Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan üç rayondan biri olan Cəbrayıl Qubadlı və Zəngilan kimi 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Vətən müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman milli ordumuz tərəfindən işğaldan azad edilən ərazilərimizdəndir. 44 gündə düşmənin 30 il ərzində torpaqlarımızda qurduğu keçilməz barrikadalar yerlə yeksan olundu. 30 il işğal düşmən tapdağında inləyən, doğmasını gözləyən Qarabağımız anası Azərbaycana qovuşdu. Doğmalarının addım səsi ilə üzü güldü torpaqlarımızın. Bir-birindən gözəl, tarixi və mədəniyyət abidələri, yeraltı-yerüstü sərvətləri ilə zəngin olan yurd yerlərimiz öz sahiblərinə qaytarıldı.
Cəbrayılın qələbə müjdəsi
2020-ci il 4 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi: Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!
Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.
Bəli, Vətən müharibəsinin 7-ci günündə bu qədər böyük qələbənin əldə olunması heç də asan məsələ deyildi. Bütün bunlar dövlətimizin gücünü, ötən 20 ildə ölkənin iqtisadi vəziyyətinin yüksəlməsini, ordu quruculuğu üçün həyata keçirilən işlərin miqyasını göstərirdi. Və bir də xalqın birliyini, həmrəyliyini, böyütdüyümüz gənclərə əxz edə bildiyimiz Vətən sevgisini göstərirdi.
Həmin günlər bugünkü kimi gözlərimiz önündədir. Gecə-gündüz səfərbərlik idarələrinin qarşısı insanla dolu olurdu. Hər kəs cəbhəyə yollanmağa can atırdı. Torpaqların azad olunmasını-namus, şərəf məsələsini həll etməyə can atırdı. Cəbhədə yetərli qədər insanın olduğu bildiriləndə isə əlindən gələn yardımla cəbhəyə kömək etməyə çalışırdı. Bir sözlə, bütün xalq ayağa qalxıb Qarabağ məsələsinin-bu haqq işinin həllinə çalışırdı.
Azərbaycan 2020-ci ilin 44 günündə dünyaya elə bir həmrəylik, elə bir dövlət-xalq birliyi sərgilədi ki, Zəfərimizdən 3 il ötməsinə baxmayaraq hələ də həmin birlikdən tez-tez söhbət açılır.
Qədim mədəniyyət mərkəzi
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan bu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və sair yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.
Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri-dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif türbələr- Dağtumas kəndində XIII–XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.
23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmiş, yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuş, işğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.
Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.
Xudafərin körpüləri
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu-IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.
Tarixçilər yazırlar ki, Cəbrayılda nəinki təkcə Xudafərin körpüləri, eyni zamanda Azərbaycan memarlıq sənəti sahəsində mühüm yer alan bir çox monumental abidələr, qalalar, türbələr, məscidlər və sair var. Bu ərazilər Kür-Araz mədəniyyətinin təşəkkül tapdığı və Qədim Şərq mədəniyyətinin Qafqaza təsirində keçid məntəqələrindən, habelə qədim mədəniyyətlərin qovuşduğu yurd yerlərindən biridir.
Bu zənginlikləri özündə əks etdirən Cəbrayılın sentyabrın 27-də Böyük Mərcanlı, Nüzgar, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, 4-də Cəbrayıl şəhəri və Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal, 5-də Şıxəli Ağalı, Sarıcalı, Məzrə, 9-da Qaracallı, Süleymanlı, Əfəndilər, 15-də Doşulu, 19-da Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri və əhəmiyyətli yüksəklikləri, mövqeləri, bu ərazilərin fonunda isə Xudafərin işğaldan azad edildi.
Oktyabrın 18-də-Azərbaycanın Dövlət Müstəqilliyi günündə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. Həmin gün Xidafərinlə sanki üz-üzə dayanıb ona belə söylədim: Azadlığın, növrağın mübarək, Xudafərin. Nə gözəl tarix yazıldı aşırımlarına. Sən axı 1991-ci ildə əldə etdiyimiz müstəqilliyi doyunca yaşamamışdın. Üçrəngli bayrağın üstündə bərqərar olduğun Arazın sularındakı əksini ətrafındakı zirvəsi səmaya toxunan dağlara, sıldırım qayalıqlara yaya bilməmişdin. Bayrağın mübarək, azadlığın mübarək, Xudafərin. Sən Allaha səni yaratdığı üçün təşəkkür edirsən əsrlərdir. Biz azərbaycanlılar da Allaha səni bizə yenidən qovuşdurduğu üçün minnətdarıq, ey ulu yurdumuz, müqəddəs torpağımız Cəbrayılın göz bəbəyi...
Cəbrayıla yeni həyat gəlir
Düşməndən azad edilən torpaqlarımızın hər birində müharibə bitən gündən bərpa işləri gedir. Cəbrayıl rayonu da düşmənin daşı daş üstündə qoymadığı yurd yerlərimizdən biri olduğu üçün həyata keçirilən işlərlə yeni bir həyata doğru addımlamaqdadır.
Genişmiqyaslı bərpa işləri ilə Cəbrayıla 30 il əvvəlki çağlarından da gözəl görüntülər bəxş olunur. Cəbrayılda bu gün yollar abadlaşdırılır, qəsəbə və kəndlər salınır, məktəb, xəstəxanalar tikilir. Rayona elektrik enerjisi verilməsi üçün stansiyalar qurulur. Sənaye Parkı tikilir. Nəzərə alsaq ki, dövrümüz 30 il əvvəlkindən daha müasirdir, belə olan təqdirdə bu müasirliyin qədim torpaqlarımıza verəcəyi yenilikləri yaxın gələcəkdə görəcəyik. Qədimliyin fonunda müasirliyin tətbiqi isə hər biri turizm üçün böyük əhəmiyyətə malik torpaqlarımıza gələnləri heyran edəcək.
Cəbrayılda tətbiq olunanların hər biri yaxın gələcəkdə ata-baba yurdlarına qayıdacaq sakinlər üçün bütün yenilikləri əlçatan edəcək.
Dövlətimizin başçısı necə ki, ötən 20 ildə Qarabağın azad olunması üçün yorulmaz fəaliyyət göstərdi, Zəfəri xalqına nəsib etdi, bu gün də həmin torpaqların qədimliyini qoruyub saxlamaqla müasir formada bərpasına rəhbərlik edir. Bu isə bütün azad torpaqlarımıza təbii ki, yeni həyat gətirir...
Mətanət Məmmədova