Azərbaycan sözünün üstündə durur və qətiyyətlə Qarabağ iqtisadi rayonunun reinteqrasiyası üçün müəyyən edilmiş bütün vəzifələrin həllinə yönəlib: bu, həm Qarabağı tərk edən ermənilərə şərait yaradılmasında, həm də qalmaq qərarına gələnlərə humanitar dəstəkdə ifadə olunur. Bunlara ucsuz-bucaqsız axınla gedən ərzaq karvanları və təcili tibbi yardım da daxildir. Bu arada, dünya ekspert birliyi Azərbaycan Silahlı Qüvvələrinin terrorizmə qarşı mübarizə tədbirlərinin nəticələrini yekunlaşdırmaqda və Bakının misilsiz uğurlarını təhlil etməkdə davam edir. “Səs” qəzeti “Caliber” analitik mərkəzinə istinadən ekspertlərin fikirlərini təqdim edir.
İsrailli zabit və hərbi analitik Yiqal Levin:
Qarabağ separatçıları 44 günlük müharibənin bitməsindən keçən 3 il ərzində heç bir ibrət dərsi almamışlar, bu, onların qoşunlarının yerləşdirilməsindən aydın görünür: artilleriya və istehkamlar müşahidə strukturları, radarlar və digər obyektlər üçün açıq idi.
Aydın idi ki, onlar Azərbaycanın hərbi əməliyyatlarının gedişatına Ermənistan Silahlı Qüvvələrinin, KTMT qoşunlarının, Rusiyanın və ya başqasının müdaxilə edəcəyinə ümid edirlər. Separatçılar birmənalı olaraq tək qalacaqlarını düşünmürdülər.
Eyni zamanda, biz gördük ki, hərbi əməliyyatlar başlayan kimi Paşinyan özünü təcrid etməyi üstün tutdu və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı heç bir hərbi əməliyyatda, o cümlədən separatçılara yardımda iştirak etməyəcəyini bəyan etdi.
Azərbaycan rəhbərliyi 1 sutka davam edən ildırımsürətli əməliyyatı bacarıqla həyata keçirdi. Bu, çox vacibdir, çünki çox vaxt dövlət liderləri müharibə, hərbi əməliyyat üçün uyğun vaxtla bağlı strateji səhvlərə yol verirlər. Azərbaycanın antiterror tədbirlərini belə sürətlə həyata keçirməsi Azərbaycan kəşfiyyatı ilə siyasi eşalonun işinin ahəngdarlığından xəbər verir; bu məqamların birləşməsi onilliklər sonra Azərbaycanın bütün ərazisi üzərində tam suverenliyini bərpa etməsində mühüm rol oynadı.
Bakının analitik cəhətdən nə qədər düzgün və səmərəli işlədiyini ən azı Xankəndinin elektrikləşdirilməsinin erməni operatordan Azərbaycan operatoruna nə qədər tez keçməsindən görmək olar.
Antiterror tədbirlərinin həyata keçirilməsi taktikasına gəlincə, bu qüsursuz idi. Əməliyyatın elə ilk saatlarında düşmənə sarsıdıcı ziyan vurulması qeyd-şərtsiz uğur sayıla bilər. Və bu, separatçı liderlərin niyə belə tez silahı yerə qoymağa qərar verdiyini izah edir.
Silahsızlaşdırma prosesinə gəlincə. Fikrimcə, bu uğur sübut edir ki, ilk növbədə erməni separatçıları ağır silahları- tankları və döyüş maşınlarını təhvil veriblər. Bu, heç də sadəcə silahlıları pulemyotlarla tərksilah etmək kimi deyil- biz, əslində, birləşmiş əməliyyatları aparmağa qadir olan nizami ordunun tərksilah edilməsindən danışırdıq. Baxmayaraq ki, eyni zamanda, azərbaycanlı həmkarlarımı xəbərdar etmək istərdim: yəqin ki, bu qədər illər ərzində silahlar üçün çoxlu məxfi anbarlar yaradılıb, ona görə də tərksilah əməliyyatı bundan sonra da, region tamamilə silahsızlaşdırılana qədər davam etdirilməlidir. Və vəziyyətə xələl gətirmək əzmində olan ayrı-ayrı ünsürlərin bu silahlardan istifadə etməyə, təxribatlar törətməyə cəhd etməsi- bunun riski, təəssüf ki, həddən artıq böyükdür.
Təbii ki, indi, mənim fikrimcə, Qarabağa böyük investisiyalar lazımdır- dağıdılan hər şeyi- infrastrukturu bərpa etmək, sonradan istehsal və iş yerləri yaratmaq lazımdır. Bu kontekstdə mənə elə gəlir ki, Azərbaycan üçün, o cümlədən qalmaq istəyən ermənilərə ərazilərin qaytarılmasının insanların həyatında sözdə deyil, əməldə keyfiyyətcə irəliləyiş olduğunu göstərmək çox vacibdir. Buna şübhə olmasa da, 44 günlük müharibədə Azərbaycan tərəfindən işğaldan azad edilmiş torpaqlarda nə qədər işlər görüldüyünə nəzər salsaq hər şey aydın olar. Və mən hesab edirəm ki, Qarabağ bölgəsinin də “iqtisadi rayon” adlandırılması təsadüfi deyil- Bakı bu adı birmənalı şəkildə quruculuq və inkişafa yönəlmiş mənaya qoyub.
Ukraynalı politoloq, Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos:
Regionun tam reinteqrasiyasından danışmaq tezdir, çünki bu, bir sıra iqtisadi, siyasi və humanitar addımları əhatə edir, onların əksəriyyəti hazırda ilkin mərhələdədir.

Bu gün biz iki ilkin mərhələ görürük: birincisi, qeyri-qanuni hərbi birləşmələrin tərksilah edilməsi; ikincisi azad edilmiş ərazilərdə tam hakimiyyətin ötürülməsi zamanı asayişin qorunmasına və xaosun qarşısının alınmasına yönəlmiş humanitar tədbirlərdir. Burada humanitar aspekt mühüm rol oynayır- infrastrukturun fəaliyyətinin saxlanılması və əhalinin təhlükəsizliyinin təmin edilməsi, talançılığın qarşısının alınması və filtrasiya tədbirlərinin həyata keçirilməsi. Bununla paralel olaraq yerli erməni əhalisinin nümayəndələri ilə də dialoq aparılır. Qeyd edim ki, Azərbaycan tərəfi kifayət qədər ehtiyatlı davranaraq, qondarma “etnik təmizləmə”nin təşkili ilə bağlı hər hansı ittihamın qarşısını almağa çalışır.
Başqa sözlə, mənim fikrimcə, hazırda bir sıra sabitləşdirmə tədbirləri həyata keçirilir və bundan sonra regionun reinteqrasiyası üçün addım-addım addımlar atılmağa başlayacaq.
Gürcüstanlı siyasətçi, Qafqaz Xalqları Konfederasiyasının sədri Zaal Kasrelişvili:
Qarabağ məsələsinin həlli dondurulmuş münaqişələrin həlli üçün bir nümunədir. Bu texnikadan digər postsovet ölkələrində də oxşar münaqişələrin həlli üçün istifadə oluna bilər, bu, çox yaxşı presedentdir.

Fikrimcə, Qarabağ erməniləri Qarabağda layiqli yaşamağa arxayın ola bilərlər, çünki Azərbaycan dövləti onlara buna təminat verir.
Qarabağ regionunda reinteqrasiya prosesi davam edir, bu, dönməzdir. Mən bu prosesi insan sağlamlığı və xəstəliyin inkişafı ilə müqayisə edərdim. İndi işğal (xəstəlik) başa çatdıqdan sonra, bütün orqanlar işlədiyi zaman xəstənin sağlam, normal vəziyyətinə qayıdan reabilitasiya prosesi başlayır.
Obyektivlik naminə qeyd edirəm ki, bu, İrəvan üçün də fürsətdir. Ermənistan üçün bu, bərpa və normal həyata aparan yoldur. Qarabağın işğalı səbəbindən Ermənistan və onun iqtisadiyyatı inkişaf etmədi, ölkə tənəzzülə uğradı. Amma indi onun normal dövlət olmaq şansı var.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb