PDF Oxu

Siyasət

  • 1 942

Sarsılmaz birliyimizin təcəssümü TƏHLİL

Sarsılmaz birliyimizin təcəssümü TƏHLİL

Xalq öz tarixi ilə tanınır, öz tarixi ilə böyüklüyünü təqdim edir. Azərbaycan xalqı o xalqlardandır ki, zaman-zaman işğalçıların torpaqlarına hücumu ilə üz-üz dayanıb, mücadilə aparıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyevin 2020-ci ilin noyabrın 10-da xalqa müraciəti tarixdə yeni səhifə oldu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bu müracət yeni bir günün başlanmasıdır.
Vətən müharibəsində İqtidar – Xalq – Ordu birliyi öz bəhrəsini verdi. Hamı yumruq kimi birləşdi, hər kəs Qələbəyə öz tövhəsini verdi və möhtəşəm Qələbə qazanıldı. Bu qələbənin qazanılmasında şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərdilər. Onların qarşısında baş əyirik və Azərbaycan xalqı hər zaman onların xatirəsini yad edəcək. Belə oğulların keçdiyi yollar ərənlik məktəbi olaraq öyrənilir və öyrəniləcəkdir. Dövlət başçısının məlum Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Günü təsis edilib. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq Zəfər muzeylərimiz yaradılır. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır.

VƏTƏN MÜHARİBƏSİ MEMORİAL KOMPLEKSİNİN VƏ ZƏFƏR MUZEYİNİN LAYİHƏSİ HAZIRLANIB

Bildiyimiz kimi, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulub. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaqdır.
Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. 8 Noyabr prospektində inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edəcək. Giriş portalındakı tağın hündürlüyü 44, eni isə 22 metr olacaq. Tağın üzərində Vətən müharibəsi qəhrəmanlarının adları həkk ediləcək. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradacaq.

"DƏMİR YUMRUQ" ZƏFƏRİN ƏSASINDA DAYANAN LİDER, XALQ, DÖVLƏT VƏ ORDU BİRLİYİNİN RƏMZİ OLACAQ

Zəfər Muzeyinin əsas girişində yaradılacaq "Dəmir yumruq" simvolunun üzərində Qələbənin tarixi qeyd ediləcək. "Dəmir yumruq" Zəfərin əsasında dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin rəmzi olacaq. Muzeyin divarında Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş əsgər və zabitlərimizin adları həkk ediləcək.
Parka doğru keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə iki güclü əlaməti - Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.
Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası, parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası nəzərdə tutulur. Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri və oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq. Azadlıq Bayrağı Meydanına gedən yol Vətən müharibəsinin rəmzi kimi 44 bürünc döşəmədən ibarət olacaq.

ŞƏRQİ ZƏNGƏZUR VƏ QARABAĞ BÖLGƏLƏRİNDƏ İŞĞAL VƏ ZƏFƏR MUZEYLƏRİ YARADILIR

İşğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlər həyata keçirilir. Azərbaycanın otuzillik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilmişdir. Vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ ərazilərində Zəfər və İşğal muzeylərinin yaradılması təklifi açıq səma altında muzeylərin yeni forması kimi Ağdamda öz real həllini tapdı. Bu kompleks müasir üslubda dizayn edilmiş muzey binası, xatirə gölü, memorial bağ və dağıntılardan ibarət olacaq. Ağdam Zəfər muzeyi kompleksi 5 hektara yaxın ərazini əhatə edəcək və bu bölmə müasir dizayna malik bina, Bayraq meydanı və Zəfər arenası hissələrindən ibarət olacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir. Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir. Muzeyin binası əzəmətli və estetik gözəlliyi ilə fərqlənən memarlıq quruluşuna malikdir. Belə ki, binanın təpənin yamacına doğru uzanması sabitlik və dayanıqlılığı ifadə edir. Rəmzi olaraq binanın quruluşu torpaqdan güc alaraq səmaya doğru yüksəlişi təcəssüm etdirir. Binanın qismən yerin alt hissəsinə keçən maili forması sayəsində muzeyin ümumi daxili sahəsi 2400 kvadratmetr təşkil edir. Ərazinin relyefi ilə ahəng yaradan tikilinin dam hissəsində həm binanın daxilindən lift vasitəsilə, həm də Memorial Parkdan keçid imkanı olan iki panoramlı terras yerləşəcək. İkinci mərtəbədə İşğal Muzeyi, dördüncü mərtəbədə isə Zəfər Muzeyi yaradılacaq. İşğal və Zəfər muzeylərinin yerləşdiyi mərtəbələrdə muzeylərin tematikasını əks etdirən bədii instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtəlif məzmunlu sərgilər təşkil ediləcək.Kompleksin ərazisində şəhərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq. Memorial Parka daxil olan dağıntılar bədii instalyasiyalarla zənginləşdirilərək açıq səma altında muzeyə çevriləcək.Muzeylər Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirəcək mərkəzə çevriləcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər