PDF Oxu

Siyasət

  • 1 688

Azərbaycanın uğurlarının təməlində Ulu Öndərin azərbaycançılıq ideologiyası durur TƏHLİL

Azərbaycanın uğurlarının təməlində Ulu Öndərin azərbaycançılıq ideologiyası durur TƏHLİL

Zəngin iqtisadi potensiala və əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan müstəqilliyinin ilk illərində müharibələrə, hərc-mərcliyə, xaosa məruz qalsa da, artıq digər dövlətlərlə münasibətlərdə etibarlı tərəfdaş və söz sahibliyinə malik olan bir ölkədir. Məğlubiyyət və uğur arasındakı bu təzadlı, yolda Azərbaycanın uğurlu tarixinin həm istedadlı müəllifi, həm müzəffər iştirakçısı olan, xalqının ümid yerinə çevrilən dahi lider Heydər Əliyevin bütün uğurlarının bir düsturu var idi: - Vətənə sonsuz məhəbbət düsturu. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri Azərbaycan xalqının milli özünüdərkinin, özünəqayıdışının, milli mənliyinin oyanmasının şüarına çevrilmişdir. Azərbaycanı bu gün dünyada var edən, güclü təməllər üzərində dayanmasına səbəb olan Ulu Öndər Heydər Əliyevin ən dəyərli tarixi xidmətlərdən biri də azərbaycançılıq ideologiyasının əsasını qoymasıdır. Hələ gənclik illərindən Sovet İttifaqında dövlət işlərində, xüsusən təhlükəsizlik orqanlarında fəaliyyət göstərməsi Heydər Əliyevin dövrün reallıqlarını dərindən görməsinə, siyasi sistemin mürəkkəbliyini qavrayıb mümkün ola biləcək ən münasib çıxış yolları tapmasına şərait yaratmışdır. Sovet İttifaqının mənsub olduğu xalqın tarixi keçmişini unutdurmaq və soy-kökündən ayırmaqla onun milli-mənəvi varlığını yox etmək siyasətini dərk edən Ulu Öndər vətənpərvərlik mövqeyinin dövlət quruculuğu prosesində olduqca vacib element olduğunu təsbit etmişdi. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda ideoloji boşluq yaranması, xaricdən cəmiyyətimizə çoxlu sayda ideologiyaların təsirinin güclənməsi Ulu Öndərin narahat edən məsələlərdən idi. Dahi lider yaxşı bilirdi ki, azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olacaqdı. Ulu Öndər Heydər Əliyevin bu ideoloji xətti təkcə o dönəmki birlik üçün yox, Azərbaycanın gələcək inkişafına, ölkəmizin daxili ilə yanaşı, onun hüdudlarından kənara da yayılmasına hesablanmışdı.

Azərbaycançılıq ideyası artıq ölkədə başlıca düşüncə tərzidir. Əsasında vətən sevgisi, vətəndaşlıq mövqeyi duran bu ideologiya artıq ölkədə bütün istiqamətlərin inkişafına, əsl vətəndaş, insan faktorunun yetişdirilməsinə səbəb olmuşdur. Milli-mənəvi dəyərlərinə bağlı yetişən gənc nəslin, savadlı kadrların, istedadlı idmançıların, incəsənət və mədəniyyət sahəsində qazanılan uğurların, ölkədən kənarda Vətəninə arxa duran diasporunun, güclü ordusunun uğurlarının təməlində, məhz azərbaycançılıq ideologiyası durur.

Bu gün azərbaycançılıq dövlət siyasətində, ədəbi-bədii yaradıcılıqda, mədəniyyət və incəsənətdə, dilçilikdə, ədəbiyyatşünaslıqda, adət-ənənələrdə, gündəlik həyatda davam və inkişaf edir. Heydər Əliyevin dilimiz, mədəniyyətimiz, tariximiz, milli mənsubiyyətimiz, dövlət quruculuğumuz haqda dediyi fikirləri dinlədikdə onun öz Vətəninə olan sevgisinin nə qədər dərin, bənzərsiz olduğunu görməklə bərabər, həm də dərk edirik ki, bütün bu mövzular nə qədər aktual və gərəklidir. Dərk edirik ki, Ulu Öndər kimliyimizi tanıdan milli ideologiyamızın daimi varisidir.

Tarix sübut edib ki, milli mənsubiyyətinə sadiq, milli birliyi olan xalqla mübarizə aparmaq, onu məhv etmək mümkün deyildir. Tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda başlayan 44 günlük Vətən müharibəsi ərzində bir daha bəzi reallıqlar üzə çıxdı. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası düşmənə qarşı mübarizənin bütün istiqamətlərində milli birliyin təmin edilməsinə yol açdı. Hər bir vətəndaşın dövlət və torpaq uğrunda səfərbər olması, bütün evlərin, binaların şanlı bayrağımıza bürünməsi, anti-Azərbaycan fəaliyyətinə qarşı dünya azərbaycanlılarının birləşməsi, qazanılan zəfərdə ölkədə yaşayan bütün xalqların payının olması məhz bu ideologiyanın tarixi uğuru idi. Çünki azərbaycançılıq kökündə vətəndaşlıq dəyəri dayanan, müstəqilliyi qorumaq, demokratik inkişafı təmin etmək, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış, millətindən asılı olmadan əhalisinin bir xalq kimi birləşməsinə əhəmiyyətli zəmin yaratmış bir ideologiyadır. Məhz buna görə bu gün ölkədə yaşayan bütün xalqların həmrəyliyi var, dostluq, qardaşlıq şəraitində yaşayırlar və onları birləşdirən vahid bir amal var:- Müstəqil Azərbaycanın daha da güclənməsi, inkişaf etməsi.

Bu gün ölkəmiz özündə mənəvi, intellektual, vətənpərvər, ümumbəşəri keyfiyyətləri cəmləşdirən, azərbaycançılığın nümunəvi obrazı olan cənab Prezident İlham Əliyevinin rəhbərliyi ilə daha da güclənməyə, inkişaf etməyə davam edir. Azərbaycanla bağlı Ulu Öndərin arzularını reallaşdırması cənab Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına sadiqliyinin və varislik vəzifələrini layiqincə yerinə yetirməsinin əyani sübutudur. 2021-ci ildə Şuşa şəhərində keçirilən “Xarıbülbül” festivalında Ulu Öndərin səs yazısı səsləndirilərkən Cənab Prezident İlham Əliyev olmaqla, orada iştirak edən, həmçinin bunu izləyən hər kəsin kövrəlməsi bir daha təsdiq etdi ki, ümummilli lider Heydər Əliyev təkcə dövlətimizin tarixində yox, hər birimizin qəlbində silinməz izlər qoymuşdur. Onun dövlətimiz, birliyimiz, inkişafımızla bağlı planları həyata keçdikcə, hər birimizin vətənpərvərlik duyğuları daha da qabarır, dahi liderin uzaqgörənliyi və müdrikliyi ilə bir daha fəxr edirik.

İndi biz öz birliyimizi, həmrəylimizi bir daha bütün dünyaya nümayiş etdiririk. Qarabağ inkişaf, tərəqqi meydanına çevrildikcə, sakinlər 30 illik məcburi ayrılıqdan sonra böyük həsrət, həyəcan və sevinclə öz yurd-yuvalarına qayıtdıqca dostlarımız sevinir, düşmənlərimiz xar olur. Dünya bir daha beynəlxalq əhəmiyyətli yolların kəsişdiyi, böyük iqtisadi layihələrin gerçəkləşdiyi, yeni iqtisadi imkanların yarandığı Azərbaycanın inkişafına, ən əsası isə azərbaycançılığın gücünə və birliyinə şahid olur.

Natiq Allahverdiyev

YAP Qax rayon təşkilatının sədri

Digər xəbərlər