PDF Oxu

Siyasət

  • 4 621

Cəbrayıl şəhəri Böyük Zəfərin müjdəçisi idi ŞƏRH

Cəbrayıl şəhəri Böyük Zəfərin müjdəçisi idi ŞƏRH

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatlara cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlanan və 44 gün davam edən Vətən Müharibəsində düşmən tapdağından azad olunan ilk şəhərimiz Cəbrayıl şəhəri, o cümlədən Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri olmuşdur. Hər bir cəbrayıllı həmin günü yaxşı xatırlayır. Müharibə başlayan gündən hər bir azərbaycanlı səbirsizliklə ekran başında və sosial şəbəkələrdə ön cəbhədən gələn xəbərləri, xüsusilə də, Ali Baş Komandan cənab İlham Əliyevin növbəti çıxışını gözləyirdi. Döyüşlərin 8-ci günü, 04 oktyabr 2020-ci il tarixdə dövlət başçımız xalqa müraciət edərək daha bir müjdəli qələbə xəbərini verdi: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Oktyabrın 4-dən etibarən Azərbaycanın şanlı bayrağının dalğalandığı Cəbrayılın 1 şəhər və 80 kəndi Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilib. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış həmin günlərdə yaşanan hislər möhtəşəm idi.

17 iyun 1964-cü ildə yaranmış Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən rayon 362 nəfər şəhid verib, 191 nəfər sağlamlığını itirib, 91 nəfər əsir və itkin düşüb. Erməni işğalçılarına qarşı döyüşlərdə Cəbrayıldan olan 6 nəfər göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayılın ərazisi mərmər, mişar daşı, sement və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi (hətta neft) yataqlarının olduğu da bəllidir. İşğaldan öncə rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışırdı. Rayonun Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı.

İşğal dövrünə qədər rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq, mağara, qəbirüstü abidələrlə zəngin olub. Cəbrayıl şəhərində Ağoğlan nekropolu, Sirik kəndində Qala bürcü, Xələfli qəsəbəsində Qız qalası, Dağ Tumas kəndində Divlər sarayı, Tatar kəndində Siklop tikililəri, Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri, Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri, Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr, Şıxlar kəndində dairəvi türbə, XVI və XIX əsrlərə aid məscidlər işğal illərində məhv edilib. Abidələri, dağı, daşı, təbiəti məhv edərək hər şeyi silmək istəsələr də tarixi silə bilməyiblər, o ərazilərdə bizim əcdadlarımızın izi var. Bu izlər isə Zəfər izimiz kimi silinməzdir!

Ermənilər 27 il ərzində işğalda saxladıqları bu əraziləri vəhşicəsinə dağıdıb, şəhər, qəsəbə və kəndləri viran etmiş, evləri, məscidləri, bütün infrastrukturu məhv edib, təbiətə ağır ziyan vurmaqdan çəkinməyiblər. Meşələr qırılıb, çayların suyu çirkləndirilib, hətta əraziləri boşaldanda belə meşələrə od vurulub. 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 8 xəstəxana ermənilərin vandallığına uğrayaraq dağıdılıb. İşğal dövründə Ermənistan Cəbrayıla 13,928 milyard ABŞ dolları dəyərində ziyan vurub.

İşğaldan azad olunan ilk şəhər olduğu kimi, “Böyük Qayıdış”a da Cəbrayıl rayonu ərazisindən başlamışdı. Hələ 5 yanvar 1994-cü il tarixdəki məşhur Horadiz əmə­liy­yatı zamanı rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Lakin ətrafdakı yüksəkliklərdə düşmən qüvvələri olduğu üçün kənddə yaşayış mümkün olmayıb. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlı Böyük Qayıdışın ilk qaranquşu kimi tarixə düşüb.

Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu. Prezident Cəbrayıl şəhərində və həmin ərazidə yerləşən qədim tarixi Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu abidə körpüdə Azərbaycan bayrağının dalğalanmasının böyük tarixi, siyasi önəmi vardır.

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev ötən 3 ildə Cəbrayıla dörd dəfə səfər edib, bayraqucaltma, təməlqoyma və açılış mərasimlərində, digər tədbirlərdə iştirak edib, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İB-nin birgə servis mərkəzinin təməlqoyma mərasimi, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi, 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyanın açılışı, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi, ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi və s. Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilib. Səfər zamanı Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident cənab İlham Əliyev çıxışı zamanı bildirib ki, müharibənin birinci həftəsində rayon mərkəzinin azad edilməsinin böyük rəmzi mənası var idi. Bu qələbə şanlı ordumuza öz tarixi missiyasını digər yerlərdə də icra etməsi üçün əlavə güc və inam verdi.

26 noyabr 2022-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 23 minə yaxın hərbi qulluqçusu dövlət başçısının müvafiq Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Bu barədə ilk Sərəncam 24 dekabr 2020-ci ildə verilib.

44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həm siyasi, həm diplomatik arenada, həm də sərkərdə kimi öz məharətini göstərdi. Ali Baş Komandan tərəfindən bütün istiqamətlər üzrə təhlil edilərək verilən doğru qərarların Azərbaycan Ordusu tərəfindən operativ şəkildə praktiki yerinə yetirilməsi onu göstərir ki, Ali Baş Komandan müharibəni məharətlə idarə edərək bizi qələbəyə gətirib çıxardı. Ordunun müasir silahlarla təchiz olunması da burada böyük rol oynadı. Unikal əks hücum əməliyyatı ilə hərb tariximizə altun səhifələr yazıldı.

Bəli, şanlı ordumuz 30 ilə yaxın gözümüzün kökünü saraldan həsrətə qısa müddət içində son verdi. Doğma Vətən torpaqları uğrunda canından keçən, sağlamlığını itirən oğullarımız ölkəmizin şanını-şərəfini qorudu, qürurunu özünə qaytardı! Bu gün qarşımızda ciddi vəzifələr durur. Qələbəni qorumaq onu əldə etmək qədər çətindir. Biz əminik ki, xalqımız hər zaman bu istiqamətdə səylərini davam etdirəcək. Bizi heç kim və heç nə öz haqq yolumuzdan, haqlı davamızdan saxlaya bilməzdi! Bilmədi də!

Günay Məmmədli

YAP Yasamal rayonu, “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər