PDF Oxu

Siyasət

  • 3 802

Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu əbədi və sarsılmazdır ŞƏRH

Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu əbədi və sarsılmazdır ŞƏRH

Türkiyə və Azərbaycan arasında tarix boyu mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətləri, mədəni köklər əsasında qurulan çoxşaxəli və geniş əlaqələr uğurla inkişaf edir. Müxtəlif sahələrdə birgə reallaşdırılan layihələr, birlikdə atılan addımlar Azərbaycan-Türkiyə münasibətlərini özünün ən yüksək zirvəsinə ucaldıb.

Cari ilin 25 Sentyabr tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvanın “mavi yanacaq”la təchizatı baxımından müstəsna əhəmiyyət kəsb edən İğdır–Naxçıvan qaz kəmərinin təməli qoyulmuş, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına xidmət göstərəcək bir sıra vacib sənədlərin imzalanması mərasimi keçirilmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Mühüm infrastruktur layihəsi olan İğdır–Nax­çıvan qaz kəmərinin əhəmiyyəti barədə danışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Azərbaycandan ayrılması ilə Naxçıvanla coğrafi bağlantının kəsildiyini söyləyən dövlət başçımız qeyd edib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi və Naxçıvanda da şiddətli döyüşlər gedirdi, məhz o vaxt ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Lakin O dövrdə enerji təminatı Azərbaycanın əsas hissəsindən olan Naxçıvan faktiki olaraq mühasirədə olduğuna görə, bütün elektrik və qaz xətləri Ermənistan tərəfindən kəsildiyinə görə işıq və qaz yox idi və Naxçıvan 15 il qazsız yaşadı. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.

Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı gələcək planlardan danışan Prezident İlham Əliyev bildirib ki, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.

Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən 24 saatdan az bir müddət ərzində uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etdiyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanılıb və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Prezident onu da vurğulayıb ki, Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində keçirilən görüşlər gözlənilən nəticələri verəcək, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək.

Daim bu siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dünyanın ən ali kürsüsündən çıxış edərək Azərbaycan dövlətinin maraqlarını ifadə edən tamamilə beynəlxalq hüquqa əsaslanmış, ədalətli bəyanatlar verməsini Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımı kimi qiymətləndirən cənab İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı Azərbaycanın yanında idi və müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi siqnal və mesaj idi.

İki il öncə Şuşa şəhərində imzalanmış müttəfiqliyimizin rəmzi olan Şuşa Bəyannaməsi ilə yeni müstəviyə qalxan Azərbaycan – Türkiyə münasibətlərinin bu gün ən yüksək zirvədə olduğunu, bütün istiqamətlər üzrə əlaqələrin çox fəal dövrünün yaşandığını vurğulayan dövlətimizin başçısı iki qardaş ölkənin birgə həyata keçiriyi strateji əhəmiyyət kəsb edən layihələri xatırladaraq qeyd edib ki, TANAP layihəsi, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması, İğdır-Naxçıvan qaz xəttinin təməlinin qoyulması tarixi hadisələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı genişləndirilərək imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq, bundan başqa Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəsinin artırılması istiqamətində önəmli addımların atıldığını söyləyən Prezident İlham Əliyev çıxışının sonunda iki qardaş ölkənin müştərək maraqlarının bölgədə sülhün, əmin-amanlığın bərqərar olması, müharibələrin olmaması və ölkələrin ərazi bütövlüyünün təmin edilməsindən ibarət olduğunu bildirib.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər