Hüquqi, demokratik dövlət quruculuğu prosesini əsas götürüb, hədəflərinə doğru irəliləyən hər bir dövləti azad mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Media ekspertləri tərəfindən o fikir vurğulanır ki, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Digər tərəfdən, mətbuat cəmiyyətlərin inkişafına, insanların ümumi dünyagörüşünün formalaşmasına təsir göstərir, qayğılarının işıqlandırılmasında, mövcud problemlərin qabardılaraq aradan qaldırılmasında mühüm rola malikdir. Tam əminliklə demək olar ki, bu gün Azərbaycanda müstəqil mətbuat formalaşıb. Səbəbi də dövlət tərəfindən medianın inkişafına hərtərəfli dəstəyin göstərilməsidir. Müxtəlif vaxtlarda jurnalistlərin sosial-məişət problemlərinin həlli, redaksiyaların maddi-texniki bazasının güclənməsi istiqamətində Prezident sərəncamları imzalanıb, müvafiq qanunlar qəbul edilib. Bütün bunlar jurnalistlərin daha sərbəst və rahat şəkildə peşə fəaliyyətlərini davam etdirmələrinə imkanlar yaradıb. Düzdür, yaradılan şəraitdən bəzi şəxslər, qruplar istifadə etməyə çalışırlar və müəyyən məqamlarda istəklərinə də nail olurlar.
Yalan məlumatların yayılması Qanunaziddir və cinayət məsuliyyəti yaradır
Əksər hallarda siyasiləşmiş qəzet və saytlar milli və dövlətçilik maraqlarına zidd olan, peşə fəaliyyətinin tələblərinə uyğun olmayan xəbərlər paylaşır, şərhlər və təhlillər yazırlar. Bu kimi yazılarla tanış olduqda, aydın şəkildə hiss olunur ki, məqalələr sifarişli yazılıb. Çünki xəbərin verilməsi, şərhlərin ifadə edilməsi birbaşa siyasi dairələrin dəfələrlə səsləndirdikləri və ya internet tv-lərdə açıqladıqları fikirlərlə uyğunluq təşkil edir. Dövlətimizin böyüklüyü və xeyirxahlığı bu məqamda da özünü göstərir. Yəni, siyasiləşmiş jurnalistlərin yazdıqlarına, səsləndirdikləri şər və böhtanlara görə hansısa hüquqi addımlar atmır. Halbuki qanunvericiliklə dövlətin ali məqsədi həm də ondan ibarətdir ki, cəmiyyətdə çaşqınlığın yardılmasının qarşısını almaqdır. Acınacaqlı hal ondan ibarətdir ki, peşələrinə xəyanət edən “jurnalist”lər var ki, onlar öyrəncəli olduqları sifarişli informasiya yayımını ümummilli proseslər zamanı da davam etdirirlər. Biz bu kimi xoşagəlməz halları istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də Qarabağda aparılan antiterror tədbirləri zamanı da müşahidə etdik. Belə yalan məlumatların yayılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa ziddir və cinayət məsuliyyəti yaradır.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd etmişdir ki, ümumilikdə Azərbaycan mediası baş verən hadisələrə təmkinlə yanaşır, məsələnin əhəmiyyətini və həssaslıq dərəcəsini nəzərə alır, fəaliyyətini müvafiq qanunvericiliyin tələbləri əsasında qurur: “Bununla yanaşı, bəzi hallarda sosial şəbəkə istifadəçiləri tərəfindən qanun və ədalət prinsipinə söykənən bu cür tədbirlərə kölgə salmaq, Azərbaycan əsgərlərinin həyatı təhdidlə üzləşdiyi halda həmin təhdidlərə cavab olaraq hərbi əməliyyatların keçirilməsinə qarşı çıxmaq, yalan məlumat yaymaq, saxta və ya köhnə görüntülər paylaşmaq, heç bir əsas olmadan onları aktuallaşdırmaq cəhdləri müşahidə olunur. Təəssüflə qeyd edilməlidir ki, xoş niyyət daşımayan həmin cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələnir”.
İnformasiya əldə etmək ifadə azadlığının əsas hissəsini təşkil edir
Bəli, qanunvericiliyə görə, informasiya əldə etmək ifadə azadlığının əsas hissəsini təşkil edir. Fərdlərin ictimai bilgi sahibi olan qurumlardakı informasiyalara çatım haqqı var. BMT İHK dövlətlərin ictimai məzmunlu bilgiləri proaktiv (öz-özünə) açıqlamalı olmasını, bununla bağlı bilgilərə çatımı asanlaşdıran qanunvericilik yaratmalı olmasını xüsusi qeyd edir. İnformasiya əldə etmək hüququnun təmin edilməsi bütün ictimai funksiya daşıyan qurum və fərdləri əhatə edir. Bilgilərə çatım da məhdudiyyətlərə məruz qala bilər, ancaq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakta uyğun gəlməlidir. İfadə azadlığı hüququ ilə bağlı yuxarıda bəhs edilən təminatlar mediaya, jurnalistlərə münasibətdə təmin edilir. Beynəlxalq insan haqları qurumları, öz sənədlərində “qanunun aliliyinə söykənən dövlətlərdə medianın önəmli rolu”nu və demokratik cəmiyyətlərdə medianın açar rolunu dəfələrlə qeyd ediblər. Məsələn, BMT İHK qeyd edir ki, “İctimai və siyasi məsələlərlə bağlı informasiya və ideyaların vətəndaşlar arasında sərbəst yayılması həyati önəm daşıyır. Bu durumda ictimai məsələlərlə bağlı hər hansı senzura və ya məhdudiyyətlər olmadan məsələləri şərh edə bilən, ictimaiyyəti məlumatlandıran azad media vazkeçilməzdir. Həm də ictimaiyyətin medianın xəbərlərinə əldə etmək haqqı var”.
İfadə azadlığı Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi ilə qorunur. Həmin maddəyə görə, “hər bir şəxs fikir və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir; bu hüquqa maneəsiz olaraq əqidəyə malik olmaq və dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyaları istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir”. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsi bu hüququ daha geniş ifadə edir. Qeyd edilən sənədlər bütün dövlətlərin üzərinə bu hüququ qarantiya altına almaq öhdəliyi qoyur. Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığı hüququnu daha əvvəldə qeyd etdiyimiz sənədlərdə olduğu kimi qoruma altına alır və Avropa Şurası məkanına daxil olan ölkələr bu qarantiyaları təmin etmək öhdəliyi daşıyırlar. İfadə azadlığı hüququ təməl hüquq olsa da, mütləq deyil. Dövlətlər bu hüquqa legitim əsaslarla məhdudiyyətlər gətirə bilərlər. İctimai sağlamlıq da həmin legitim əsaslardan biri ola bilər. Ancaq BMT-nin yazının əvvəlində qeyd edilən 2 sənədi şərh etməklə vəzifələndirilmiş İnsan Haqları Komitəsi (BMT İHK) qeyd edir ki, bu məhdudiyyətlər istisna hallarda, 3 mərhələli testdən keçirilməklə tətbiq oluna bilər. Tətbiq edilən məhdudiyyətlər mütləq bu xüsusiyyətlərə sahib olmalıdır: 1) Qanunda nəzərdə tutulmalıdır. Burada qanun deyərkən, parlamentin qəbul etdiyi akt nəzərdə tutulur; 2) Qanuni bir məqsədə çatmağı hədəfləməlidir. Məhdudiyyətin məqsədi başqa şəxslərin hüquqlarına hörmət, milli təhlükəsizlik, ictimai düzən, sağlamlıq və ya əxlaqı qorumaq olmalıdır; 3) Gərəkli və adekvat olmalıdır.
“Jurnalist” Qarabağın sürətlə və qısa müddətdə azad edilməsindən təəccübləndiyini sayıqlayır
Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdaş olduğu beynəlxalq qanunlara görə, hər bir vətəndaşın informasiya almaq və onu yaymaq azadlıqlarına malikdir. Təbii ki, informasiyanın yayılması təxribatlara və cəmiyyətdə çaşqınlıq yaradılmasına yönəlməməlidir. Yuxarıda qeyd etdiyim kimi, bəzi siyasiləşmiş, xüsisilə də, dağıdıcı müxalifət partiyalarından təlimat alan və xarici maraqlı dairələr tərəfindən maliyyələşən saytlar və intenet tv-lər kor-koranə addımlar atır və fəaliyyətlərini daha çox onlara təqdim edilən tezislər üzərində qururlar. Fikir verin, Xankəndidəki terrorçu qüvvələrin əsas simalarından olan Ruben Vardanyan Laçın sərhəd keçid məntəqəsində saxlanılaraq Bakıya gətirildiyi xəbərinə təxribat maşını hesab olunan internet tv-nin “aparıcısı” verilişində “guya Vardanyan saxlanılıb” deyə qeyd edir. Vardanyan saxlanılıb, bu məlumatı dünyanın əksər KİV-ləri də tirajladı. Həmin aparıcının gözlərində tor var, bu, başqa söhbətin mövzusu ola bilər. Digər tərəfdən, Vardanyanın saxlanılmasından narahat olubsa, bu da anlaşılandır. Çünki himayədarlarından biri zərərsizləşdirilib. Ancaq fakt budur ki, həbs olunan Vardanyanın özüdür. Yəni, nə müqəvvasıdır, nə də oxşarıdır, Xankəndinə Azərbaycanın konstitusiya quruluşuna, ərazi bütövlüyünə və suverenliyinə qarşı çağırışlar edən, erməni əsilli şəxsləri silahlandırıb, əsgərlərimizin, mülki insanlarımızın qətlə yetirilməsinə, evlərin yağmalanmasına göndərən Vardanyan həbs olunub. Şübhələri varsa, buyurub təcridxanaya gedib terrorçu Vardanyanla görüşüb, dərdləşə bilər.
Başqa bir ağzıgöycək “jurnalist” isə Qarabağın sürətlə və qısa müddətdə azad edilməsindən təəccübləndiyini sayıqlayır. Lakin başa düşmür ki, 30 il qısa müddət deyil, elə arasında deyildiyi kimi, bir igidin ömrüdür. “Sürətlə alınıb” deməsi isə, onun ağrı-acı çəkmədiyinin göstəricisidir. Çünki 30 il ərzində, xüsusilə də, 44 günlük Vətən müharibəsində və 23 saat 44 dəqiqə çəkən lokal antirror tədbirləri zamanı ümumilikdə minlərlə şəhid vermişik, minlərlə qazimiz olub. Məhz şəhidlərimizin qanı, qazilərimizin canı bahasına, xalqımızın Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Sentyabrın 28-də Azərbaycan polisi Xankəndinə daxil oldu. Artıq bütün Qarabağımız rahat nəfəs alır. Fəxrlə deyiririk, “biz adını dünya hərb tarixinə qızıl həriflərlə yazan qalib xalqıq”. Qürurverici anları bizə yaşatdığına görə, Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə min dəfələrlə təşəkkürlər. Ordumuza təşəkkürlər. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə cansağlığı arzulayırıq.
İ.ƏLİYEV