PDF Oxu

Siyasət

  • 5 550

1993- cü il 3 oktyabr tarixi Azərbaycanın taleyində dönüş nöqtəsidir ŞƏRH

1993- cü il 3 oktyabr tarixi Azərbaycanın taleyində dönüş nöqtəsidir ŞƏRH

Hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur dayanır. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev məhz belə bənzərsiz, dahi şəxsiyyətlərdəndir. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev öz siyasi dühası, düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində unudulmaz izlər qoymuşdur. Böyük və ibrətamiz həyat yolu keçən ümummilli lider Heydər Əliyevin xalqı uğrunda görtərdiyi fədakarlıqlar unudula bilməz.

Məlum olduğu kimi, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra respublikada hökm sürən müxtəlif sosial-iqtisadi, siyasi problemlərin, xaos, anarxiya və daxili çəkişmələrin pik nöqtəyə çatdığı bir dövrdə, Azərbaycanın vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda xalqımızın gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. O zaman ölkəyə “rəhbərlik edən” qüvvələr belə Azərbaycanı düşürdükləri təhlükəli durumdan qurtarmaq üçün Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, 1993-cü il iyun ayının 9-da Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyində dönüş nöqtəsi oldu.

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik, onun gələcək müqəddərtını müəyyən edən mühüm başlanğıcların əsasının qoyulduğu günlərdən biri oktyabr ayının 3-nə təsadüf edir. Məhz bu tarixdə xalqımız özünün gələcək taleyini həll edən seçim etdi. 1993-cü il 3 oktyabr tarixdə ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səs çoxluğu ilə - 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli liderimiz Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın onun möhkəm siyasi iradəsinə, yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qanyanqlanırdı. Azərbaycan xalqı bilirdi ki, ağır və böhranlı dövrdə məhz Heydər Əliyev ölkəyə sahib çıxacaq. Hələ 1969-1982-ci illərdə Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə onun Azərbaycan üçün gördüyü misilsiz işlər, əldə edilən nailiyyətlər xalq tərəfindən unudulmamışdır. Həmin dövrdə həyatın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir və həmin dövr yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin tərəqqisi illəri kimi həkk olunmuşdur. Həmin dövrdə belə ümummilli liderimizin diqqəti daim Azərbaycanın üzərində olub, çoxsaylı vacib qərarların qəbulunda Azərbaycanın milli maraqlarını qoruyub və mənafeyini üstün tutub. 1987-ci ildə vəzifədən gedən Heydər Əliyevin qanlı yanvar hadisələrindən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında çıxış edərək Azərbaycanın haqq səsini dünyaya yayması və qanlı cinayəti törədənləri açıq aydın ifşa və tənqid etməsi onun siyasi arenadan uzaqlaşmadığını göstəricisi idi və bununla xalqın inamı ona daha da artmışdı.

Müdrik siyasətçi Heydər Əliyev öz dövlətçilik təcrübəsi və siyasi səriştəsi ilə Azərbaycanı xaosdan, anarxiyadan, vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən qurtardı, ikinci dəfə qazanılmış müstəqilliyimizin itirilməsinə yol vermədi, dövlətimizin varlığını qorudu.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etdiyi dövrdə Heydər Əliyev Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməlini qoymuş, ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul etmiş, Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirmişdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Gələcək müstəqil dövlətçiliyin milli atributlarından biri olan ana dilini məharətlə qoruyan böyük lider sonrakı fəalyyətində ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu.

Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, dünya azərbaycanlılarının birliyini təmin edə biləcək ən təsirli vasitə vahid ideologiyadır və bu baxımdan o, xalqı bir ideya, bir məqsəd ətrafında birləşdirmək üçün məhz “Azərbaycançılıq” ideologiyasını seçmişdi. Əbədi müstəqillik tarixi yazan Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Heydər Əliyev ölkənin inkişafı naminə gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tədbirlər və respublikanın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu qoruyub saxlamışdır.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, fəaliyyətinin bütün dövrlərində azərbaycanlı olması ilə fəxr edən, qürur və iftixar mənbəyimiz ulu öndər Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri azərbaycanşünaslığa böyük hədiyyədir. Zamanın sifarişinin bəhrəsi olan bu əsərlər xalqın tarixi salnaməsidir.

Azərbaycan xalqı yeni əsrə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla, bundan əlavə düşmənin istənilən təxribatına layiqli cavab verməklə və ən nəhayət 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı sübuta yetirmişdir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər