Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Həmin dövrdə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmən üzərində şanlı Qələbəmizə gətirib çıxartdı. Bu Qələbə hər bir azərbaycanlı üçün ən dəyərli hədiyyə oldu. 44 günlük Vətən Müharibəsində qazanılan qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur.Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” təsis edilmişdir.
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də, qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı fəxr edir. Bu gün hər bir ölkə vətəndaşı canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Onlar bizim ən ali qürur mənbəyimizdir.Məhəmməd Əhmədli, Azərbaycan Kooperasiya Universiteti İqtisadiyyat fakültəsinin tələbəsi, fakültə üzrə tələbə gənclər təşkilatının sədri.
Məhəmməd Əhmədli,
YAP fəalı