PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub"
"Qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə biz həyat tərzimizin bu faktorunu gücləndirmişik. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. Biz həqiqətən də bir ailə kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib və bu, onların qərarlarında öz əksini tapıb". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı bildirib.
Xüsusi ilə də dünaynın qarışıq bir dövründə bir məkanda yəhudilik, xristianlıq və islamın, eləcə də müxtəlif inancların qarşılıqlı hörmət şəraitində Azərbaycanda yaşaması yaşaması bu mühitin tolerantlığın hökm sürməsinə dəlalət edir. Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən, irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə firavan həyat sürməsinə imkan yaradıb. Bu məkanda bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq azad nəfəs alır, sərbət fəaliyyət göstərir. Ölkədə olan müxtəlif qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər vermiş olur. Bu gün Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir. "BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir" – deyə Prezident bildirib ki, ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır. Forum Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir. Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, Azərbaycanın qlobal arenada bu dəyərlərin təşviqində müvafiq rol oynayır. Bakıda keçirilən bütün beynəlxalq tədbirlər kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından, əhəmiyyəti yüksək qiymətləndirilir.
Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına yüksək önəm verdiyini bir daha ortaya qoymuş olur. Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, Gənclər siyasəti üzrə I Qlobal forumu, Caz Festivalı, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu kimi mühüm əhəmiyyət kəsb edən tədbirləri təşkil olunmasına Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi, yüksək imici buna səbəbdir. Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan təşkilatçılıq, təhlükəsizlik, iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya tədbirlər yüksək səviyyədəddir. Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması digər ölkələrlə rəqabətdə üstünlüyə gətirib çıxarır.
"BU GÜN BİZ ÜFÜQLƏRİMİZİ GENİŞLƏNDİRİRİK"
Bu və ya onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. "Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin bizə həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab edirik", - deyə Azərbaycan Prezidenti çıxışında qeyd edib. Müasir dünyanı narahat edən məsələlər də, ölkəmizdə müzakirə olunur. Dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından keçirilən tədbirlərdə ölkələrin təmsilçiləri və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiya həyata keçirilir. Qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə qurulması yolları müzakirə edilir. Dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir. Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, Azərbaycanın qlobal arenada bu dəyərlərin təşviqində müvafiq rol oynayır.
MULTİKULTURAL MÜHİTİN MÖVCUDLUĞU
Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub. Ölkəmizdəki multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycanın azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar. Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq azad nəfəs alır, sərbəst fəaliyyət göstərir. Azərbaycan ərazisində məscidlərin, pravoslav, katolik, gürcü-pravoslav kilsəsi, sinaqoq və digər ibadət yerləri fəaliyyəti multikultural mühitin mövcudluğuna tam əsaslanır.
FƏRQLİ DİN VƏ MƏDƏNİYYƏTLƏRİN QOVUŞUĞUNDA
Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlıq göstərib və bu gün də bu ənənə qorunub-saxlanılır. Dünyada terror, ksenofobiya, irqçiliklə bağlı münaqişələr baş verdiyi halda, birgə yanaşı yaşamaq haqqında təsəvvürlər, məhz bizim ölkədə genişlənir. Bir daha aydın olur ki, Azərbaycan əsrlərdir fərqli din və mədəniyyətlərin qovuşuğunda yerləşir, ölkədə tarix boyu tolerantlıq və multikulturalizm mövcud olub, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada sülh şəraitində birgə yaşayıblar. Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrindən bəhrələnməli, dünyanı buxovlayan qərəzli çıxışlara qarşı birgə iradə nümayiş etdirməlidirlər. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Nəzakət ƏLƏDDİNQIZI