Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmən üzərində parlaq qələbə qazanıldı. Zəfər Müharibəsində həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Ermənistan müharibənin gedişində insanlığa sığmayan hər bir əmələ əl atdılar. Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutulub. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib. Azərbaycan Ordusunun həyata keçirdiyi unikalı əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub.
Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir. Allah bütün şəhidlərimizə rəhmət etsin.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatı