buraya gələn hər kəsin heyrət etdiyi diyara çevirdi.
25 sentyabrda iki türk liderinin Naxçıvanda imzaladığı sənədlər, təməlini qoyduqları böyükmiqyaslı işlər Naxçıvanın bol günəşi fövqündə yaxın gələcəkdə bu qədim diyarı nura boyayacaq. Buna hər kəs əmin ola bilər.
Mətanət Məmmədova