PDF Oxu

Siyasət

  • 2 490

Sözü imzası qədər dəyərli - BAXIŞ BUCAĞI

Sözü imzası qədər dəyərli - BAXIŞ BUCAĞI

Xalqımıza 200 ildən sonra Qalib Xalq sevincini yaşadan böyük Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdən bu günə qədər həyata keçirdiyi islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edib. Dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinə bir vəsilədir. Onun rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasına çıxıb.

Prezident İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri, bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunması Onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin siyasətinin kulminasiyası isə 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə və Qarabağın düşmən işğalından azad edilməsidir. Ali Baş Komandan kimi peşəkarlıq nümayiş etdirdi və Azərbaycan Ordusunun başında əzmlə, qətiyyətlə dayandı, xalqımızın ən böyük arzusunu və Ulu Öndərin vəsiyyətini yerinə yetirdi. 30 il işğal altında qalan torpaqlarımız düşməndən azad edildi. Qələbə regionda yeni reallıqlar yaratdı. Bütün müsbət keyfiyyətləri ilə dünya liderləri arasında sayılıb-seçilən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır.

İlham Əliyev həm peşəkar siyasi xadim və diplomat olmaqla yanaşı, iqtisadiyyatı da çox gözəl bilir. Seçkilərdə yüksək faizlə səs toplaması göstərir ki, xalqımızın ona inamı, etimadı böyükdür. Prezident İlham Əliyev həddindən artıq xarizmatik liderdir. Dövlətə, xalqa durmadan, fasiləsiz xidmət göstərən rəhbərdir. Ümummilli Lider xilaskar statusunda idisə, İlham Əliyev bayraqdar və xidmətkar statusundadır. Dövlət başçımızın Azərbaycanın üçrəngli bayrağını Qarabağdan asması 216 illik işğal siyasətinə son qoyması deməkdir. 44 günlük müharibədə sadəcə xalqımızın milli qürurunu, şərəfini yox, həm də xalqın inamını özünə qaytardı. Bu gün Dövlət başçısı "Böyük Qayıdış" üçün yol xəritələrinin icrası ilə məşğuldur. Vətəndaşların qayğısını çəkir, yurd həsrəti ilə çırpınan insanlarımızı arzusuna qovuşdurur, sönmüş neçə-neçə ocaqları yandırır, insanları gələcəyə ümidləndirir.

...Azərbaycan Prezidenti İlham Əliyev barədə ölkə daxilində də, xaricdə də ortaq bir fikir formalaşıb, O, dediyini edəndir, sözünə sadiqdir. Bu, həqiqətən də belədir. Həm də inamla, qətiyyətlə verilən sözləri İlham Əliyev Prezident seçildiyi ilk gündən həyata keçirib. Hələ indiyədək verdiyi elə bir sözü olmayıb ki, yerinə yetirməsin...
Ölkədə 2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyev 600 min iş yerinin açılacağı ilə bağlı verdiyi sözü hələ 5 il tamam olmamış yerinə yetirdiyi yaddaşlardan silinməyib. Yüzminlərlə vətəndaşımız işlə təmin olundu, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Sonrakı dönəmlərdə ölkənin taleyüklü məsələlərin həllində atdığı cəsarətli addımlar Onu xalqına bir daha sevdirdi.

Ermənistanla Azərbaycan arasında keçirilən çoxsaylı danışıqlarda İlham Əliyevin göstərdiyi siyasi iradə, milli maraqlarımızdan bir addım da geri çəkilməməsi, xalqın mövqeyini sonadək ifadə etməsi Onu dostlarımıza bir az da sevdirmiş, düşmənlərimizi məyus etmişdir. Valday konfransında Ermənistan baş nazirinin Qarabağ haqqında söylədiyi fikirlərə qarşılıq olaraq, “Qarabağ Azərbaycandır və Nida işarəsi” möhürünü vurması Azərbaycan Prezidentinin fikrindən, yolundan dönməzlik nümunəsi idi. Cənab Prezidentin sonrakı çıxışlarında, Qarabağla bağlı yürütdüyü siyasətdə dəyişməz mövqe nümayişi bir daha Onun siyasi iradəsini və sözünə bütövlüyünü göstərdi.

Prezident İlham Əliyevin bir cümləsini də təkrarlamaq yerinə düşər: “Mən nəyi, necə və nə vaxt edəcəyimi çox yaxşı bilirəm”. Hadisələrin davamı göstərir ki, bəzi siyasətçilər gedişatı sürətləndirməyə, olaylara saxta dinamika verməyə tələsir, lazımsız və boş yerə populizm nümayiş etdirirlər. Prezidentin verdiyi reaksiya, hadisələri hərəkətə gətirməsindən sonra anlaşılır ki, bəli, prosesə bu gün, bu üsulla və bu formada dinamika vermək lazım imiş. Bu, bir ustalıqdır, siyasi yetkinlikdir və nəhayət müdriklikdir.

Birinci Qarabağ müharibəsi ilə Vətən müharibəsi arasında 26 ili “atəşkəs” dövrü kimi yaşadıq. Bu müddət ərzində Azərbaycan hakimiyyətini qınayanlar oldu, “torpaqlarımızı niyə müharibə yolu ilə qaytarmırıq” deyənlər də az olmadı. Dövlət rəhbəri isə sülh yolunu seçdi, o vaxta qədər ki, artıq “səbrimiz sonsuz deyil” ismarıcına qarşı tərəfin reaksiyası öləziyənədək. Ermənistanın növbəti təxribatı isə zamanın yetişdiyinə bir işarə oldu, 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu Böyük Zəfərinin ilk gününə başladı. Buna qədər isə Prezidentimiz ermənilərə dəfələrlə münaqişənin müxtəlif həll yollarını təklif etmişdi, lakin onlara maksimalist düşüncələri üstün gəlmişdi, torpaqlarımızı dinc yolla qaytarmaq fikrini yaxına buraxmamışdılar.

Hədəfdə sona qədər, qalibiyyətə qədər irəliləmək var idi. İlham Əliyevin Ali Baş Komandan kimi sərkərdəlik bacarığı bütün “mümkün deyil” ifadələrinin üstündən xətt çəkdi. Mövqeyini 44 gün ərzində dünyanın 35-dən çox tanınmış media qurumuna verdiyi müsahibələrində də ifadə etdi. Hər sahədə olduğu kimi, media cəbhəsində də Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Silahlı qüvvələrimiz alınmaz qala sayılan Şuşanı düşməndən azad etdi. Üçtərəfli Bəyanatın imzalanmasından sonra müharibənin aktiv fazası geridə qaldı. Məsələ bununla bitmədi, ermənilərə növbəti şans verildi, eyni zamanda bəzilərinin haray-həşirindən fərqli olaraq, Prezidentimiz bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçının qansız-qadasız azad edilməsinə nail oldu. Sülhməramlıların 5 illik fəaliyyətinə verilən reaksiyaları da cənab Prezident öz müdrikliyi ilə neytrallaşdıra bildi, bunun zamana ehtiyacının olduğunu hər çıxışında dedi.

Günümüzün reallığı budur ki, Qarabağ bu gün tam olaraq Azərbaycanın nəzarətindədir. Vaxtilə Ulu Öndərimizin dediyi və Prezident İlham Əliyevin də bütün çıxışlarında qətiyyətlə söylədiyi “İşğal altında olan bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanacaq” fikri bu gün artıq reallığa çevrilib. Qarabağ azaddır! Qarabağ Azərbaycandır! Sözü İmzası qədər dəyərli olmağın nümunəsi və təsdiqidir bu.

Bəhruz QULİYEV,
“Səs” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər