"Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Bütün xalqların nümayəndələrinə yaradılan şərait burada – Azərbaycanda hökm sürən ab-havanın göstəricisidir. Belə bir məkanda yaşamaq özü bir xoşbəxtlikdir. "Biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində", - deyən Prezident bildirib ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür: "Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir".
"ÜMİD EDİRƏM Kİ, BİZİM TƏKLİFİMİZ QƏBUL OLUNACAQ"
Bu gün Qarabağda yaşayan sadə insanlar yardılan şəraitdən yararlanmalıdırlar. "Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir".
Həmişə olduğu kimi, bu gün də ermənilər dünyaya özələrini əzilən, yazıq xalq kimi təqdim edirlər. Əsrlərdir ki, Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti dünya üçün nümunəvi modelə çevrilib. Nümunəvi tolerantlıq məkanına çevrilmiş Azərbaycanda multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Əlbəttə ki, istənilən ölkədə multikultural dəyərlərə sahib olmaq anlaşılmazlığa, fobiyaya, milli və dini münaqişələrə son qoymaq deməkdir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Cənab Prezident onların bütün hüquqlarının təmin ediləcəyini bildirib. Belə ki, təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları və s. təmin olunacaqdır. Onların Qarabağdan getmələrinə heç bir əsas yoxdur. Uzun illər bu torpaqlarda yaşayan ermənilər guya nədənsə ehtiyatlanırlar. Azərbaycan xalqı mədəni, multikultural dəyərlərə malik xalqdır. Ermənistan isə monodövlətdir, burada ermənilərdən başqa heç bir millət yaşamır. Azərbaycanda isə bu baxımdan rəngarənglik mövcuddur.
Tarixi dövrə nəzər salaq. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılıb. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirilib. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırılıb. 1895–1896-cı illərin hadisələrində isə təxminən 60 000 erməni Qafqazda məskun edilmişdir. Mənbələrə əsasən, 1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür.
Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi. Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başlandı.
AZƏRBAYCAN DÜNYAYA SÜLH TOXUMU SƏPİR
Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayır və yaşayacaqlar. Bəli, bu, Azərbaycan gerçəklikləridir.
Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb və bu davam edir. ABŞ-da və Avropa məkanında dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların özünün büruzə verdiyi halda, Azərbaycan reallıqları həqiqətən də, öyrəniləcək bir modeldir. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər, artıq sülhə xidmət etmir. Bu dövlətlərin demokratik dəyərlərə sadiqliyi şübhə doğurur. Bu gün Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq dünyada belə bir soyqırımının təkrarlanmasını istəmir, torpaq uğrunda şəhidlər verən Azərbaycan dünyaya sülh toxumu səpir. Qoy hər yandan sülh qoxusu gəlsin, sülh və birgəyaşayış təmin olunsun.
Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir.
AZƏRBAYCAN GERÇƏKLİKLƏRİ
Azərbaycanda Avropa ölkələrindən gələn turistlər xristianlıqla bağlı abidələrə üz tutarkən bunun təzahürünü görmüş olurlar. Şəkinin Kiş kəndindəki alban məbədi, Qəbələnin Nic kəndindəki alban kilsəsi bu qəbildəndir. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, İvanovka və başqa kəndlər dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qəbələ də müxtəlif xalqların bir məkanda yaşadığı yerdir. Bura gələn hər kəs multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu görürlər. Fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyildi. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin bir göstəricisidir. Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. Müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşaması dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. "Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən", - deyən Azərbaycan Prezidenti bildirib ki, dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.
Nəzakət ƏLƏDDİNQIZI