Ermənilər Qarabağdan könüllü şəkildə gedirlər. Lakin müxtəlif dairələr yenə də bu məsələdə ağa qara demək niyyətindən əl çəkmir, bu gedişdə öz məqsədlərini axtarırlar. Bilə-bilə ki, onlar öz xoşları, istəkləri ilə gedirlər, yenə də dünyada Azərbaycana qarşı mənfi fikrin formalaşdırılması üçün dəridən-qabıqdan çıxırlar. Həqiqət isə bütün mənası ilə göz önündədir.
Bu həqiqətin isə birdən çox tərəfi var. Onlardan biri: Atalarımızın “dalaşanda elə danış, barışmağa üz saxla” misalı bunlar özünəməxsus papaqlarını qarşılarına qoyub fikirləşdi, götür-qoy etdilər ki, getmək lazımdır. Baxmayaraq ki, hələ 2020-ci ildə İkinci Vətən müharibəsi bitəndə dövlətimizin başçısı Qarabağda yaşayan erməni əhalinin Azərbaycan vətəndaşları olduğunu, onların təhlükəsizliyini dövlətin öz üzərinə götürdüyünü bildirmişdi, 19 sentyabrda birgünlük antiterror tədbirindən sonra ermənilərə humanitar yardıma başlanılmışdı, lakin onlar Qarabağı tərk etmək qərarına gəldilər. Artıq bir neçə gündür ki, Qarabağda olan yerli və xarici media və beynəlxalq təşkilatların nümayəndələri də təsdiq edirlər ki, ermənilər bu torpaqlardan öz istəkləri ilə gedirlər.
Alınan çoxsaylı müsahibələr, gedərkən yolda xarici nümayəndələrlə söhbətlər əsnasında məlum olur ki, onlara qarşı Qarabağda heç bir təzyiq yoxdur. Onlar öz istəkləri ilə gedirlər. Çünki qalmağa üz qoymayıblar. Düzdür, 2020-ci ildə 44 günlük müharibədə məğlub oldular, 30 il ərzində Azərbaycan torpaqlarında yaratmaq istədikləri “ böyük Ermənistan” xülyası parça-parça olub yerə səpələndi, torpaqlarımızda qurduqları beton barrikadalar göyə sovruldu, lakin 30 il əvvəli də göz önünə gətirmək lazımdır axı. Gətirirlər də. Məğlub olsalar da, qalibiyyətlərini də unutmurlar. Bu qalibiyyətləri zamanı soydaşlarımıza qarşı soyqırımını, deportasiyanı unutmurlar. Məhz elə buna görə də kürklərinə birə düşür. Çünki dalaşarkən barışmağa, eləcə də bu gün sülh şəraitində Qarabağda yaşamaq üçün üz qoyulmayıb. Bu səbəbdən də baxmayaraq ki, bəzi ermənipərəst qüvvələr ermənilərin köçünü etnik təmizləmə kimi qələmə verir, lakin bu, belə deyil, onlar öz istəkləri ilə gedirlər və bunu sübut edən saysız müsahibələr, faktlar var.
Hər kəs öz arşını ilə ölçür...
Ermənilərin Qarabağdan köçmələri, həm də öz istəkləri ilə köçmələri fonunda yenə də atalarımızın dəyərli deyimlərindən biri yada düşür: hər kəs öz arşını ilə ölçür. Bu xüsusda düşünmək olur ki, ermənilər bu məsələdə yenə də öz arşınlarını işə salaraq çox da uzaq olmayan keçmişə boylanıb düşünüblər ki, getməyimiz qalmağımızdan məsləhətlidir. Birdən azərbaycanlılar bizə bizim onlara qarşı etdiklərimizi edər.
Müsahibələrdən də göründüyü kimi, etiraf edirlər ki, onlara qarşı heç bir təzyiq yoxdur. Sadəcə özləri getmək istəyirlər. Tək bizim xalqa deyil, bütün dünya xalqlarına erməni xisləti çox yaxşı məlum olduğundan hər kəs bilir ki, ermənilərə qarşı Qarabağda hər hansı bir təkid olsaydı, onlar müsahibələrində bunu açıqca söyləyəcəkdilər. Lakin onlarla müsahibənin, söhbətin heç birində onların bir narazılığı belə səslənmir.
