Siyasət

  • 1 454

Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bütün dünyada qibtə ilə izlənilir ŞƏRH

image

Böyük öndərlər- Mustafa Kamal Atatürkün “Azərbacanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezisləri bütün dövrlər üçün öz aktuallığını qoruyur, Azərbaycan-Türkiyə qardaşlığına bələdçilik edir. Sevincli, kədərli anlarda daim biri-birinə dəstək olan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir. Dövlət başçısı İlham Əliyevin bu fikirlərin davamı olaraq daim səsləndirdiyi “Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq” çağırışı Azərbaycan-Türkiyə münasibətlərinin dərin köklərə malik olduğunu nümayiş etdirir. Münasibətlərin əsas göstəricilərindən biri dövlət başçılarının qarşılıqlı səfərləri, ən əsası Prezident seçildikdən sonra ilk səfərlərini məhz Azərbaycana, yaxud Türkiyəyə etmələridir. Sentyabrın 25-də Naxçıvanda görüşən Azərbaycan və Türkiyə Prezidentləri mətbuata bəyanatlarında bu məqamları xüsusi vurğuladılar. Rəcəb Tayyib Ərdoğan “Prezident seçkilərindən sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram. 2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm. Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir” söyləyərək Azərbaycan-Türkiyə münasibətlərinin dünənin, bu günün və sabahın təqdimatını etdi. İki ölkə arasında iqtisadi, siyasi, hərbi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır. Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında “Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və əminəm ki, daha da artacaq. Düzdür, hədəf çox, yəni yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötübdür, yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır. Ona görə əminəm ki, biz buna da uğurla çatacağıq” söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqama da diqqəti yönəltdi ki, Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verildi. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Bu layihə də uğurla həyata keçiriləcək və Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək. Təbii ki, müzakirə olunan məsələlər sırasında nəqliyyat da xüsusi yer tutur. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Hər bir səfər münasibətlərin inkişafında yeni istiqamətin müəyyənləşdirilməsinə stimul verir. Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sarsılmazdır. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Digər xəbərlər