PDF Oxu

Siyasət

  • 2 594

Xankəndi: doğma su, doğma işıq, doğma xidmət

Xankəndi: doğma su, doğma işıq, doğma xidmət

Xankəndidə fəaliyyət göstərən rəsmi orqanların sayı günbəgün artır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azerenerji, Azərsu və ANAMA bölgədə fəaliyyət göstərir.

Ermənilərin reinteqrasiyası ilə Miqrasiya Xidməti məşğul olur

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər.

Azərsu Xankəndi-Laçın yolunda

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi 26 aprel 2023-cü il tarixində içməli su ilə təmin edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən Həkəri çayının yatağında kaptaj qurğusu yaradılıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkilib və hidrofor nasosu quraşıdırılıb. Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi işğaldan azad olunmuş ərazilərdə strateji obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə Şuşa, Laçın, Kəlbəcər şəhərlərində, Zəngilan rayonu və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.

ANAMA ərazini qarış-qarış yoxlayır

Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanıb. ANAMA-dan verilən məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib.

ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğuları aşkarlanıb. Eyni zamanda, yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib. Aşkar edilən tələ qurğular Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib

“Azercell” Xankəndidə

Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsinə qoşulub. Bu barədə işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell Telekom” MMC-dən bildirilib. Xatırladaq ki, hazırda Qarabağda “Azercell”in 100-dən çox LTE texnologiya əsaslı baza stansiyası fəaliyyət göstərir. Mobil operator Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Laçın rayonunda lider mobil operator 15-dən çox baza stansiyası quraşdırıb.

“Azercell” bütün ölkə ərazisi ilə yanaşı, işğaldan azad olunmuş torpaqlarda da yeni nəsil şəbəkənin genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin edilməsi istiqamətdə işlərini davam etdirir.

Doğma işığa qərq olan Xankəndi

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir. Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.

Qeyd edək ki, hələ 2021-ci ildə “Azərenerji” tərəfindən tikilən və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Şuşa” yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən “Azərenerji” tərəfindən “Şuşa” yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq “Azərenerji” və “Azərişıq” əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. Artıq Xankəndidə Azərbaycan işığı yanır.

Lalə Mehralı

Digər xəbərlər