Onlar sadəcə keçmişə boylanarkən gördüklərinin fonunda düşünürlər ki, bəlkə biz də xislətcə onlara oxşaya bilərik. Lakin böyük səhvə yol verirlər. Azərbaycanlıların tarixin heç bir dönəmində erməni xislətinə oxşar bir cəhəti belə olmayıb və olmayacaq da.
Uzun illər qonşu olan xalqlar bir-birindən müəyyən xüsusiyyətləri əxz edirlər. Bəli, ermənilər bunu uzun illərdir ki, edirlər. Əxz etmək nədir, hələ olduğu kimi götürüb öz adlarına da çıxırlar. Mahnılarımız, musiqi alətlərimiz, rəqslərimiz, xalçalarımız, mətbəximiz və sair kimi. Lakin bu, azərbaycanlılara məxsus keyfiyyət olmayıb. Çünki hər cəhətdən o qədər zəngin bir xalqıq ki, əslində bizim bunlara ehtiyacımız yoxdur.
1992-2023... Oxşar fotolar, fərqli cəhətlər...
Fotolar, videolar bir-birinə çox bənzəyir. Hər ikisi köçdür. Lakin 1992-ci ildəki köçlə 2023-cü ildəki köçün şəkillərdə və fotolarda göründüyündən fərqli tərəfləri olduqca böyükdür. Bu fərqlərə nəzər salaq.
1992-ci il, Qarabağ.
İnsanlar böyük bir təşviş içərisindədir. Əllərində heç bir bağlama, çanta yoxdur. Yanlarında heç bir yük maşını görünmür. Əksəriyyəti yaralıdır. Ya başlarından, ya üzlərindən qan süzür, ya da əl-ayaqlarından. Ayaqlarında ayaqqabı yoxdur. Corabları cırıq-cırıqdır. Görünür ki, uzun yollar bu corabları deşik-deşik edib. Üzlərdən zülmün, əziyyətin ifadəsi açıqca oxunur. Onlar piyada üz tutublar irəliyə doğru. Hara gedirlər? Heç özləri də bilmir...
2023-cü il, Qarabağ.
Ermənilər köçürlər. Öz istəkləri, arzuları ilə. Əyinlərində paltarları, ayaqlarında ayaqqabıları. Sağ-salamatdırlar. Sanki harasa toya-ziyafətə gedirlər. Əllərində çamadanları, bağlamaları... Ətrafda xeyli avtomobil var. Yük dolu avtomobillərdir. Onlar ev əşyalarını da özləri ilə birlikdə aparırlar. Piyada deyillər, maşınlardadırlar. Onlardan müsahibə alınır. Sual verilir ki, nə üçün Xankəndidə qalmaq istəmirsiniz? Cavab verirlər ki, hamı gedirdi, dedim mən də gedim. Cavab verirlər ki, qalan ömrümü İrəvanda övladlarımla keçirmək istəyirəm. Cavab verirlər ki, qohumlar gedirdi, mən də getmək istədim. Cavab verirlər ki, hamı gedir, mən də onlarla getmək istədim. Bəs sizə kimsə buradan get deyib?- sualına hər biri yox, özümüz gedirik, deyirlər. Hələ çoxları Azərbaycandan dostları olduğunu, əvvəlki illərdə onlarla birlikdə fabrik və zavodlarda işlədiklərini də bildirir.
Gedirlər... Könüllü şəkildə gedirlər. Bəlkə də getmək istəmirlər, onlar sadə xalqın nümayəndələridir. Lakin 30 il əvvəlki və 30 il sonrakı separatçıların əməllərinin acısını onlar çəkir. Baxmayaraq ki, bizi çox gözəl tanıyırlar, lakin bizə edilənləri də yaxşı xatırlayırlar. Bu isə onlara qorxu, vahimə bəxş edir. Bəlkə də bu, qorxu, vahimə də deyil, bizimlə üz-üzə gəlməkdən utanırlar...
Sadəcə qanun çərçivəsində...
Hələ üç il əvvəl-2020-ci ildə dövlətimizin başçısı Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşları olduqlarını, burada azad, sərbəst şəkildə, lakin Azərbaycan qanunları çərçivəsində yaşaya biləcəklərini qeyd etmişdi.
Üç ildir ki, erməni əhali Qarabağda yaşayır, lakin Ermənistan dövləti əhalisinin qonşu dövlətin ərazisində necə yaşamaq hüququ olduğunu müəyyənləşdirmək fikrində deyildi. Necə ki, 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda üzərinə düşən öhdəliklərə əməl etmir, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, bununla yüzlərlə soydaşımızın həlak olmasına şərait yaradır, eləcə də Qarabağda yaşayan əhalinin də erməni əsilli olduğunu unudurdu. Eyni zamanda burada separatizmin baş qaldırmasına, terrorçu dəstələrin özbaşınalığına da reaksiyasız qalmışdı. Hələ üstəlik Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına narahatlığını da bildirirdi. Məqsəd isə bu yol vasitəsilə buraya separatçıların və silah-sursat və texnikanın yerləşdirilməsi idi.
Nəticə isə üç ildir ki, göz qarşısındadır. Baxmayaraq ki, müharibə bitib, sülh sazişi imzalanıb, lakin Qarabağda erməni terror qruplaşmasının əməlləri bitmirdi.
Sentyabrın 19-da Azərbaycan öz torpaqlarında erməni terrorizminə qarşı apardığı bir gündən də az antiterror tədbirindən sonra onlar yenə də ağ bayraq qaldırıb təslim oldular. Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri ilə bağlı danışıqlara razı olduqlarını bildirdilər. Danışıqlar sentyabrın 21-də Yevlax şəhərində həyata keçirildi və Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiyası məsələləri müzakirə olundu.
Danışıqlardan dərhal sonra Azərbaycan Xankəndini Azərbaycan işığı ilə təmin etdi, həmçinin də bölgəyə humanitar yardım göstərməyə başladı.
Bütün bu hadisələrin fonunda ermənilərin Xankəndini tərk etmələri deməli, onların öz düşüncələrinin məhsuludur. Bir də yuxarıda da qeyd etdiyim kimi dalaşarkən barışmağa saxlamadıqları üzdür. Əslində, saxlamadığın üzün mahiyyətinə varmağın özü böyük bir düşüncədir. Belə isə, əgər saxlamadıqları üz üçün Qarabağdan gedirlərsə, əlbəttə, özləri bilər. Yox, əgər onlar üçün hansısa bir təhlükə olacağını düşünürlərsə, burada səhvə yol verirlər. Çünki üç il ərzində orada heç bir təhlükə ilə üzləşməyiblər. Digər tərəfdən, Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, bunun üçün gedirlərsə, bu dəfə tamamilə özləri bilər. Lakin onlara qarşı heç bir təzyiq olmayıb, bunu özləri də etiraf edir, müsahibələri də göstərir. Qarabağdakı hazırki vəziyyət, videoçəkilişlər də təsdiqləyir.
Gedəni saxlamaq olmaz...
Bəli, gedəni saxlamaq olmaz. Hələ o da ola 30 ildə xalqımızın başına olmazın müsibətlərini gətirən düşmən ölkəyə məxsus insanları. Gedənin yolu açıq olsun. Birgə yaşayışı qəbul etməyən, Azərbaycanın Konstitusiya quruluşuna riayət etməyi özünə sığışdırmayan insanın öz-özlüyündə seçdiyi yoldur bu. Biz bu qədər işğalın, bu qədər soyqırımının, bu qədər deportasiyanın, bu qədər itkinin qarşısında yenə də humanistliyimizi göstərdik, onlara “qalın”, dedik. Onlarsa getməyi seçdilər.
Lakin qoy gedənlər bilsinlər ki, onlar üçün təhlükə hər zaman öz ölkələri tərəfindən olub. Elə 30 ilin o başında da, bu başında da. 30 ilin o başındakı mənzərələr, bu başındakı yeni tamahlar, müharibə, müharibədən sonrakı hadisələr, hansı ki, onları yuxarıda sadalamışam, bütün bunlar erməninin erməniliyində qaldığını sübut edən amillərdir. Bütün bunlardan əziyyət çəkən isə bax, bu gedənlərdir.
Qoy gedənlər, bunları heç vaxt unutmasınlar. Unutmasınlar ki, dövlətləri ədalətsizcəsinə, haqsızcasına qonşu ilə 30 il ərzində bütün münasibətləri sıradan çıxardı. Bizdə bir gözəl misal da var: pərdəni aradan qaldırmaq olmaz. Bax, erməni yığnağı iki xalq arasında qonşuluq pərdəsini aradan qaldırdı. Hansı ki, bu pərdəni qoruyub saxlamaq müharibələrdən çox-çox çətin işdir...
Mətanət Məmmədova