Aleksey Fenenko: “Qərb antiazərbaycan bəyanatlarla Bakını qorxutmağa çalışır, amma Azərbaycan qorxmayacaq”
Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi ilə bağlı fikirlərini “Moskva-Baku” portalına şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Aleksey Valeriyeviç, Ermənistan parlamenti Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edib. Rəsmi Moskva artıq bəyan edib ki, bu, “səhv addım, strateji cəhətdən düzgün olmayan qərardır və ilk növbədə Ermənistan və onun vətəndaşları üçün problem yaradacaq”.
- Bu, Rusiyaya qarşı son dərəcə qeyri-dost addımdır. Bu, İrəvanın Moskvadan qisası, meydan oxumasıdır: Ermənistan Rusiya liderinin həbsinə order verən təşkilata açıq şəkildə qoşulduğunu göstərir. Bundan qeyri-dost addımı təsəvvür etmək mümkün deyil. Belə çıxır ki, prezident Ermənistana gəlsə, ona qarşı təxribat törədilməyəcəyinə heç kim təminat verməyəcək.
Bu, həm də Ermənistanın Rusiyadan qisasıdır, deyirlər, siz qondarma “Artsax” uğrunda müharibədə bizi müdafiə etmədiniz və indi sizə belə cavab veririk. Və bu həm də Ermənistanı Rusiyadan ayırmaq üçün Qərb ssenarisinin həyata keçirilməsinin davam etdirilməsi və Cənubi Qafqazda daha bir anti-Rusiya ocağının yaradılması cəhdidir.
Yeri gəlmişkən, görürük ki, Ermənistanda hakimiyyət Rusiya telekanallarının televiziya şəbəkəsindən çıxarılması ilə bağlı növbəti bəyanat dalğası yayıb.
Sual yaranır: Ermənistan KTMT-dən planlaşdırılmış şəkildə çıxdıqdan sonra nə etmək niyyətindədir?
Ermənistan KTMT-dən, Aİİ-dən çıxıb nümayişkaranə şəkildə Rusiyadan üz döndərsə belə, İrəvanda Qərbin onlara əməli dəstək verəcəyini düşünürlərmi? Bu baş verməyəcək. Onlar amerikalıların və avropalıların gəlib onları qoruyacağına ümid etməyə davam edirlər. Gələcəklər... Bəs qoruyacaqlarmı? Yox. Ermənistanın özü haqqında tamamilə fantastik təsəvvürləri var. Son 30 ildə Ermənistan özünü əmin etdi ki, o, bütün dünyaya məxsus bir növ unikal sivilizasiyadır. Bundan yeni Ukrayna hazırlanır.
Bayden Samanta Pauer vasitəsilə Paşinyana məktubu təhvil verib, təhlükəsizlik və hərbi sahədə əməkdaşlığı gücləndirməyi təklif edib. İndi Qərb aktiv şəkildə maliyyəni Qarabağ ermənilərinə yönəldir. Daha doğrusu, bunlar Paşinyan və komandası üçün Rusiyadan tam qopma ssenarisini həyata keçirmək üçün tranşlardır. Növbəti addım KTMT-dən çıxmaqdır. Nəhayət, Ermənistan nə vaxtsa oynanan karta çevriləcək.
Roma Statutunun ratifikasiyası da anti-Azərbaycan addımıdır. Ermənistan regionda öz düşmənlərini yaradır. Özünü məhv etməyə gedir. O, sülh istəmir. Qərb Ermənistanın inkişafına yox, ondan istifadə etməyə daha çox diqqət yetirir. Nəhayət Rusiya ilə dalaşsa, necə yaşayacaq? Burada dövlət maraqlarından əsər-əlamət yoxdur.
Son illərdə Ermənistan mümkün olmayanı etdi- Rusiyaya yaxın ölkədən uzaq ölkəyə çevrildi. Bu anti-diplomatiyadır. Hələ bunu bacarmalısan.
Eyni zamanda, ABŞ-da Ermənistana aid planlarla bağlı konsensus yoxdur. Bəzi qüvvələr deyir: “Qoy Ermənistan KTMT-dən çıxsın, sonra orada bazalar açaq”. Digərləri deyirlər: “Ermənistan KTMT-dən çıxmalıdır, amma biz bazanı açmayacağıq, çünki İran və Türkiyə yaxınlıqdadır. Çox risklidir. Üstəlik, coğrafi baxımdan bu Ermənistana necə çatmaq olar”.
Avropa Şurasının rəhbəri Şarl Mişel Bakının Aİ ilə münasibətlərinin çətin olduğunu açıqlayıb. Çünki Azərbaycan onların manipulyasiya etdiyi Ermənistandan fərqli olaraq Qərb üçün çox sərtdir.
Qərb Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilməyəcək. Çünki ona çox ehtiyacı var. Aİ-nin Azərbaycan qazından nə dərəcədə asılı olduğu məlumdur. Ona görə də Avropa İttifaqı təkbaşına zərbə endirməyəcək. Böyük Britaniyanın Azərbaycandakı neft biznesi ilə necə bağlı olduğu məlumdur.
Xarici işlər nazirinin yenidən Ermənistana dəstək üçün gəldiyi ermənipərəst Fransa ayrı söhbətdir. Amma Paris də Bakıya qarşı təkbaşına heç nə edə bilməyəcək. Bu ancaq Fransanın özünü ləkələyir.
Amma eyni zamanda, Bakını nəzarətdə saxlamaq istərdilər, ona görə də vaxtaşırı antiazərbaycan bəyanatlar verirlər- qorxutmağa çalışırlar. Amma Azərbaycan qorxmayacaq.
Azərbaycan Qərb üçün çox müstəqil ölkədir. Amma Qərb Bakını öz təsirinə salmaq istəyir. Amma bu işləməyəcək. Azərbaycan müstəsna olaraq öz milli maraqlarını güdür. Bundan başqa, o, Rusiyaya qarşı getməyəcək. O, Qərbin revanşist əhval-ruhiyyəsində olan ermənilərə necə kömək etdiyini çox gözəl görür.
- ABŞ ədalətli vasitəçi kimi maskalanır, amma Dövlət Departamenti Qarabağ üçün müəyyən statusun müəyyənləşdirilməsinin zəruriliyi məsələsini yenidən gündəmə gətirib. Məsələ artıq həll olunub... lakin ermənilərin hüquqlarına və təhlükəsizliyinə riayət olunmasına nəzarət edəcək daimi əsasda beynəlxalq missiyanın Qarabağa göndərilməsi ideyasını təbliğ etməkdə davam edir...
- Amerikalılar Ermənistana göstərmək istəyirlər ki, onlar onun tərəfindədirlər. Onlar göstərmək istəyirlər ki, bəli, biz sizinləyik, sizi dəstəkləyirik. Amma heç kim onlara real yardım göstərməyəcək. Sözlərlə hərəkət edirlər. Qarabağda beynəlxalq missiya real deyil.
- Ermənistan-Azərbaycan prosesində növbəti mərhələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Bu, Cənubi Qafqazın daha təhlükəsiz olması baxımından son nöqtə olardı. Bəs Ermənistan, xüsusən də Rusiya ilə münasibətlərdə yaranan vəziyyəti nəzərə alaraq bununla razılaşacaqmı?
- Aydındır ki, Azərbaycan son illərdə bütün çətinliklərin öhdəsindən gəldiyi kimi bunun da öhdəsindən gələcək. Amma həqiqətən də Ermənistanla Azərbaycan arasında sülhün hüquqi müstəvidə bərqərar olması məsələsi vacibdir. Bu, yenə də bizə hansısa yolla beynəlxalq hüquqa müraciət etməyə imkan verəcək. Bəli, Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və daha ciddi və mürəkkəb bir prosesə (xüsusən də antiazərbaycan kampaniyası fonunda bunu beynəlxalq ictimaiyyətə müsbət mənada nümayiş etdirmək baxımından) tam qərq olub. Qarabağ ermənilərinin Azərbaycan Respublikasının hüquq sahəsinə reinteqrasiyası məsələsi də var. Amma Azərbaycan əminəm ki, Rusiyanın da köməyi ilə istənilən mənfi hadisələrin öhdəsindən gələ biləcək.
Məncə, Paşinyanın sülh imzalamağa razılıq verəcəyi ehtimalı azdır. Onun tarixə sülhməramlı lider kimi daxil olmaq vəzifəsi yoxdur. Bu, heç cür mümkün deyil. Və sülh müqaviləsi imzalamağa razı olsa, çalışacaq ki, bu, Rusiyanin vasitəçiliyi ilə olmasın. Düzdür, bu, ona çox baha başa gələ bilər.
Bəyanatlara əsasən, Rusiya Azərbaycanla Ermənistan arasında sülh prosesində ən adekvat vasitəçi kimi görünür. İndiki şəraitdə çətin ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında Moskvanın vasitəçi olmasını istəsin. Paşinyan Putin və Rusiya ilə münasibətləri gərginləşdirməyə davam edəcək. O, artıq, əvvəllər proqnozlaşdırıldığı kimi, qışqırır ki, Rusiya bizə xəyanət edib və biz yeni tərəfdaşlar axtarırıq. Bəli, Rusiyanın vasitəçiliyi ilə sülh imzalanmasa, bu onun üçün yumşaq desək, o qədər də yaxşı olmayacaq. Qərb isə bunu çox gözəl başa düşür və Rusiya üçün bundan sonra da diskomfortlu vəziyyət yaratmaq üçün hər şeyi edəcək. Bəli, indi Cənubi Qafqazda nüfuz uğrunda mübarizə gedir. Və bunlar çox ciddi proseslərdir.
Tərcümə - Elçin Bayramlı