Güneyli soydaşlarımızın haqq savaşı qələbə ilə başa çatacaq
2020-ci ildə Azərbaycan 30 il işğal altında olmuş torpaqlarını 44 günlük savaşla azad edib, dünya hərb tarixinə zəfər salnaməsi yazdı. Hansı ki, bu zəfər türk-müsəlman dünyasında yeni oyanışa və haqq savaşında qələbə qazanmaq ümidlərini artırdı. Sentyabrın 27-nə qədər müsəlman dünyasında elə fakir formalaşmışdır ki, onların milli problemlərinin həllində ciddi əngəllər var və bu əngəlləri aşmaqda böyük güclər hər cür maneələr yaradarlar. Bu baxımdan ümidsiz idilər, hətta gələcəyə baxışlarında narahat yanaşmalar mövcud idi. Lakin Azərbaycanın erməni faşizmini məhv edib parlaq qələbə qazanması dünyada ümidsiz baxışlarda bir ümid çırağı yaratdı. Ümummilli problemlər məngənəsində əzilən millətlər Azərbaycanın parlaq qələbəsindən ruhlanaraq qarşılarına qoyulan məqsədlərinə çatmaq üçün ayağa qalxmaqdadırlar. Fransanın müstəmləkəsi altında əzilmiş Nigeriyanın, Qabonun və Afrikanın müxtəlif xalqlarının ayağa qalxaraq azadlıqları uğrunda savaş aparmaları qeyd olunanlar misal ola bilər. Verilən məlumatlara görə, Qabonda hakimiyyəti ələ alan dövləti yenidən qurmaq, o cümlədən ölkənin ərazi bütövlüyünü, insanların və onların əmlakının təhlükəsizliyini qorumaq niyyətindədir. Bundan əlavə, qarşıya qoyulmuş vəzifələr qismində siyasi, iqtisadi və digər sahələrdə islahatların aparılması, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, insan hüquqlarının təşviqi və müdafiəsi kimi vəzifələr göstərilir. Nigeriyada Fransa müstəmləkəsinə qarşı xalqın mübarizəsi qələbə ilə başa çatdı. Artıq Nigeriya azad, müstəqil dövlətini qurmaqdadır.
Yaxın vaxtlarda Təbrizdə Güney Azərbaycanın bayrağı qaldırılacaq
Bütün bunlar qeyd etdiyimiz kimi, Azərbaycanın Qarabağda qazandığı parlaq qələbədən qaynaqlanır. Oyanış, dirçəliş, milli mücadilə Güney Azərbaycanında da davam etdiriləcəyi şübhəsizdir. Çünki güneyli soydaşlarımızın başladığı müstəqil dövlət quruculuğu yarımçıq qala bilməz. Əksinə, Azərbaycanın Qarabağda separatçıları və terrorçu hərbi birləşmələri məhv edib, suverenliyini bərpa etdikdən sonra güneyli soydaşlarımızın müstəqil dövlətiçilyini bərpa etmək mübarizələri daha qətiyyətli xarakter alıb. Hazırda davam edən və sürətlə genişlənməkdə olan etirazlarda onu deməyə əsas verir ki, yaxın vaxtlarda Təbrizdə Güney Azərbaycanın bayrağı qaldırılacaq. Dünyaca tanınmış, nüfuzlu “The Jewish Press” nəşri də o fikirdədir ki, hazırda müvəqqəti olaraq fars-molla rejiminin nəzarət etdiyi torpaqlarda Güney Azərbaycan dövləti qurulacaq. “The Jewish Press”də dərc edilən məqalədə o fikirdə vurğulanıb ki, etirazçılar Şimali Azərbaycanla birliyə doğru irəliləyəcək, Avropa Şurasına qoşulacaq, Qərb dəyərlərini qəbul edəcək, eyni zamanda, bölgədə sülh və sabitliyə öz töhfəsini verəcək müstəqil Güney Azərbaycanın qurulmasını arzulayırlar: “Nəticədə, zəifləyəcək molla rejimi ölkə əhalisinin 45%-ni təşkil edən azərbaycanlılardan bölgədə sabitliyi pozmaq üçün istifadə edə bilməyəcək. Bundan sonra azad, demokratik Güney Azərbaycan Dövləti yaranacaq”.
Güneylilərin azadlığa gedən yolunu molla rejimi dayandıra bilməyəcək
Fars-molla rejimi Təbrizdə Azərbaycan bayrağının dalğalanmasının qarşısını almaq üçün hər cür zorakı metodlardan istifadə edir. Azərbaycanlılar küçədən oğurlanıb zindanlara atılır, şərlənib həbs edilir, işdən çıxarılır, adi hüquq və azadlıqları belə pozulur. Yəni, fars-molla rejiminin azərbaycanlılara qarşı repressiya maşını gecə-gündüz dayanmadan işləyir. Lakin azadlığa gedən yolu heç bir qüvvə, o cümlədən molla rejimi dayandıra bilməyəcək. Artıq bütün dünya azərbaycanlıları, xüsusilə də, Bakıdakı ziyalılar, ictimaiyyət nümayəndələri güneyli soydaşlarımıza öz dəstəyini göstərməkdədirlər. Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Qarabağı erməni terrorçularından təmizləməklə müsəlman-türk dünyasına qürur yaşadan İlham Əliyevin güneylilərə dəstək ifadə etməsi Güney Azərbaycanında mübarizə əhaval-ruhiyyəsini daha da genişləndirib. Xatılatmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda demişdir: “Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq. Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç vaxt hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu, o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik”.
Fars-molla rejiminin iyrənc siyasəti bəşəriyyətin varlığına təhlükə hesab olunur. Yəni, molla rejimi öz xalqı üçün, əsasən də, güneylilər üçün nə qədər təhlükədirsə, bir o qədər də dünya üçün təhlükə mənbəyidir. Çünki bu rejim Ermənistan kimi terroru dövlət siyasətinə çevirib. Molla rejimi hər il terrorizmin maliyyələşməsinə 100 milyardlarla dollar vəsait ayırır. Suriyada, Əfqanıstanda, İraqda, Nigerdə, Afrikada və digər yerlərdə tökülən qanlarda fars-molla rejiminin əli və rolu var. Öz xalqı acından qırılır, yoxsulluq və aclıq içində inildəyir, terrora 100 milyard dollar pul xərcləyir. Ölkədə insan hüququ və azalıqlarının müdafiəsindən söhbət gedə bilməz. Addımbaşı insanlar təqib olunur, döyülür, təhqir olunur, zindanlara atılaraq çürüdülür. Azərbaycanın Milli Məclisin deputatı Nəsib Məhəməliyev bu barədə deyir: “İran və insan hüquqları…tam antoqonist fikirlərdir. Hansı insan haqlarından danışmaq olar ki, 21-ci əsrdə insanları küçələrdə qaldırıcı kranlardan asır, fərqli düşüncələrinə görə edam edirlər. Özünü dini lider adlandıran şəxs meydanlarda etiraz səslərini qaldıranlara qarşı amansız davranmaları barədə hərbçilərə əmr verir, səkkiz, doqquz yaşlı qız uşaqlarının siğə yolu ilə ərə verilməsini İslam dininə uyğunluğunu bəyan edir. Bir-iki saatlıq siğə ilə fahişəliyi stimullaşdırır. Bütün bunlar İslam deyil, əksinə, İslam adına ləkədir. İranın təbliğ etdiyi “dinin” əsl İslam dininə, müqəddəs Qurani-Kərimə heç bir aidiyyəti yoxdur. Bunun kökündə duran əsas səbəb fars-molla rejiminin hələ də Sasanilər imperiyasının darmadağın edilməsi ilə barışa bilməməsidir. Quranın saxtalaşdırılmasından tutmuş, dinə aidiyyəti olmayan çoxsaylı adət-ənənələrin, nağılların uydurulması bununla əlaqədardır. İranın İslam statusundan məhrum edilməsi ilə bağlı hüquqi mexanizm yoxdur. Belə məsələlər hər bir ölkənin öz işidir. İran onsuz da, antiinsani, antibəşəri siyasətinə görə 1979-cu ildən bəri beynəlxalq sanksiyalar altındadır. Yaxşı olardı ki, İslam Əməkdaşlıq Təşkilatı Ərəb Liqası, Afrika Birliyi kimi beynəlxalq təşkilatlar da İranın əcaib rejimi ilə hər hansı əməkdaşlıqdan imtina etsinlər. Hər kəsə bəllidir ki, İranın əsas amalı İslam dininin parçalanması, İslam ölkələrində anarxiyanın, xaosun yaradılmasıdır. İranın Yəməndə, İraqda, Suriyada, Livanda və başqa ölkələrdə törətdiyi cinayətlər xüsusi amansızlıqlarla, vəhşiliklərlə müşayiət olunmuş, milyonlarla insanın faciəsi ilə nəticələnmişdir. Din pərdəsi altında, “bismillahir-rəhmanirrəhim” kəlməsi ilə belə ağır cinayətləri ancaq İblis edə bilər”.
Dünyanın təhlükəsizliyi fars-molla rejiminin süqutundan keçir
Fars-molla rejiminin terrora daha çox üstünlük verməsi və daxildə öz xalqına qarşı zorakılıq etməsi dünyanın aparıcı dövlətlərini və beynəlxalq təşkilatlarını düşündürməkdədir. Təkcə bu rejimə sanksiyalar tətbiq etməklə işlərini bitmiş hesab etmirlər, əməli addımlar atmaqla terror yuvasını dağıtmağa çalışırlar. Lakin hesab edirəm ki, əməli addımlar Liviyada, Suriyada, İraqda həyata keçirilən hərbi müdaxilə formasında olmalıdır. Çünki molla rejimini iqtisadi, maliyyə sanksiyaları ilə sıradan çıxarmaq çətin olacaq. Bəlkə də nəticə əldə etmək olar. O mənada ki, molla rejimi maliyyə sanksiyaları səbəbindən ciddi problemlərlə üzləşəcək və nəticədə terror təşkilatlarına maliyyə yardımlarını dayandırmalı olacaq. Bu halda tərəflər arasında konfliktlər yaranacaq ki, nəticədə itirən tərəf molla rejimi olacaq. Ancaq bu da problemin həlli yolu deyil. Yalnız hərbi müdaxilə ilə terror rejimini məhv edib, dünyaya sülh və təhlükəsizlik bəxş etmək olar. Əks halda, bəşəriyyət sakit, təhlükəsiz yaşam tərzindən məhrum olacaq. Yəni, dünyanın istənilən dövləti hər an təhdidlərlə üzləşə bilər. Problemin həllinin digər yolu isə beynəlxalq təşkilatların və böyük güclərin 50 milyonluq güneyli soydaşlarımıza hərtərəfli dəstək göstəməlidirlər. İlk növbədə, yaranan Güney Azərbaycan dövləti rəsmən tanınmalı, onun strukturları ilə əməkdaşlıq edilməli, əhaliyə maliyyə və siyasi dəstək göstərilməlidir. Bu kimi vasitələrlə fars-molla rejimini çökdürüb, insanlığı beynəlxalq terrorizmdən xilas etmək mümkündür.
İ.ƏLİYEV