Nahapetyan: "Rusiya hərbi bazalarının çıxarılması Ermənistana fəlakət gətirəcək”
Erməni hərbi eksperti Hayk Nahapetyan ölkəsinin get-gedə Rusiya əleyhinə fəaliyyətinin daha hansı nəticələrə gətirib çıxaracağını deyib. O, Ermənistanın çıxılmaz vəziyyətdə olduğunu bildirib və İrəvanın Kremldə çiling-ağac oynamasını belə izah edib: "Rusiya rəsmilərinin son bəyanatlarına baxın, demək istəyirlər ki, Ermənistan 102-ci hərbi bazanı çıxarmaq qərarı versə, bu, nə qədər fəlakətli ola bilər. Nə fransız, nə də ingilis gəmiləri heç vaxt dağlara çıxmayıb. İndi 102-ci rus hərbi bazası çıxsa və türk qoşunları 1920-ci il dekabrın 2-də imzalanmış Gümrü müqaviləsi çərçivəsində Ermənistanın 10 000 kvadratkilometr ərazisində yerləşsə, necə olacaq? Fransız gəmiləri dağlara çıxmayacaq, ABŞ da elə. Yeri gəlmişkən, Suriyada ABŞ-ın kürdlərə də münasibəti eynidir. İndi biz də bunun astanasındayıq”, - deyə erməni eksperti bildirib.
Roma statutu Ermənistana nə vəd edir?
Bu arada, xatırlatmaq yerinə düşərdi ki, İrəvanın Roma Statutunu qəbul etməsindən sonra Moskvadan daha kəskin siqnallar verilməyə başlanılıb. "Ermənistanın Roma statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Belə ki, Ermənistan parlamentinin Dövlət hüququ üzrə daimi komissiyası sentyabrın 28-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Ermənistan parlamenti Roma statutunu təsdiqləyəcəyi təqdirdə, Rusiyanın prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır.
Peskov: "Rusiya Ermənistanı tərk edə bilməz”
Kremlin sözçüsü Dmitri Peskov Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib və paralel olaraq bildirib ki, Ermənistan daha ağır nəticələrə hazırlaşmalıdır. O, sözlərini diplomatik etika çərçivəsində və sərt tonda ifadə edib.
"Rusiya Ermənistanla konstruktiv münasibətləri qiymətləndirir, lakin baş nazir Nikol Paşinyanın Rusiyanın sülhməramlı missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşa bilmir", - deyən Peskov əlavə edib ki, Rusiya baş nazir Paşinyana dərin hörmət bəsləyir, onunla prezident Putin arasında işgüzar və çox konstruktiv münasibətləri yüksək qiymətləndirir və ümid edir ki, bu münasibətlər bundan sonra da iki ölkə arasında sıx əməkdaşlığın təminatı olacaq: "Amma biz Nikol Paşinyanın bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”.
Ermənistanın siyasi məhvi prosesinin başlanğıcı
Xatırladaq ki, Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verərək, xüsusilə, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ iqtisadi zonasındakı Xankəndi şəhərində yerləşən sülhməramlı missiyasını yerinə yetirmədiyini və Rusiyanın özünün regionu tərk etdiyini bəyan etmişdi.
Dmitri Peskov Nikol Paşinyanı eyni zamanda üstüörtülü şəkildə Rusiyaya axışaraq bu ölkədə məskunlaşmış ermənilərlə də hədələyib: “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını” unutmamağı cənab baş nazirə xatırlatmaq istəyirəm. Onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfələr verir”.
Peskov Paşinyana bu açıqlaması ilə “Əgər bir qədər də həddini aşsan, məhz bu insanları Ermənistana geri göndərməklə, səni cəzalandırarıq”mesajı vermək istədiyi açıq şəkildə görünməkdədir.
Bütün bu proseslər isə artıq bir çox məsələləri üzə çıxarır və bu amilləri Ermənistanın siyasi məhvi prosesinin başlanğıcı kimi də qiymətləndirmək olar.
Afət Tahirqızı