Mir Cəlal Əli oğlu Paşayev 45 il bundan öncə 1978-ci il 28 sentyabrda dünyasını dəyişmişdir. Mir Cəlal Paşayev 1908-ci il aprelin 23-də Ərdəbildə anadan olmuşdur. Gəncə Pedaqoji Texnikumunu bitirdikdən sonra 1927-ci ildən 1930-cu ilədək respublikanın müxtəlif rayonlarında məktəb müəllimi kimi çalışmışdır. Sonradan Kazan Pedaqoji İnstitutunda təhsil almışdır.
Daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almış və burada aspiranturanı bitirmişdir.1935-ci ildən ömrünün son günlərinədək Bakı Dövlət Universitetində işləmişdir. 1930-cu illərin əvvəllərində Mir Cəlalın ilk kitabları - hekayə və oçerklərdən ibarət "Sağlam yollarda", Azərbaycanın ağır keçmişinə və respublika zəhmətkeşlərinin yeni azad həyatına həsr olunan "Yüksəliş" kitabları nəşr olunmuşdur. 1935-ci illərdə Mir Cəlal ilk iri əsərini "Dirilən adam" romanını sonra isə Azərbaycan nəsrinin mükəmməl əsərlərindən sayılan "Bir gəncin manifesti" romanını yazmışdır. Mir Cəlal İkinci Dünya Müharibəsi illərində xüsusi ilə məhsuldar yaradıcılıqla "Açıq kitab" romanını yazmışdır. Hekayə və oçerklərdən ibarət vətən haqqında hekayələr – "Vətən oğlu" və s. əsərləri çap olunmuşdur. Bu əsərlər faşist işğalçılarına qarşı Azərbaycan xalqının fədakar mübarizəsini əks etdirmişdir. Mir Cəlal yazıçı kimi bir sıra yeni əsərlər yaratmış ədəbiyyatın klassikləri M.Ə.Sabir, C.Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında kitablar yazmışdır. Mir Cəlalın yaradıcılığı onun həyata fəal müdaxilə etdiyini, həssas bir insan, müşahidəçi olduğunu, ictimai prosesləri başa düşdüyünü, xalq həyatına dərindən bələd olduğunu göstərirdi. Onun əsərləri rus dilinə SSRİ və sosialist ölkələrinin dillərinə tərcümə edilmişdir. Mir Cəlal filologiya elminin inkişafına böyük xidmət göstərmişdir. O, "Ədəbiyyatşünaslığın əsası", ""Füzuli yaradıcılığının poetik xüsusiyyətləri", "Səməd Vurğunun poeziyası", "Şərqdə Mirzə Fətəli Axundovun ardıcılları" kimi fundamental əsərlərin müəllifidir. Mir Cəlal Paşayevin xidmətləri Vətən tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Oktyabr", "İstiqlal", Qırmızı Əmək Bayrağı ordenləri, "Şərəf" nişanı ordeni ilə təltif olunmuş, SSRİ-nin medalları ilə təltif olunmuş və Azərbaycan SSRİ-nin Əməkdar elm xadimi və Azərbaycan Lenin komsomolu mükafatlarının fəxri laureatı kimi fəxri adlara layiq görülmüşdür. Mir Cəlal Paşayev özünün bütün yaradıcılığı boyu özünəməxsus istedadı, geniş elmi biliyi ilə Azərbaycan xalqına xidmət göstərmişdir. İstedadlı yazıçı, görkəmli alim və gözəl insan olan Mir Cəlal Əli oğlu Paşayevin unudulmaz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaqdır. Əziz və unudulmaz müəllimim, Sizin böyük ruhunuz İnsanlığın ən uca zirvəsindədir. Siz hər gün, hər an tələbələrinizin qəlbində xatırlanırsınız !..
Allah rəhmət eləsin.
Mürsəlova Ofelya,
ADPU-nun sabiq baş müəllimi