PDF Oxu

Siyasət

  • 2 403

Şərqşünaslıq və tarix elmlərinə töhfələr vermiş böyük alim TƏHLİL

Şərqşünaslıq və tarix elmlərinə töhfələr vermiş böyük alim TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Ziya Bünyadov Azərbaycanın elmi-ictimai həyatında mühüm rol oynayıb. Dünya şöhrətli alim zəngin və çoxşaxəli yaradıcılığı sayəsində respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verib. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində ərsəyə gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb.
2023-cü ilin dekabr ayında Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev "Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə tarix elminin inkişafına dəyərli töhfələr vermiş akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası onun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək. Sənəddə qeyd olunduğu kimi, Akademik Ziya Bünyadov zəngin elmi yaradıcılıq yolu keçmiş, respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf etmişdir. Geniş erudisiyalı alim mənbəşünaslıq və orta əsrlər dövrü üzrə professional hazırlığa malik mütəxəssislərdən ibarət elmi məktəb formalaşdırmışdır.
Qeyd edək ki, Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb.
Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir. Ziya Bünyadovun "Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər" əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. 1965-ci ildə çap olunmuş "Azərbaycan VII-IX əsrlərdə" kitabı ona Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. O, akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs "Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə edib. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür.
Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsimin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib. O, müasir Azərbaycan şərqşünasları Nəsiminin edamına aid faktları yalnız türk alimi Abdülbaqi Gölpınarlının "İslam ensiklopediyasında"kı "Nəsimi" adlı məqaləsindən götürüb və bununla da kifayətlənirməkdə ittiham edib.
Ziya Bünyadovun fundamental araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı dərin təhlillər əsasında dolğun əksini tapmışdır. İlk dəfə onun elmi ictimaiyyətə çatdırdığı və dilimizə mükəmməl surətdə çevirərək əhatəli müqəddimə və şərhlərlə nəşr etdirdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasındadır. Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparmış, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilmişdir.
Akademik Ziya Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək Şərqşünaslıq İnstitutunun direktoru olub. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.
Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayıb. Görkəmli alim şərqşünas kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, Azərbaycanda mediyevist tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri olub, İraq və Suriya üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. Akademik 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olub.
1992-ci ildə Ziya Bünyadov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri idi. 1992-ci ildə Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdir. 1995-ci ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilib.1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bakıda yerləşən Fəxri Xiyabanda dəfn edilib.
1998-ci ildə Z.Bünyadov vəfatından sonra Azərbaycanın "İstiqlal" ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA-nın Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər