PDF Oxu

Siyasət

  • 2 494

Gəncə terroru: dinc sakinlərə yaşadılan faciələr TƏHLİL

image

Müasir dünyanın toqquşduğu əsas və təhlükəli problemlərdən olan terrorizmin acı nəticələrini Azərbaycan xalqı zaman-zaman yaşamışdır. Tarixdən məlumdur ki, "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilmişdir. Rəsmi mənbələrə əsasən, 1918-ci il soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Bu və ya digər terror aktları bir daha göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Mənfur qonşularımız bizə qarşı məkrli, çirkin niyyətlərini həyata keçirmişdilər.

TERROR AKTLARI – SƏNƏDLƏR VƏ RƏQƏMLƏR

Ötən əsrin 90-cı illərində ermənilər tərəfindən bir-birinin ardınca terror aktları törədiblər. Bu qırğın nəticəsində 613 nəfər həlak olub, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qocalar idi. 8 ailə tamamilə qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb ki, onlardan 76 nəfəri uşaq idi. Faciə zamanı 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Xocalıdan əvvəl və sonra da əzəli torpaqlarımızda ermənilər tərəfindən neçə-neçə faciə törədilib. 20 sentyabr 1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılması nəticəsində cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. Qısa bir şəkildə son xronologiyaya nəzər salsaq görərək ki, terror, sui-qəsd və hücum aktları kifayət qədər törədilib. 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndidə ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlanılıb. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılıb. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə, qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. 1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.
44 günlük Vətən müharibəsində xalqımız ermənilərin təcavüzkar siyasəti ilə bir daha üz-üzə qaldı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük Vətən müharibəsində beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu.

4 OKTYABR 2020-Cİ İL TERRORU

4 oktyabr 2020-ci il tarixində birinci dəfə OTR-21 TOÇKA ballistik raketindən Gəncə şəhəri birinci dəfə erməni terroristləri tərəfindən vuruldu. Onların hədəfləri mülki insanlar, yaşayış binaları oldu. Hücum nəticəsində bir nəfər öldü, 30 nəfər isə yaralandı. Bu raket hücumu müharibənin getdiyi ərazidən kənara edilən ilk ciddi hücum idi. Bu, yaşadığımız yüzillikdə bəşər sivilizasiyasının yüksək nöqtəsində baş verəmiş hadisədir. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı terror aktlarının, vəhşiliklərin, soyqırımların acı nəticələrini yaşamışdır. Ermənistan tərəfindən etnik terrora məruz qalmış Azərbaycan xalqına qarşı törədilən əməllər insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. 2020-ci ilin oktyabr ayında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanıb. Bombalanmalar 2020-ci il Vətən müharibəsi dövründə baş vermişdir. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.
Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb. Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində təkcə Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanmışdır. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılmışdı. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəymişdir.

"MÜLKİ ŞƏXSLƏRƏ, ƏLİYALIN İNSANLARA QARŞI QƏDDARLIQ GÖSTƏRMƏK ONLAR ÜÇÜN ADİ BİR ŞEYDİR"

Mülki əhaliyə atəş açmaq isə bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir. Ona görə də, Ermənistanın beynəlxalq qurumlar qarşısında cavab verməlidir. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın, dünya KİV-lərinin döyüş meydanında iştirak etdiyi bir zamanda baş verir.
Moskvada imzalanan humanitar atəşkəs rejimindən sonra Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması nəticəsində mülki obyektlərə və yaşayış məhəllələrinə aramsız atəşlər yağdırıldı. Çoxlu dağıntılar oldu, insanlar həlak oldu, yaralandı. Onların arasında uşaqlar və qadınlar da var. Gəncədə mülki insanların məskunlaşdığı əraziyə raket hücumu bir daha Ermənistanın günahsız insanları, uşaqları, qadınları hədəfə alaraq ardıcıl olaraq bu cür çirkin hücumlara əl atması onun faşizm xislətini və cinayətkar mahiyyətini bir daha sərgiləyir. Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu beynəlxalq sənədlərə ziddir və Ermənistan bu hərəkətə görə cavab verməlidir. Gəncədə yaşanılan matəm erməni təcavüzkarlığının əsl siması idi. Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, Ermənistanın bu çirkin siyasəti anlaşılandır: "Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür."

AZƏRBAYCAN XALQININ İRADƏSİNİ HEÇ VƏCHLƏ QIRMAQ OLMAZ

Gəncədə gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışır. Yatmış insanlara qarşı törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. "Biz düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağıq, daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağıq".
Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı və tarixi ədalət bərpa olundu. Təcavüzkar ermənilərin çirkin siyasətləri iflasa uğradı.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər