Qarabağ və Şərqi Zəngəzurda dini tarixi abidələrimiz yenidən qurulur
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Fond təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş aksiyalar həyata keçirir. Bu humanitar və mədəni tədbirlər, artıq beynəlxalq məkana bəlli olan həqiqətdir.
Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biri də ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasıdır. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi əsasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələr bərpa edilərək, istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin yeni binasında yaradılan şəraiti də bura əlavə edə bilərik. Qeyd olunan layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb. Layihənin digər tərkib hissəsi "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzi inşa olunub. Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycanda görülən işlər, məhz müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsi təmir və bərpa olunmuşdur. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Heydər Əliyev Fondu xristian aləminin incəsənəti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da nümunəvi tərzdə parlamasına öz töhfəsini verir. Dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də, elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir.
DAĞINTILARA MƏRUZ QALMIŞ İBADƏT YERLƏRİMİZ
Damarlarında azərbaycanlı qanı qövr edən Böyük Ziyalının işığında Azərbaycanın hər bir bölgəsində əməyini, layihələrini görürük. Bu hər kəsi qürurlandırır. Mehriban xanım bütün fəaliyyəti dövründə xalqın maraqlarını əsas götürərək, ictimai, sosial layihələri ilə öz ətrafında böyük imic formalaşdırıb. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək, işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işlərində Mehriban xanım Əliyevanın da həyata keçidiyi layihələr töhfəsini verməkdədir. Artıq bu işlərin ilkin addımlarını və reallaşan layihələri görürük. Heydər Əliyev Fondu məscidlərin təmirini öz üzərinə götürüb. Qeyd edək ki, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bildirmişdir. Mehriban xanımın göstərişi ilə icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən gələn mütəxəssislər bu gün də iştirak edirlər. Bildiyimiz kimi, Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşdı və istifadəyə verildi. Həmçinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Fondun dəstəyi ilə Şuşa şəhərində yenidən ucaldılıb. Minlərlə qədim, tarixi tikiliyə, dini, milli abidəyə yeni həyat verən Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpası üçün işləri davam etdirir. Fondun həyata keçirdiyi layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.
ÖLKƏ ƏHƏMİYYƏTLİ TARİXİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİ YENİDƏN QURULUR
Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir. Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunmağa başlanıldı. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Artıq Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı oldu. Qeyd edək ki, məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilib.
Bununla yanaşı, Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışı olub. Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı.
İşğaldan azad olunan ərazilərimizdə dini abidələrin təmir və bərpası davamlı olaraq həyata keçirilir. Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işləri başlanılıb. Zəngilanda inşa olunan məscidin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub. Ötən müddətdə yeni məscidin layihəsi işlənilib və tikintiyə başlanılıb. Məscidin inşası "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Hazırda məscidin daxili interyerində işlər davam etdirilir, o cümlədən ərazidə abadlaşdırma işləri aparılır. Layihənin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur.
Erməni silahlılarının işğalı altında olduğu illərdə Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış ibadət yerlərinin bərpası üzrə işlərin bir qismi artıq başa çatdırılıb. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçəlir.
Zümrüd BAYRAMOVA