PDF Oxu

Siyasət

  • 3 212

Dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığı - TƏHLİL

Dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığı - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Türkiyə lideri dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar verdi"

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: "Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna bir mövqedədir"

Bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. Çünki bu birlik 14 yanvar 1992-ci ildən bu günə kimi, düz 31 ildir ki, «Bir millət, iki dövlət», Azərbaycan–Türkiyə dövlətlər arasında diplomatik münasibətləri qurulub. Bu günün reallığı Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi və sarsılmaz olduğunu təsdiqləyir. İki dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Bu başqa cür də ola bilməz. Çünki qədim tarixlərin sınağından çıxmış Azərbaycan-Türkiyə – «bir millət, iki dövlət» həmrəyliyinin nəticəsi idi. Bu birliyin nəticəsini biz 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfrinə kimi Türkiyə daim bizimlə bir olub. Sevincimizə, kədəritmizə şərik olub. Qardaş ölkənin Prezidenti işğaldan azad edilən ərazilərimizə səfər edən ilk xarici ölkə başçısının olması iki qardaş ölkənin münasibətlərinin möhkəm təmələ malik olduğunun, Türkiyə-Azərbaycan dostluq və qardaşlığının dünyaya bir nümunə, örnək olduğunun göstəricisidir. Əsrlərə bağlı olan bu birlik, dostluq və qardaşlıq münasibətlər günümüzdə hər iki ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində daha da inkişaf edir, möhkəmlənir və irəli gedir. Və cari ilin iyun ayının 12-də Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca Azərbaycana və sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi səfərləri, ilk növbədə, iki qardaş ölkə arasında münasibətlərin ən yükəsk səviyyədə olmasının, bir millətin iki dövlətin - Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin dünyaya bir mesajıdır.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüşü olub, həmçinin, hər iki dövlət başçıları sənədlər imzaladılar, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər.

AZƏRBAYCAN PREZİDENTİ: "Bu gün Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvədədir"

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib: "İki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı".

Dövlətimizin başçısı qeyd edib: "Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq".

Bəli, 15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi müttəfiqlik nümunəsildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Bir sözlə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir.

PREZİDENT İLHAM ƏLİYEV: "İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi əlaqələrimizə yeni təkan verəcək"

"Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı onu da bildirib ki, Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları var idi: «Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir».

Dövlətimizin başçısı bildirib: “Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi, burada da şiddətli döyüşlər gedirdi. Və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə , - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bilmişdir”.

Prezident İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanmasını tarixi hadisə olduğunu bildirib: "Vaxtilə biz Sizinlə (Ərdoğan – red.) TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik. Bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk".

"Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək",-deyə dövlətimizin başçısı əlavə edib.

PREZİDENT İLHAM ƏLİYEV: "Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir"

"Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

“İyirmi dörd saat ərzində, ondan da az həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan ordusu - Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında onu da bildirib ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır.
Dövlətimizin başçısı deyib ki, onların təhlükəsizliyi, güvənliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında əminliklə söyləyib ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək: "Bir neçə gün bundan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Bu gün ikinci görüş keçirilir".

PREZİDENT İLHAM ƏLİYEVDƏN ƏRDOĞANA: "BMT-də Azərbaycanın maraqlarını ifadə edən bəyanatlarınız növbəti qardaşlıq addımıdır"

"Bu hadisə (antiterror tədbirləri – red.) baş verəndə Siz (Ərdoğan – red.) Amerikada idiniz, Nyu-Yorkda idiniz, BMT-nin Baş Assambleyasında iştirak edirdiniz. Orada, dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz - “Qarabağ Azərbaycan torpağıdır!”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, həmçinin Türkiyə tərəfindən atılan növbəti qardaşlıq addımıdır.

Bu yerdə Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməsi lə bağlı bir məqamı xatırlatmaq yerinə düşər. Belə ki, Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burada yoxsa da, mən buradayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda, bütün Türk dünyasının ürəyini fəth etmişdi.

Eyni zamanda, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya.

Həmçinin, Azərbaycana rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatda bir daha bildirib ki….

RƏCƏB TAYYİB ƏRDOĞAN: "Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna bir mövqedədir"

Türkiyə Prezidenti deyib ki, bir millət, iki dövlət olaraq əlaqələrimizi və əməkdaşlığımızı hər sahədə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

Bir sözlə, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, ümumiyyətlə, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir. Və Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdiyini söyləyib: "Bu dəfə Sizinlə (Prezident İlham Əliyev – red.) Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram".

"2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm”, - deyə Türkiyə dövlətinin başçısı bildirib.
"Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram".

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında səsləndirib.

“Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz”, - deyən Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti

TÜRKİYƏ PREZİDENTİ: "Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bütün dünyaya göstərdilər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında Müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbə, həm də mülki şəxslərə göstərdiyi humanitar davranış münasibətilə ürəkdən təbrik edib.

Türkiyə Prezidenti, həmçinin bildirib: “Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər”.

Türkiyə Prezidenti İğdır-Naxçıvan qaz kəməri layihəsi Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcəyini vurğulayıb: "İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək".

“Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr bir az əvvəl imzalandı. Beləliklə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə bağlı iradəmizi bir daha ortaya qoyduq”, - deyə Türkiyə Prezidenti əlavə edib.
Bir sözlə….

BU SƏFƏR TÜRKİYƏ XALQINA, HƏM DƏ BÜTÜN DÜNYAYA BİR MESAJ: “BİZ BİR YERDƏYİK. BİZİM BİRLİYİMİZ SARSILMAZDIR VƏ ƏBƏDİDİR”

Yaşanan reallıqlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi fikri bir daha demək yerinə düşər: «Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.

Və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyini bir daha xatırlatmaq istərdim: "Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna bir mövqedədir və bir millət, iki dövlət olaraq əlaqələrimizi və əməkdaşlığımızı hər sahədə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk".

Budur, «Bir millət, iki dövlət»in qardaşlığı, həmrəyliyi. Bu gün öz liderlərinin sayəsində hər iki ölkə bütün dünyada böyük uğurlar əldə edən, prinsipial siyasət yürüdən güc kimi tanınırlar. Artıq şübhə yoxdur ki, iki xalq və dövlət arasındakı qardaşlıq daimidir və yaxın vaxtlarda biz hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcəyik.

Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar. Çünki hər iki ölkə liderlərinin səfərləri maraqlara deyil, dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlıq birlik səfəridir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər