Sentyabr ayının 28-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində şəhid baş leytenant Gözəlov Xalid Həsən oğlu və Təzəkənd kəndində şəhid kiçik çavuş İsmayılov Amid Eldar oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu olmuş şəhid Gözəlov Xalid Həsən oğlu 4 noyabr 1996-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 28 sentyabr 2020- ci ildə II Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Gözəlov Xalid Həsən oğlu ölümündən sonra “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.Azərbaycan Ordusunun kiçik çavuşu olmuş şəhid İsmayılov Amid Eldar oğlu 11 fevral 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid İsmayılov Amid Eldar oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!