Tarix boyu işğalçılıq siyasətini həyata keçirməyə çalışan Ermənistan azərbaycanlılara qarşı hər bir sahədə düşmənçilik edərək, məkrli planlarını həyata keçirməyə cəhd göstərmişdilər. Onlar təkcə silahlı mübarizə ilə deyil, mənəvi abidələrimizə də zərbə vurmaq yolu ilə işğalçılıq siyasətlərini davam etdiriblər. İkitərəfli mübarizədə siyasi və ideoloji müharibədə erməni kimliyi özünü büruzə vermiş olub. Əlbəttə ki, bu ideoloji müharibə xalqımızın tarixi kökünü saxtalaşdırma məqsədi daşıyıb. Belə ideoloji müharibələrdən biri də xalqımızın yaşadığı torpaqların qədim sakinləri olduğunu göstərən coğrafi adların dəyişdirilməsi ilə müşahidə olunur. Torpaqlarımızın 20 faizi onların əlində olduğu dövrdə bu siyasəti daha "peşəkarlıqla" həyata keçiməyə nail olublar. Yaxın keçmişimizin olayları nəticəsində vətənimizin ayrılmaz hissəsi olan Qarabağ və onun ətrafında baş verən hadisələr zamanı Ermənistanda yaşayan azərbaycanlılar 1988-89-cu illərdə SSRİ dövlətinin birbaşa köməyi və yardımı ilə öz tarixi etnik torpaqlarından deportasiya olundular. Bu tarixin fürsətini əldən verməyən ermənilər qısa bir müddət ərizində - iki ildən sonra Ermənistan prezidentinin fərmanı ilə 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə əvəzləndi. Bu "rəsmi sənəd" 1991-ci ili əks etdirir.
Bildiyimiz kimi, Ermənistanda türk mənşəli toponimlərinin dəyişdirilməsi iki yüz ildən artıq bir zamanı əhatə edir. Ermənilərin tarixi torpaqları olmadığından, özlərini təsdiqləmək məqsədi ilə müxtəlif məqamlara əl atır, öz tarixi keçmişlərini oğurladıqları və hiylə ilə əldə etdikləri sənədlər üzərində qurmağa çalışırdılar. Nə qədər inandırıcı addımlar atmağa cəhd etsələr də, bunun əsasında hiylə durduğundan saxtakarlıqlarının tarix qarşısında təsdiqinə nail ola bilmirlər. Dəlil və mənbələr əsas götürülərək, göstərilən həqiqətlərə inandırıcı sübut olmadığından, cəhdləri birmənalı qarşılanmır. Bəllidir ki, ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır. Bu da bir həqiqətdir ki, XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idi. Tarixçi alimlər ermənlərin Azərbaycan toponimlərinə təcavüzünü dövrlərə bölərək bu istiqamətdə araşdırmalar aparmışdılar. Həmin araşdırmaların qənaətinə əsasən, türk mənşəli toponimlər erməni adları ilə əvəzlənmişdir. Ardıcıl olaraq bir məqsədə doğru addımlayan ermənilərin saxta tarix siyasəti yazılmış mənbələr vasitəsi ilə təqdim edilir. Tarixi mənbələrdə göstərilir ki, ilk addəyişdirmə 1801-ci ildə baş vermişdir: "Addəyişmənin birinci dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad isə Cəlaloğlu (Stepanovan) rayonundakı Qaraməhəmməd kəndidir. Onun adı dəyişdirilərək Aleksandrovka qoyulub. "Bu ilk addım" sonralar daha geniş miqyası əhatə edərək günümüzə qədər gəlib çıxmışdır. Bu gün ilk ad dəyişilmə zamanından 200 ildən artıq zaman keçir.
QƏRBİ AZƏRBAYCANDA KƏNDLƏRİN 95 FAİZDƏN ÇOXUNUN ADI TÜRK MƏNŞƏLİ İDİ
1918-20-ci illərə aid səhifələri xalqımızın başına gətirilən erməni müsibəti, erməni genosidi ilə bütün dünyaya məlumdur. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, indiki Ermənistanda minlərlə azərbaycanlı qətlə yetirildi. Onlar xalqımızı soyqırımına məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yandırmaqla və yenidən addəyişməni davam etdirməklə mənəvi soyqırımını da davam etdirdilər. Həmin dövrün materiallarını əks etdirən sənədlərdə qeyd olunur ki, 1918-1920-ci illərdə Qərbi Azərbaycan ərazisində türk mənşəli adlar Molla Dursun - Şaumyan, Yuxarı Ağdam - Qanzakar (İcevan), Tamamlı - Burastan (Artaşat) və s. erməni mənşəli sözlərlə əvəzləndi. Ermənilər soyqırımı siyasətinin nəticəsində yer adlarımızın da soyqırımı zaman-zaman həyat keçirilib. Tarixi faktdır ki, SSRİ dövründə daha çox Azərbaycan toponimlərinə qarşı iddialı çıxışlar olub. Bunun nəticəsidir ki, imperiyanın ilk illərində Azərbaycana məxsus olan yer adları dəyişdirildi. Belə ki, 1924-1930-cu illər ərzində Ermənistanda 80 toponim dəyişdirildi. Tarixi sənədlərdə göstərilir ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsi müxtəlif tərəflərdən izah olunsa da, kökü həmin adların türk mənşəli olması idi. Leninin ermənipərəst siyasəti və Azərbaycan toponimlərinin erməniləşdirilməsi daha kütləvi xarakter alırdı. Leninin razılığı ilə 1920-ci ildə onlar ərazi iddialarını təmin edə bilmişdilər. Belə ki, azərbaycanlılar yaşayan Zəngəzur və Göyçə mahalları, Qazax qəzasının Dilican dərəsi Azərbaycandan qoparılıb Ermənistan respublikası yaratmaq naminə ermənilərə bağışlandı. Erməni təcavüzkarları tarixə qarşı da genosid siyasətinə əl atdılar. Məlumdur ki, Ermənistan SSR yaranmamışdan onun zəbt etdiyi Qərbi Azərbaycanda kəndlərin 95 faizdən çoxunun adi türk mənşəli olmuşdur. Kommunist rejimi zamanı isə qısa vaxt kəsiyində azəri toponimləri tam erməniləşmişdir.
Bu genosid siyasətinin bir istiqamətidir ki, Azərbaycan diyarı olan İrəvan xanlığının tarixdən və yer üzündən silinməsinə xidmət edirdi. Belə ki, 1924-cü ildən həmin addəyişdirmə prosesi başlandı və ilk olaraq Gümrü Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu. 1935-ci ildə 195 kəndin, 1945-ci ildə 39 kəndin, 1946-cı ildə 120 kəndin, 1947-1978-ci illərdə 400-dən çox kəndin, 1978-80-ci illərdə 300-dən çox kəndin, 1991-ci ildə isə qalan 94 kəndin adı dəyişdirildi.
3 OKTYABRDA MADAGİZİN TARİXİ ADI BƏRPA OLUNDU
Ermənilər təkcə Ermənistanda deyil, Azərbaycanın bir sıra məkanlarının da adını dəyişib. Elə 3 oktyabr 2020-ci il tarixində erməni işğalından azad olunan Tərtər rayonunun Suqovuşan kəndinin adı ermənilər tərəfindən dəyişdirilərək Madagiz adlandırılmışdır. Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Suqovuşan da tarixi adına qovuşdu. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması ilə tarixi adı bərpa olundu. Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırıldı.
"2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!" - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi. Onu da xüsusi olaraq qeyd edək: "Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır!". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 oktyabr 2020-ci il tarixində özünün rəsmi "Twitter" səhifəsində yazmışdı. Üç il bundan əvvəl tariximizə yazılan qələbələr bizi Zəfərə doğru apardı. Suqovuşan kəndinin tarixi dövrünə nəzər salsaq görərik ki, əvvəllər Dağlıq Qarabağ Muxtar VilayətindəAğdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edilib. Artıq Azərbaycanın güclü ordusu tərəfindən işğaldan azad olundu.
2020-ci ilin 3 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Tvitter" səhifəsində yazırdı: "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"
SUQOVUŞAN QƏSƏBƏSİNDƏ YAŞAYIŞ MƏHƏLLƏSİ İNŞA OLUNUR
Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində Azərbaycan Ordusu ən müasir silahlarla silahlanmış, dünyanın ən güclü orduları sırasında özünə layiqli yer tutmuşdu. Peşəkarlığı yüksək olan Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və ölkəmizin də inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olması qələbəmizi şərtləndirən amillərdəndir. Azərbaycan Ordusu həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Son illərdə ordu quruculuğunda əhəmiyyətli islahatlar həyata keçirilib, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl olaraq addımlar atılıb ki, bunun da müsbət nəticələri özünü 44 günlük Vətən müharibəsində büruzə verdi. "Silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı", - deyən Cənab Prezident qeyd edib ki, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı.
Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistana şanlı ordumuz layiqli cavab verdi və hər gün irəliyə doğru addımlayaraq xalqımıza qələbə sevincini yaşatdı. Qəsbkar düşmənə ağır zərbələr vurulu. Ermənilər haqsızlığın, ədalətsizliyin sonu olacağını aldığı zərbələrdən anlaydılar. Qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından qətiyyətlə azad edirək xalqımıza tezliklə Qələbə sevincini – Zəfərimizi yaşatdı. Bu gün işğaldan azad olunan ərazilərimiz yeni dövrünü yaşayır.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyulub. Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa edilir. Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq. Bütün bunlar deməyə əsas verir ki, digər ərazilərimiz kimi, Suqovuşan da yeni dövrünü yaşayır.
Nəzakət ƏLƏDDİQIZI