Əhalinin rifah halının daha da yaxşılaşdırılması, bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsi, ölkəmizdə sosial müdafiə sisteminin etibarlılığının ən yüksək səviyyəyə çatdırılması Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas hədəflərindən biridir. "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilən "DOST" mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində inqilab yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir. Ölkəmizdə bu və ya digər lahiyələrin reallaşması onu göstərir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər insanların rifahının daha da yüksəlməsinə yönəldilib. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Təbii ki, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi də qarşıya qoyulan məqsədlər sırasında yer alıb. Bu gün ölkəmizdə "ASAN xidmət" mərkəzləri kimi DOST mərkəzlərinin də sayı artır.
DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə Azərbaycan bu sahədə də öz sözünü demiş oldu. Fəaliyyətində sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri qısa zamanda vətəndaşlarımızın etibarını qazanıb. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST konsepsiyası çərçivəsində istifadəyə verilən mərkəzlər vətəndaşlarda məmnunluq yaradıb. DOST konsepsiyası çərçivəsində istifadəyə verilən mərkəzlərdə vətəndaşlar məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla müxtəlif adda xidmətdən rahatlıqla yararlana bilirlər. DOST mərkəzlərində sosial sahələr üzrə 159 xidmət "bir pəncərə"dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur. DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görülüb, bir sıra ölkələrin də DOST təcrübəsini tətbiq etməkdə maraqlı olduğu diqqəti çəkir. DOST Agentliyinin "Könüllü DOST" proqramı "Gənc DOST", "Gümüşü DOST", "Korporativ DOST", "İnklüziv DOST" və "Distant DOST" altproqramlarını əhatə edir. Könüllülər mərkəzlərdə vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsinə dəstək verirlər. Proqrama indiyədək 100 minədək müraciət daxil olub, 4 minə yaxın şəxs proqramda iştirak edib. Pensiya yaşına çatmış şəxslərin cəmiyyətə reinteqrasiyası, yaşlı şəxslərin asudə vaxtının səmərəli təşkili məqsədilə təşkil olunan "Gümüşü DOST" altproqramı xüsusi maraq doğurub.
Bu ilin yanvar-avqust aylarında DOST mərkəzləri tərəfindən 460 min vətəndaşa xidmət göstərilib və DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz təşkil edib.Hazırda fəaliyyət göstərən 7 DOST mərkəzində sosial sahələr üzrə 159 xidmət "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ şəkildə təqdim olunur. Ötən dövrdə həmin mərkəzlərdə ümumilikdə 1,7 milyon vətəndaşa xidmət göstərilib. "Könüllü DOST" proqramına isə son 8 ayda 18,5 min müraciət olub və proqrama daha 1002 nəfər cəlb edilib. Dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Fəaliyyət göstərən DOST mərkəzləri vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir.
Nəzakət Ələddinqızı