PDF Oxu

Siyasət

  • 3 879

Böyük Qayıdış: Zəngilan və Cəbrayılda yeni hədəflər TƏHLİL

Böyük Qayıdış: Zəngilan və Cəbrayılda yeni hədəflər TƏHLİL

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika 44 günlük Vətən müharibəsində döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünü göstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu.

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilmişdir. Məlumdur ki, bu prioritetlərə söykənən Azərbaycan Prezidentinin 2022 - ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər prioritet olaraq əksini tapıb. Bu gün işğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə bu əraziləri müasir şəhərə çevirəcək.

HƏR DAŞINDA BİR TARİX

44 günlük Vətən müharibəsində Cəbrayıl və Füzulidən sonra döyüş meydanında azad olunan 3-cü şəhər Zəngilan oldu. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək, xilas olmuşdular. Xatırladaq ki, Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən, Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Burada müxtəlif dövrlərə aid daş abidələri vardır. Hər daşında bir tarix yaşayır. Hər bir ərazisi Azərbaycan tarixindən xəbər verir. Belə zəngin tarixi ilə tanınan Zəngilanın artıq müharibənin 24-cü günündə bir neçə kəndi və Zəngilan şəhəri artıq işğaldan azad olundu.

"TƏHLÜKƏSİZLİK, RAHATLIQ, RİFAH, MƏŞĞULLUQ VƏ GƏLƏCƏK İNKİŞAF"

Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyən Prezident insanlara, oraya qayıdacaq insanlara rahat şəraitin yaradılıcağını çıxışlarının birində bildirib: "Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf". Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Bəli, artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır, Tərtərin Talış kəndinə, daha sonra Laçına, Füzuliyə köç karvanları yola salındı.

YENİ HƏYAT VƏ HƏDƏFLƏR

Dövlət başçısının işğaldan azad olunan ərazilərimizə səfərləri çərçivəsində dövlətimizin başçısının görülən işlərlə tanışlığı və yeni təməllərin qoyulması, tapşırıq və göstərişlərin verilməsi Böyük qayıdışı daha sürətləndirir.Bildiyimiz kimi, Ağdama səfəri çərçivəsində dövlət başçısı "Azərişıq" ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoymuşdur. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Təlim-Tədris Kompleksində isə beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılacaq. Dövlət başçısının və Birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin təməli qoymaları görülən işlərin davamıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bildiyimiz kimi, Ağdamda Xıdırlı kəndinin dövlət başçısı tərəfindən təməli qoyulmuşdur. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.

Rayondan 6 kilometr məsafədə yerləşən Kəngərli kəndin də təməli qoyulmuşdu. Burada 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır. Kəndlərdə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.

MÜASİR DÜNYAMIZDA QARABAĞIMIZ VƏ ŞƏRQİ ZƏNGƏZUR YENİ DÖVRÜNÜ YAŞAYIR

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə səfərləri zamanı burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bəli, bu gün Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub. Biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri və səfər çərçivəsində bu ərazilərdə yeni kənd və müəssisələrin təməlinin qoyması bu ərazilərin tezliklə dirçəlməsindən xəbər verir. Dövlətimizin başçısı Zəngilan rayonu Alıbəyli kəndinin təməlini qoyub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib. Daha sonra Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub. Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub, şəhər məscidində görülən işlərlə tanış olub.

Azərbaycanın dilbər guşəsi Qarabağımız və Şərqi Zəngəzur müasir dünyamızda yeni dövrünü yaşayır. Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Bu gün Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böyük quruculuq işlərinə başlanılıb. Bu gün Şuşamızda, Zəngilanda, Laçında və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Tezliklə işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevriləcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər