Şuşa şəhəri 2024-cü il üzrə ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" adına layiq görülüb
Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESCO ilə də münasibətləri də möhkəm təmələ əsaslanır. Müstəqilliyini bərpa edən Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünə məruz qaldığı, informasiya-təbliğat imkanları zəif və məhdud olduğu zamanda ölkəmizin haqlı mövqeyi İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənib, təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açılıb. Hazırda Azərbaycan təşkilatının fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində iştirak edir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.
Qeyd edək ki, Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESCO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. Təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edən Azərbaycan təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişlənməsi prosesi son dövrlər daha intensiv xarakter almışdır. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu.
Bütün bu və ya digər amillər Azərbaycanın müsəlman dünyasında birlik və həmrəyliyinin nümayişidir. Cənab Prezidentin dəfələrlə bildirdiyi kimi, İslam sülh və qardaşlıq dinidir: "Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".
UĞURLU ƏMƏKDAŞLIQ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşü bu əlaqələrin davamlığına söykənir, Görüşdə Azərbaycanda keçirilən və dünyanın müxtəlif ölkələrindən çox sayda qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin önəmi vurğulanıb, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğu məkana çevrildiyi qeyd edilib.
Salim bin Məhəmməd əl-Maliki ötən həftə Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" adına layiq görülməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Azərbaycan Prezidenti bunu qardaşlığın və tərəfdaşlığın mühüm nümunəsi kimi dəyərləndirib, bu hadisənin bütün Azərbaycan xalqında xüsusi qürur hissi doğurduğunu bildirib.
Dövlətimizin başçısı Şuşada böyük bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini vurğulayaraq, burada digər obyektlərlə yanaşı, məscidlərin də artıq bərpa olunduğunu və bu prosesin davam etdirildiyini məmnunluqla diqqətə çatdırıb. Prezident İlham Əliyev bu cür genişmiqyaslı işlərin işğaldan azad edilmiş digər ərazilərimizdə də icra olunduğunu bildirib.
Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik ifadə olunub.
Əlbəttə ki, görülən işlər, bir daha deməyə əsas verir ki, ICESCO Azərbaycanın mövqeyinin hər zaman olduğu kimi, bu gün də dəstəkləyir.
Zümrüd BAYRAMOVA