Biz "İrəvan, Zəngəzur, Göyçə, Basarkeçər, Zəngibasar Azərbaycandır!" şüarını səsləndirə bilərik və səsləndiririk də
Ermənistanın baş naziri Nikol Paşinyan hələ ki, iki ayağını bir başmağa dirəməklə sülhün əldə edilməsi prosesini bacardığı qədər uzatmağa cəhdlər edir. Lakin fakt budur ki, hər necə olursa-olsun, Paşinyan əvvəl-axır bu sazişə imza atacaq. Onun heç bir çıxış yolu da zatən yoxdur...
Nəticədə gəlirik əsas məsələyə!
Ancaq məsələ ondadır ki, sülh sazişi imzalanar-imzalanmaz Ermənistan Azərbaycan torpaqlarını 30 illik işğalda saxladığına görə reparasiya ödəməli olacaq. Daha dəqiq desək, işğal dövründə vurulan zərər türklər demişkən, paşa-paşa ödəniləcək!
Məsələ həm də ondadır ki, Ermənistan tərəfi 2020-ci ilin noyabrından sonra üç onillik boyunca Azərbaycan torpaqlarına nəzarət etdiyini rəsmən boynuna alıb. Və məhz bu razılaşmadan sonra Paşinyan Qarabağda qeyri-qanuni yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılacağını vəd etdi. Nəticədə gəlirik əsas məsələyə!
Bu məbləğ 100 milyard dollardan 1,3 trilyon dollara qədər dəyişə bilər
Əgər Ermənistanla Azərbaycan arasında nəhayət ki, sülh müqaviləsi imzalansa və tərəflər bir-birinin ərazi bütövlüklərini tanısa Azərbaycan Ermənistanı Avropa konvensiyasının 1950-ci ildə qəbul etdiyi insan haqlarının və azadlıqlarının müdafiəsi, həmçinin, Cenevrə konvensiyaları və normaları yönündə məhkəməyə verəcək. Səbəb isə bəllidir: ölçüyəgəlməz ziyan, on minlərlə insanın ölümü, minlərlə kənd və qəsəbələrin, iri şəhərlərin dağıdılması, mədəni irsin, genofondun yer üzündən silinməsi və s.
İndi isə gələk tələb ediləcək təqribi məbləğə. Bu məbləğ 100 milyard dollardan 1,3 trilyon dollara qədər dəyişə bilər. Xatırlatmaq yerinə düşərdi ki, rəsmi Bakı artıq 2 ildir bu sənədlər üzərində işləyir. Məhkəmə dinləmələrinə gəldikdə isə rəsmi İrəvanın heç bir müdafiə olunmaq mexanizmi mövcud olmayacaq. Dünya bilavasitə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların fonunda işğal faktını təsdiqləyib!
Məsələn, Qərbi Azərbaycan torpaqlarının tarixi sahiblərinə geri dönməsinə qədər...
Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı məqamda ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamasına hər vəchlə mane olmağa çalışır. Çünki ortada yuxarıda qeyd edilən məbləğlərdə reparasiya faktoru dayanmaqdadır.
Qaldı ki Ermənistanın bu addıma getməməsinə, bu, artıq başqa mövzudur. Məsələn, Qərbi Azərbaycan torpaqlarının tarixi sahiblərinə geri dönməsinə qədər. Təkcə ötən əsrin ilk onilliklərinin xəritələrində hər şey açıq-aydın göstərilib və zaman gələ bilər ki, biz "İrəvan, Zəngəzur, Göyçə, Basarkeçər, Zəngibasar Azərbaycandır!" şüarını səsləndirə bilərik və səsləndiririk də. Paşinyan bax, bu barədə də düşünməlidir...
Afət Tahirqızı