Siyasət

  • 1 597

"Prezidentin səfərləri regionların sosial-iqtisadi inkişafına böyük imkanlar yaradır" - DEPUTAT ŞƏRH ETDİ

image

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlər həmin regionların sosial-iqtisadi inkişafına böyük imkanlar yaradır. Bu, həm də ölkə rəhbərinin verdiyi vədə, Qarabağ torpaqlarını cənnətə çevirəcəyi ilə bağlı fikirlərinin əyani sübutdur. Zəngilan və Cəbrayıl səfərləri də bu baxımdan çox uğurludur. Həmin ərazilərdə dörd yaşayış kompleksinin əsasının qoyulması, Zəngilan və Alıbəyli kəndlərinin təməlinin qoyulması, "Cahangirbəyli" Su Elektrik Stansiyasının açılışı, Zəngilanda Konqres Mərkəzi Kompleksinin, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin və digər tikintilərin, obyektlərin təməlqoyma və açılış mərasimi göstərir ki, həqiqətən də tez bir zamanda işğaldan azad olunmuş ərazilər bərpa olunacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib. Onun sözlərinə görə, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın iqtisadi qüdrətindən, ölkə başçısının düşünülmüş siyasətindən çox asılıdır: "Bu gün dövlət rəhbərinin tapşırıqları əsasında azad olunmuş ərazilərdə həyata keçirilən bu tədbirlər bilavasitə Azərbaycan xalqının rifahının yüksəldilməsinə, həyat şəraitinin yaxşılaşdırılmasına, insanların işlə təmin olunmasına xidmət edir. Dövlət başçısı II Qarabağ müharibəsinin sona yetdiyi ilk günlərdə bəyanatlarla çıxış edərək bildirdi ki, nə qədər çətin olsa da, xarici dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın dağılmış ərazilərinə hər hansı bir yardım ayırmasa da, biz öz gücümüzlə bu yerləri bərpa edəcək və insanlar üçün xoşbəxt həyat şəraiti yaradacağıq. Verilən vəd bu gün yerinə yetirilməkdədir".Deputat sözlərinə davam edərək bildirib ki, nəinki Cəbrayıl və Zəngilanda, eləcə də işğaldan azad olunmuş digər ərazilərdə möhtəşəm işlər görülür: "Beynəlxalq səviyyəli təyyarə meydanları istifadəyə verilir, yollar çəkilir, tunellər qazılır və demək olar ki bütün sahələrdə işlər uğurla yerinə yetirilir. Füzuliyə, Zəngilana, Laçına əhalinin köçürülməsi və burada həyatın canlandırılması bir daha göstərir ki, işğaldan azad olunmuş ərazilər tez bir zamanda müasir şəraitdə yenidən qurulacaqdır. Bugünkü gündə Azərbaycanın hər bir vətəndaşı yerlərdə gedən bu möhtəşəm işlərdən qürur hissi keçirir. Xalqımız həyata keçirilən antiterror tədbirlərini alqışlamaqla ölkə rəhbərinin siyasətini dəstəkləyir və ona tərəfdar olduğunu bildirir. Çünki insanlar bilirlər ki, həyata keçirilən bütün tədbirlər onların gələcəyi, Azərbaycanın dünyada tanınması və xalqımızın başucalığı üçündür".

Ləman Sərraf

Digər xəbərlər