PDF Oxu

Siyasət

  • 4 430

Qarabağ xuntasının sonu və bunun strateji nəticələri - Rus analitikin təhlili

Qarabağ xuntasının sonu və bunun strateji nəticələri - Rus analitikin təhlili

Siyasi elmlər doktoru Sergey Boqdan “Caliber” analitik mərkəzi üçün yazdığı məqalədə Qarabağda gedən prosesləri dərin təhlil edib. Məqaləni kiçik ixtisarla oxucularımıza təqdim edirik.

Azərbaycan Silahlı Qüvvələrinə Qarabağ bölgəsində silahlı separatçıların qalıqlarını təslim olmağa məcbur etmək üçün cəmi bir gün vaxt lazım oldu. Onlar bu tapşırığı çoxdan yerinə yetirəcəkdilər, lakin insan itkiləri daha çox ola bilərdi. Strateji dözümlülük və erməni millətçilərinə qarşı durmadan artan təzyiq öz bəhrəsini verdi.

Strateji baxımdan bütün Cənubi Qafqazın konfiqurasiyası kökündən dəyişib. Ermənistan nəhayət, Qorbaçovun Qarabağ separatizmi layihəsinin külünü silə və qonşuları ilə əməkdaşlıq edərək normal dövlət qurmağa başlaya bilər. Bunun yeganə alternativi intihar münaqişəsi və deqradasiyadır.

Oyun bitdi

Ötən həftə baş verən hadisələr Ermənistan cəmiyyətində ərazi ekspansiyasının tərəfdarlarını ayıltmalıdır. Azərbaycan Silahlı Qüvvələrinin separatçı silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində həyata keçirdiyi antiterror tədbirləri Ermənistan rəhbərlərinin revanşist əhval-ruhiyyəsinin artdığı və beynəlxalq intriqalarının danışıqlar yolu ilə separatçı strukturların ləğv ediləcəyinə dair Bakının son ümidini puça çıxardığı şəraitdə başlayıb. Azərbaycan hərbçilərinin və mülki şəxslərin minaya düşüb həlak olması Bakının səbrini daşırdı.

Ermənistandan tədarük və rotasiya yollarının bağlanması erməni millətçilərinin mina müharibəsinə daha böyük üstünlük verməkdən başqa çarəsi qalmadı. Bu, onların 2020-ci ilə qədər tətbiq etdikləri köhnə taktika idi- işğal olunmuş torpaqları müdafiə etməyə gücləri çatmayıb, minalayıblar. Son aylarda separatçılar, şübhəsiz ki, heç nəyə qadir deyildilər, amma nəyin bahasına olursa olsun, sağ qalmağa can atırdılar- Ermənistanda daha revanşist düşüncəli qüvvələrin hakimiyyətə gəlməsini və beynəlxalq siyasi vəziyyətin dəyişməsini gözləyirdilər. Onlara elə gəldi ki, hesablamaları haqlı ola bilər.

Bu ay Ermənistan paytaxtında keçirilən seçkilər həqiqətən də Paşinyanın gücünün sarsıldığını göstərdi. Düzdür, onun partiyası uduzmadı, amma İrəvanı müxalifətin iştirakı olmadan idarə etmək imkanını itirdi. Bu, qismən seçici fəallığının aşağı olması ilə bağlı idi. Ümumiyyətlə, radikal revanşistlərin hakimiyyətə qayıtma ehtimalı üfüqdə görünürdü. Sonuncular artıq avqustun 9-da David İşxanyanın daşnak separatçılarının “parlament”inə sədr seçilməsi ilə separatçı strukturlarda mövqelərini möhkəmləndirərək Ermənistanda hakimiyyətə gəlmək üçün tramplini genişləndirməyə başlayıblar.

Paşinyanın zəiflədilməsi problemi ABŞ-la birgə keçirilən hərbi təlimlərin Ermənistan siyasəti üçün mümkün nəticələri ilə daha da ağırlaşdı. Birgə təlimlər revanşistlərə ümid verdi ki, amerikalılar regionda erməni oyununa cəlb olunacaq və Qarabağ rejimi xilas ola bilər, əsas o idi ki, onun vaxtından əvvəl batmasına imkan verməsinlər.

Separatçılar və daşnaklar Paşinyana ov mövsümü açıblar

Hər şey rejimin batmaq üzrə olduğunu göstərirdi, çünki Azərbaycan tərəfi 2020-ci il müharibəsinin nəticələrini təkrarlamaq üçün bu sadə və aşkar cəhdlərdən artıq bezmişdi. Bakının buna son qoyacağı bəlli idi. Separatçıların günlərinin sayılı olduğu məlum olanda və Bakı terrorla mübarizə tədbirlərinə başlayandan dərhal sonra Ermənistan rəhbərliyi Qarabağ rejiminin müdafiəsinə qalxmaq niyyətində olmadığını bəyan edərək onlardan uzaqlaşdı. Təəccüblü deyil, çünki onlar Paşinyandan əvvəlki dövrlərin korrupsiyası və mafiyası ilə bağlıdırlar. Ermənistanın baş naziri hələ bir neçə həftə əvvəl öz mövqeyini açıq şəkildə ortaya qoymuşdu. O, separatçıların yeni lideri Samvel Şaxramanyanı sentyabrın 9-da “seçilməsi” münasibətilə təbrik etməyib və hətta əlavə edib ki, “təbrik etmək üçün xüsusi bir şey yoxdur”. Ermənistan rəhbərliyindən də heç kim təbrik göndərməyib. Amma Şahramanyanı indiki Ermənistan rəhbərliyinin revanşist ünsürlərdən olan, Paşinyanın tanınmış düşmənləri - Ermənistanın keçmiş liderləri Robert Köçəryan və Serj Sarkisyan, Qarabağ separatçılarının keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan təbrik ediblər.

Ermənistanın Müstəqillik Günündə (21 sentyabr) Paşinyan öz soydaşlarına müraciət edib, burada Qarabağ separatçılarından bir söz deməyib, Azərbaycanın sərhədlərinin toxunulmazlığını təsdiq edən 1991-ci il Almatı bəyannaməsinə diqqət çəkib.

Təbii ki, revanşistlər Azərbaycan ordusunun anti-terror əməliyyatlarına başlamasından sonra bir dəqiqə də vaxt itirməyərək Ermənistanda sabitliyi pozmağa başladı. Lakin nümayişlərin miqyası təsiredici deyildi, həftəsonuna qədər cəmi 100-ə yaxın adam saxlanılıb.

Amma müxalifətçilər canfəşanlıq edərək ehtirasları alovlandırdılar- məsələn, cümə axşamı Azərbaycan ordusunun Xankəndinə daxil olması ilə bağlı təxribat xarakterli xəbərlər yayıldı. İrəvandakı iğtişaşlar nəticəsində saxlanılanlar arasında köhnə rejimin zadəgan ailələrinin nümayəndələri, məsələn, Ermənistanın keçmiş prezidenti Köçəryanın oğlu və və erməni milyarder Stepanyanın oğlu da var.

Qələbə və ehtiyatlılıq

Lakin erməni cəmiyyətini revanşist “Maydan”a qaldırmaq asan deyil. Buna həm də Qarabağda antiterror tədbirlərinin minimal itkilərlə aparılması da kömək edib- CNN üçün heç bir şəkil yoxdur. Hətta Ruben Vardanyan da etiraf edib ki, Azərbaycan ordusu məsələyə diqqətlə yanaşıb: “Onlar post almağa çalışırlar. Onlar Stepanakertə girmirlər... sakinlər əsasən bomba sığınacaqlarındadır”.

Uğur qazanan Bakı lüzumsuz triumf nümayişlərindən çəkinərək Qarabağ üzərində tam suverenliyini bərpa edən növbəti böyük qələbə qazandı. Ekstremist qüvvələr qoşunların Xankəndinə təntənəli daxil olmasından istifadə edərək bu bayramı qanlı təxribatlarla korlaya bilərdilər. Artıq cümə günü Qərb mediası, xüsusən də Fransa mediası Qarabağda “erməni Srebrenitsası”ndan danışmağa başlayıb, 1990-cı illərdə Bosniyada baş verən qırğınların təkrarlanmasına eyham vurub.

Bakı yəqin ki, bu cür təxribatların təhlükəsini qabaqcadan görürdü. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, separatçı silahlı birləşmələrin üzvlərinə amnistiya verilməsi, müvafiq şəxslərin silahı yerə qoyması şərti ilə artıq bitmiş sövdələşmədir: “Hətta keçmiş hərbi qulluqçular və döyüşçülər üçün də,- belə təsnifat vermək olarsa,- amnistiya veririk”.

Bundan əlavə, cümə axşamı Yevlaxda Qarabağ bölgəsinin erməni əhalisinin və mərkəzi hökumətin nümayəndələrinin görüşü keçirildi.

Fransız dalanı

Bakının təmkinli addımları və Azərbaycan hökumətinin əvvəlki illərdəki diplomatik hazırlığı sayəsində erməni millətçilərinin xarici qüvvələri öz müdafiələrinə səfərbər etmək cəhdləri baş tutmadı. Cümə axşamı axşam saatlarında Fransanın təşəbbüsü ilə çağırılan BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib. Fransa və Almaniyanın xarici işlər nazirləri, həmçinin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borreldən başqa heç kim Azərbaycan hökumətinin ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətini tənqid etməyib. Bununla belə, Almaniyanın mövqeyi daha çox Xarici İşlər Naziri postunu tutan Yaşıllar Partiyasının nümayəndəsi Barbokun radikal kursu ilə bağlıdır. Beləliklə, Almaniyadan separatçılara dəstək çox şərti idi.

Nüfuzlu “Ekonomist” (London) nəşri cümə axşamı bildirib: “Heç kim Azərbaycanın yolunda dayanmaq istəmir. Qərb dövlətləri əsasən bir-biri ilə rəqabət aparır, rutin pisləmələr verir. Azərbaycanla uduzacağı böyük müharibəyə cəlb olunacağından qorxan Ermənistan münaqişədən kənarda qalmaq istəyir. Küləyi yatırdan sükut isə Bakının keçirdiyi əməliyyata Rusiyanın reaksiya verməməsi idi”.

Bununla belə, Ermənistanın hazırkı rəhbərliyi üçün başqa bir cəhət daha vacibdir- ölməkdə olan separatçı rejimin tüstü pərdəsi altında olan Ermənistan üçün nəhayət, “Qərbə getmək” imkanı. Cümə axşamı Paşinyan Moskvanı tənqid edərək, dünya birliyini “Rusiya sülhməramlı qüvvələrinin Qarabağda törətdiyi uğursuzluqlara göz yummamağa” çağırıb.

Konkret olaraq, o, sülhməramlı qüvvələri Qarabağdakı rejimin təchizat marşrutlarını (“Laçın dəhlizi”) saxlaya bilməməkdə və ermənilərin hazırkı məğlubiyyətində ittiham edib. Paşinyan teatral şəkildə qəzəbləndi: “Bu son qığılcım niyə baş verdi? Əgər sülhməramlılar atəşkəsi razılaşdırırdılarsa, niyə hücumdan əvvəl bunu etmədilər və Qarabağa hücum olduqdan sonra etdilər?” Görünür, Paşinyan əvvəldən Rusiyanın müdaxiləsini çox da istəmirdi.

Paşinyanın problemi ondan ibarətdir ki, Qərb onu qəbul etməyə tələsmir. Əslində, Ermənistan yalnız Fransanın qanadı altında “Qərbə gedə bilər”- açıq-aydın gücü gözümüzün qabağında əriyən Paris isə “kollektiv Qərb”in ən güclü üzvü deyil. Bundan əlavə, Fransanın Yerevanın yaxınlaşmaq istədiyi ABŞ-la ənənəvi olaraq problemli münasibətləri olub. Başqa sözlə, Ermənistan rəhbərliyinin bu “Qərbə gedişi” şübhəli ideya kimi görünür. Ola bilsin ki, bu, Fransanın Aİ-nin imkanlarından istifadə edə biləcəyi haqda təsəlli verir. Lakin son hadisələrə görə, konsensusun olmaması səbəbindən Aİ bəyanatları belə qəbul edə bilmədi və Aİ-nin Ali Nümayəndəsi Jozef Borrel sənədi sadəcə öz adından dərc etməli oldu! Burada onu da əlavə etmək lazımdır ki, Aİ hərbi baxımdan hətta cırtdan da deyil, sadəcə olaraq saxtakardır və buna görə də İrəvan növbəti geosiyasi çıxılmaz vəziyyətdədir. Bundan yalnız bir çıxış yolu var- bu, Azərbaycan və Türkiyə ilə normal mehriban qonşuluq münasibətlərinə qayıtmaqdır.

Azərbaycan rəhbərliyinin şahmat taxtası

Buna Qarabağın tam şəkildə Azərbaycana reinteqrasiya edilməsi, erməni millətçi təbliğatının nəticələrinin aradan qaldırılması kömək edəcək. Lakin bu, Azərbaycan dövlətinin gündəmində olan növbəti aşkar vəzifələrdən yalnız biridir. Onların arasında ilk növbədə Azərbaycan ərazisinin daha sıx birləşdirilməsi məsələsini qoymaq məntiqlidir.

Axı Ermənistandan keçən dəhlizdən danışarkən Bakı müasir Ermənistan Respublikasının ərazisinə müdaxilə etmir, sadəcə olaraq Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında daha rahat əlaqə üçün marşrutları bərpa etmək istəyir. Bəli, 1990-cı illərin əvvəllərində erməni millətçilərinin təcavüzündən sonra erməni yollarına əvəz tapıldı (İran yolu), lakin aydındır ki, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında Ermənistan ərazisindən keçən kommunikasiya yollarının bərpası, şübhəsiz ki, hamının xeyrinə olacaq.

Qarabağ separatizminin ləğvi məsələsində olduğu kimi, İrəvan bu cür transformasiyaların tarixi qaçılmazlığı ilə razılaşıb-razılaşmamağı seçə və Ermənistana strateji çıxılmaz vəziyyətdən çıxmaq və inkişafa başlamaq imkanı verəcək prosesin bir hissəsinə çevrilə bilər. Əgər indi razılaşmırsınızsa, çox güman ki, Qarabağ məsələsində olduğu kimi, onun nəticəsi ilə daha sonra, lakin daha pis şərtlərlə razılaşmalı olacaqsınız.

Məsələ ondadır ki, son hadisələr regionda qüvvələr balansında yekun dəyişikliyə gətirib çıxaracaq. Bu, xüsusən də strateji dərinlik kimi konsepsiyaya aiddir. Məhz strateji dərinlik mülahizələri erməni millətçilərinin ələ keçirdikləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik 7 rayonu nə üçün sona qədər saxladıqlarını izah edir, baxmayaraq ki, nə inkişaf etdirə, nə də müdafiə edə bilmədilər- yalnız minalaya bildilər. Xəritəyə nəzər salaq: Ermənistan SSRİ-nin ən kiçik respublikası (29800 kv.km) idi. Separatçılar 1994-2020-ci illərdə 13300 kvadrat kilometr ərazini işğal altında saxlayıblar.

İrəvan isteblişmentinə qanlı Qarabağ avantürasının başa çatdığı aydınlaşsa, bu, istər-istəməz erməni yanaşmalarının struktur transformasiyasına və qonşuları ilə qarşılıqlı anlaşmaya daha çox hazır olmağa gətirib çıxaracaq. Axı belə konfiqurasiyaya malik Azərbaycan və Türkiyə ilə döyüşmək sadəcə olaraq intihardır. Söhbət bunun qaçılmazlığından gedir. Dünyanın heç bir regionunda olmadığı kimi, Cənubi Qafqazda da mehriban qonşuluq və birgə inkişafın alternativi yoxdur.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər