Bakı iddialarında qətidir!
Qarabağın erməni sakinləri bilmirdilər ki, Azərbaycan hakimiyyəti onların hüquqlarını təmin etməyə hazırdır və onlar burada qalıb yaşaya bilərlər”.
Bunu ailəsi ilə birlikdə Qarabağı tərk edən erməniəsilli qadın deyib. O bildirib ki, Azərbaycandan heç bir təzyiq görməyiblər, əksinə, separatçı rejimin rəhbərlərinin əməlləri onları buna məcbur edib.
Niyə geri qayıtmayaq?
Qərarını və qayıdıb-qayıtmayacağını soruşduqda qadın cavab verib ki, Arayik Arutyunyan rejimi onları buna vadar edib. Onun sözlərinə görə, onlar Azərbaycan hökumətinin erməni əhalisinin bütün hüquqlarını təmin etməyə hazır olduğunu bilmirdilər: "Bizim bundan xəbərimiz yox idi. Bu barədə sizdən eşitmişik. Onda niyə geri qayıtmayaq? Təbii ki, bunu istərdik".
Qadının həyat yoldaşı isə xunta rəhbərindən şikayətlənərək Arayik Arutyunyan kimilərin “vurulmalı” olduğunu deyib. Qadın bildirib ki, ailəsi ilə Gorusda yaşayan anasının yanına gedir: “Üç gün yolda qaldıq. Nə yaxşı ki, azərbaycanlılar bizə kömək etdilər, su verdilər”.
Xankəndi diqqət altındadır
Yeri gəlmişkən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçılarının lideri Samvel Şahramanyanın Xankəndini tərk edəcəyi vaxt açıqlanıb. Bunu keçmiş saxta quruma məxsus "Telegram" kanalı məlumat yayıb.
"Ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün başladılan axtarış-xilasetmə əməliyyatları bitənə qədər qrupla birlikdə Xankəndidə qalacam", - xunta rejiminin rəhbəri deyib.
Bu arada separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın Qarabağı tərk edərək, Ermənistana getdiyi xəbərləri təkzib olunur.
Məlumata görə, separatçıların Ermənistana getdiyi məlumatını “Sputnik Ermənistan” yaymışdı. Lakin Ermənistanın digər media resurslarında bu məlumat təkzib olundu.
Gözləyək...
“Aravot” nəşri mənbələrinə istinadən bu separatçıların Qarabağda qaldığını yazıb.
“Məlumatlar təsdiqini tapmadı, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan və onun yanında olanlar hələ də Qarabağda qalır. Əldə etdiyimiz məlumata görə, bu gün keçiriləcək görüşdə Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın taleyinin həll olunacağı gözlənilir”, - nəşr yazıb.
Qeyd edək ki, erməni sakinlərin nümayəndələri ilə növbəti görüşün bu gün Xankəndində keçiriləcəyi gözlənilir.