PREZİDENT İLHAM ƏLİYEV: "Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq"
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Zəfər tariximiz 44 günlük qətiyyətli yolun sonunda yazıldı. Azərbaycan ordusu ilk gündən düşmənin müdafiə xəttini yarmağa müvəffəq oldu və yalnız qələbə xəbərləri aldıq. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən müharibəsində öz gücünü nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənə verdiyi dərs tarix boyu yaddan çıxmayacaq. 27 Sentyabr 2020-ci il tarixində başlanan müharibə 44 gün ərzində Qələbə ilə sona çatdı. Azərbaycanın 30 ilə yaxın bir zamanda işğal altında olan torpaqları işğaldan azad olundu. Vətən oğulları qanları ilə torpaqlarımızı işğaldan azad etdilər. Hər gün bizi Qələbəyə doğru aparırdı. "Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi.
"BİZİM İŞİMİZ HAQQ İŞİDİR"
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edirdi ki, bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir: "Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Əlbəttə ki, ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Həmin döyüşlərdə ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin gücü öz sözünü demiş oldu. Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunu bir daha göstərdi. Əlbəttə ki, Tovuz döyüşləri böyük qələbənin başlanğıcı oldu. "Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə "Qarabağ Ermənistandır", bu, yalandır. Mən deyəndə ki, "Qarabağ Azərbaycandır", bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir"- deyə Azərbaycan Prezidenti çıxışlarının birində bildirmişdir.
"ƏLİNDƏ SİLAH DÜŞMƏNİ QOVAN DA ƏSGƏRDİR, DÜŞMƏNİ MƏHV EDƏN DƏ ƏSGƏRDİR"
Müharibənin ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri işğaldan azad olundu. Müharibənin ilk günü. Bu artıq Ali Baş Komandan, Cənab İlham Əliyevin müdrik siyasətinin nəticəsi idi. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu.
Dünyanı öz qüdrəti ilə təəccübləndirən Azərbaycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qısa bir zamanda düşmən üzərində tarixi zəfər çaldı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərimiz erməni işğalçılarından azad olundu.
Azərbaycan xalqının torpaq uğurunda savaşı və sonda qələbə tarixinin yazılması ilə nəticələnən 44 günlük müharibə Azərbaycan ordusunun Vətən Müharibəsindəki hünərindən, qəhrəmanlığından qaynaqlanırdı. Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Beləliklə, Zəfər tariximiz yazıldı. Bu sevincləri yaşadan Azərbaycan əsgəri qəhrəmanlıq simvoluna çevrildi. Döyüşdən qorxub qaçan erməni Azərbaycan əsgəri qarşısında məğlub olduğunu dünyaya göstərdi. "Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik", - deyə bildirən Cənab Prezident torpaqlarımızı ancaq Azərbaycan əsgərinin, Azərbaycan zabitinin azad etdiyini qeyd edirdi: "Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir". Əlbəttə ki, Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında mühüm rol oynadı.
"ERMƏNİSTAN ƏRAZİSİNDƏ AZƏRBAYCAN SİLAHLI BİRLƏŞMƏLƏRİNİN HEÇ BİR MƏQSƏDİ, HƏDƏFİ YOXDUR"
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı "Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik", - deyərək onu da bildirmişdi ki, Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir: "Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!".
Xalqımız demək olar ki, hər gün xoş müjdəli xəbər alırdı. Bu Azərbaycan xalqının 30 ilə yaxın həsrətlə gözlədiyi Qələbə soraqlı tarixi günlərin ilk müjdəsinə çevrildi.Bu gün Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara BÖYÜK QAYIDIŞA başlayıb: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır.Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir ", - deyə Cənab Prezident bildirib.
Zümrüd BAYRAMOVA